İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank pulu hara yatırdığını açıqladı

Daşınmaz əmlak, o cümlədən qızıl kimi digər aktiv növlərinə hələ ki investisiya edilmir

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya siyasətini açıqlayıb. AMB-dən bildirilib ki, konservativ investor kimi yalnız sabit gəlirli qiymətli kağızlara investisiya edilir. Bu baxımdan səhm, daşınmaz əmlak, o cümlədən qızıl kimi digər aktiv növlərinə hələ ki investisiya edilmir.

Mərkəzi Bankın valyuta aktivlərinin cari bölgüsünə gəldikdə bildirilib ki, bu, əsasən investisiya reytinqli dövlət və kvazi-dövlət istiqrazlarından, habelə pul bazarı alətlərindən ibarətdir. 

Qeyd edək ki, bu il iyul ayının 31-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 765.7 milyon ABŞ dollarına çatıb ki, bu da 2015-ci ildən sonra ən yüksək göstəricidir.

2023-cü ilin yekunlarına dair hesabatdan aydın olur ki, ötən il Mərkəzi Bank, nəhayət ki, mənfəətə çıxıb. Belə ki, qurum 2021-ci ili 162 milyon 746 min manat, 2022-ci ili 63 milyon 955 min manat zərərlə başa vurmuşdu. 2023-cü ilin yekununda isə 349.113 milyon manat xalis mənfəət əldə edib. Eyni zamanda Mərkəzi Bankın illik cəmi məcmu zərəri 2021-ci ildə 201 milyon 724 min manat, 2022-ci ildə 195 milyon 246 min manat olmuşdu.

2021-ci ildə Mərkəzi Bankın faiz gəlirləri 131 milyon 227 min manat, 2022-ci ildə 221 milyon 20 min manat, 2023-cü ildə isə 515.327 milyon manat (əvvəlki ilə nisbətən 2.3 dəfədən çox) təşkil edib. Faiz xərcləri isə 2022-ci ildə əvvəlki ildən 0,9 faiz çox olmaqla 167,928 min manat, 2023-cü ildə 299.649 milyon manat (1.8 dəfə çox) təşkil edib.

2021-ci ildə Mərkəzi Bank 20 milyon 488 min manat, 2022-ci ildə 32 milyon 421 min manat, 2023-cü ildə isə 28.371 milyon manat (12.5 faiz az)  haqq və komissiya gəlirləri də əldə edib.

2023-cü ildə AMB-nin öhdəlikləri 11.2 faiz artaraq 33 milyard 239.248 milyon manat təşkil edib. Dövriyyədə olan əsginasların və sikkələrin həcmi 17.7 faiz artaraq 17 milyard 318.195 milyon manata çatıb. AMB-nin kredit təşkilatları qarşısında öhdəlikləri 5.7 faiz artaraq 6 milyard 521.107 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 12.2 faiz azalaraq 3 milyard 759.175 milyon manat, BVF ilə əməliyyatlar üzrə öhdəlikləri isə cüzi artaraq 1 milyard 211.857 milyon manat olub.

İl ərzində qurumun balans kapitalı 1.6 dəfə artaraq 1 milyard 554.215 milyon manata çatıb. Nizamnamə kapitalı isə 500 milyon manat rəqəmində dəyişməz olaraq qalıb.

Ötən il Mərkəzi Bankın haqq və komissiya xərcləri 3.330 milyon manat (10.0 faiz az), sair inzibati və əməliyyat xərcləri isə 113.320 milyon manat (1.6  faiz az) olub. AMB-nin maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 47.892 milyon manat (18.9 faiz az), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə gəlirləri 34.465 milyon manat (əvvəlki ildə zərər olub), qiymətli kağızlarının realizasiyası üzrə gəlirləri 101.931 milyon manata (əvvəlki ildə zərər olub) çatıb. AMB-nin qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 470 min manat (39.4 faiz az), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 13.548 milyon manat (3.0 dəfə çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri isə 48.801 milyon manat (əvvəlki ildə zərər olub) təşkil edib. Bu dövrdə ehtiyatların yaradılmasında 25.137 milyon manat məbləğində zərər tanınıb (əvvəlki ildə ehtiyatlar bərpa edildiyindən gəlir tanınıb).

Hesabatda 2023-cü il ərzində AMB tərəfindən dövlət büdcəsinə vəsait köçürülmədiyi qeyd olunub.

2023-cü ildə AMB tərəfindən əməkdaşlara sərf olunan xərc 37.241 milyon manat təşkil edib. Bu, 2022-ci illə müqayisədə 14.6 faiz çoxdur. Cari ilin yanvar ayının 1-nə AMB-nin torpaq, tikili və avadanlıqlarının dəyəri 353.449 milyon manat olub. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 22.8 faiz artıqdır.

Ümumilikdə isə ötən il Mərkəzi Bankın effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 482 milyon 523 min manat, sair faiz gəlirləri 32 milyon 804 min manat, faiz xərcləri 299 milyon 649 min manat təşkil edib.

Mərkəzi Bank Milli Məclisə qanun layihəsi göndərəcək

İllik müqayisədə effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 277 milyon 2 min manat (2,3 dəfə), sair faiz gəlirləri 17 milyon 305 min manat (2,1 dəfə), faiz xərcləri 131 milyon 721 min manat (78 faiz) artıb.

Maliyyə Nazirliyinin açıqladığı məlumatdan aydın olur ki, bu ilin birinci yarısında Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından dövlət büdcəsinə 250 milyon manat daxil olub. “Mərkəzi Bank haqqında” Qanuna əsasən hesabat ilinin mənfəəti ilk növbədə Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılmasına yönəldilir. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna) köçürülür. Bu isə o deməkdir ki, cari ilin ilk yarısında büdcəyə köçürülən vəsait 2023-cü ildə Mərkəzi Bankın əldə etdiyi xalis mənfəətin sərbəst qalığıdır. 

Xatırladaq ki, 2017-ci ildə Mərkəzi Bankın xalis mənfəətinin sərbəst qalığı kimi hesablanan 1 milyard manat dövlət büdcəsinin təminat fonduna köçürülüb, onun 800 milyon manatı bilavasitə büdcəyə daxil edilib. AMB bir də 2020-ci ildə əldə etdiyi mənfəət hesabına 2021-ci ildə dövlət büdcəsinə 250 milyon manatlıq köçürmə edib. 2021-2022-ci ilər zərərlə başa vurulduğuna görə büdcəyə hər hansı köçürmə edilməyib.

Mərkəzi Bankın audit yoxlamasından keçmiş hesabatından aydın olur ki, onun aktivləri aşağıdakı qiymətli kağızlara investisiya edilir: 

- Qeyri-rezident agentlik notları. Bu notlar Avropa, Asiya və Amerikanın maliyyə agentlikləri tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir.

- Beynəlxalq maliyyə qurumları tərəfindən buraxılmış notlar. Bu qiymətli kağızlar Avropa, Asiya, Afrika və Amerikanın beynəlxalq təşkilatları tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir.

- Xarici dövlətlərin xəzinədarlıq notları. Xəzinədarlıq notları müxtəlif inkişaf etmiş ölkələrin xəzinədarlıqları tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir.

- Qeyri-rezident yerli hakimiyyət orqanları və bələdiyyə istiqrazları. Bu istiqrazlar Almaniya, Yeni Zelandiya, Kanada, İsveç, Yaponiya, Danimarka və Hollandiyanın yerli hakimiyyət orqanları tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir.

- Korporativ istiqrazlar. Bu istiqrazlar müxtəlif ölkələrin korporasiyaları tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir.

- Xarici dövlət istiqrazları. Bu istiqrazlar “Bank of England” və Çin Hökuməti tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir. 

- İpoteka ilə təmin edilmiş ABŞ istiqrazları. Bu ipoteka ilə təmin edilmiş istiqrazlar Federal Milli İpoteka Assosiasiyası (FNMA), Dövlət Milli İpoteka Assosiasiyası (GNMA) və Federal İpoteka Kredit Korporasiyası (FHLMC) tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir.

- İpoteka ilə yüklü olan istiqrazlar. Bu təminatlı qiymətli kağızlar müxtəlif maliyyə institutları tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir.

- Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu. Bu yerli istiqrazlar Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir.

- Aqrarkredit QSC. Amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (“Aqrarkredit” QSC) məxsus, AMB tərəfindən 2015-ci ildə alınmış 2 milyard 500 milyon manat və əlavə olaraq 2016-cı ildə alınmış 7 milyard 500 milyon manat (ümumilikdə 10 milyard manat) nominal dəyərinə və 0.15 faiz dərəcəsinə malik, 2045-ci ildə ödənilməli olan qiymətli kağızlar daxil idi. 2017-ci il ərzində “Aqrarkredit” QSC həmin qiymətli kağızların 517,896 min AZN-lik hissəni vaxtından əvvəl geri alıb. 

Bu istiqrazlar hər hansı digər oxşar maliyyələşdirmə mənbələrinin və müqayisə edilə bilən maliyyə alətlərinin mövcud olmadığı xüsusi bazar seqmentində verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı öz makroiqtisadi siyasəti çərçivəsində ümumi pul sisteminin sabitliyini təmin etməyi hədəfləyən bankların və digər maliyyə institutlarının maliyyələşdirilməsində müstəsna rol oynayır. Bunu nəzərə alaraq, həmin istiqrazlar üzrə illik 0.15 faiz dərəcəsi bu seqmentə uyğun bazar faiz dərəcəsi hesab olunmuşdur".

31 dekabr 2023-cü il tarixinə AMB-nin portfelində “Aqrarkredit” QSC-nin istiqrazlarının qalığı (nominal üzrə) 9 milyard 57,659 min manat təşkil edib. Bu qiymətli kağızların ödənişinə dövlət zəmanəti verilir.

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, AMB öz valyuta ehtiyatlarını müxtəlif alətlərdən istifadə etməklə formalaşdırır: “Bura həm daxildə sterilizasiya vasitəsilə, həm də aktivlərini yerləşdirməklə əldə edilən gəlirlər daxildir. İnvestisiya alətlərindən əldə olunan gəlirlərin artımında əsas rol 2021-2022-ci il inflyasiya təzyiqi fonunda mərkəz bankların uçot dərəcələrini artırmasına aiddir. Bu artım qiymətli kağızların faiz gəlirlərinin artmasına səbəb olub. Eyni zamanda Mərkəzi Bankın ehtiyatlarının artmasında daha bir mühüm amil daxili bazardakı sterilizasiya prosesidir. AMB-nin investisiya siyasəti konservativliyi ilə seçilir. Düşünürəm ki, ictimai vəsaitlərin idarə olunması sahəsində ehtiyatlı siyasət davam etdirilməlidir. Lakin müəyyən dövrlərdə daxili bazardakı tələbatı nəzərə almaqla, öz ehtiyatlarının bir qismini daha yüksək faizlə daxildə yerləşdirə bilər. Əlbəttə, çox ehtiyatlı və valyuta bazarına təsirləri hesablanmaq şərtilə. Mərkəzi Bank həmçinin qızıla da investisiya edə bilər”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR