İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank bu gün hansımühüm qərarlar verəcək?

AMB bu ilin may ayından bəri faizlərdə hər hansı dəyişikliyə getməyib

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi üzrə növbəti qərarını bu gün - 18 dekabr tarixində elan edəcək. Bu barədə AMB-nin 2024-cü ilin noyabrında faiz dəhlizinin parametrlərinə dair açıqlamasında məlumat yer alıb. Qeyd edək ki, AMB noyabrın 1-də uçot dərəcəsini dəyişməz saxlayaraq 7,25 faiz səviyyəsində qərarlaşdırmışdı. Faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 8,25 faiz və 6,25 faiz səviyyəsində dəyişməz qalıb. Ümumiyyətlə, AMB bu ilin may ayından bəri faizlərdə hər hansı dəyişikliyə getməyib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-noyabrında Azərbaycanda istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən 4,4 faiz artıb. Hesabat dövründə qida məhsulları, içkilər və tütün məmulatları 4,4 faiz, qeyri-qida məhsulları 2,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 6,0 faiz bahalaşıb. Bu rəqəmlər Azərbaycanda inflyasiyanın sürətləndiyini göstərir. Belə ki, oktyabr ayında ölkədə illik inflyasiya 3,4 faiz təşkil etmişdi. Noyabrda oktyabrla müqayisədə ən çox bahalaşma ərzaq məhsullarında qeydə alınıb: 2,6 faizdən 4,4 faizə qədər. 

Rəsmi statistikaya əsasən, 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz yüksəlib.

2024-cü ilin noyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,4 faiz (oktyabrda 0,5 faiz), yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 faiz (0,6 faiz) artıb. 

İnflyasiyanın sürətlənməsində qlobal bazarlarda qeydə alınan bahalaşmanın rolu əsas amillərdən birini təşkil edir. 

Azərbaycanın idxal etdiyi başlıca ərzaq məhsullarından kərə yağı və mal ətinin qiymətində bahalaşma, buğdanın qiymətində cüzi azalma var. 

Mərkəzi Bankın 2024-cü ilin sonuna inflyasiya proqnozu 5,1 faizdir. İyul ayında bu göstərici 5,4 faiz idi. Tənzimləyici 2025-ci ildə inflyasiyanın 5.8 faiz olacağını gözləyir. İqtisadiyyat Nazirliyi isə 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3  faiz, 2025-ci ildə 4,9  faiz olacağını proqnozlaşdırıb.

Göründüyü kimi, son aylarda sürətlənməsinə baxmayaraq, Azərbaycanda inflyasiya AMB və hökumətin proqnozu daxilindədir.

AMB-nin uçot dərəcəsini tənzimləyərkən nəzərə aldığı əsas göstəricilərdən biri xarici ticarət balansıdır. Gömrük statistikasından aydın olur ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 39 milyard  378 milyon 678.59 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyard 141 milyon 506.36 min dollar və ya 9,5 faiz azdır. Bu ilin 10 ayında Azərbaycanın ixracı 22 milyard 742 milyon 283.66 min dollara bərabər olub ki, bu da illik ifadədə 6 milyard 603 milyon 710.69 min dollar və ya 22,5 faiz azalma deməkdir. 

On ayda xaricdən ölkəmizə idxal 16 milyard 636 milyon 394.94 min dollar olub. Bu, ötən ilin on ayı ilə müqayisədə 17,4 faiz və ya 2 milyard 462 milyon 204.34 min dollar çoxdur.

On ayın yekununda Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 6 milyard 105 milyon 888.72 min dollar təşkil edib. Bu, illik ifadədə 2,5 dəfə azalma deməkdir. Ötən ilin eyni dövründə göstərici 15 milyard 171 milyon 803.75 min dollar olmuşdu.

Xarici ticarət balansına təsir edən əsas faktor isə neft ixracının həcmi və dünya neft bazarında qiymət səviyyəsidir. 

Hazırda dünya bazarında neftin ucuzlaşması prosesi gedir. Əksər analitik mərkəzlər və beynəlxalq qurumlar neftə tələbatın azalması, təklifin daha sürətlə artması nəticəsində neft qiymətlərinin daha da düşəcəyini proqnozlaşdırırlar. Xüsusilə neftin dünya bazar qiyməti olaraq 40-50 dollarlıq aralığı hədəf elan edən Donald Trampın ABŞ-da yenidən prezident seçilməsi ən azı yaxın 4 ildə neft bazarında təlatümlərin olacağından xəbər verir. OPEK+ razılaşması daxilində artan narazılıq bu alyansın hasilatı azaltmaqla bazarda qiymətləri saxlamaq imkanlarının tükənməkdə olduğundan xəbər verir. Belə ki, ABŞ, Braziliya və Qayana kimi alyansa daxil olmayan istehsalçıları hasilatı sürətlə artırmaqla OPEK+ üzvlərinin bazardan çəkdikləri həcmlərin mühüm hissəsini təmin edirlər. Bu isə alyansın bazar payının sürətlə azalmasına gətirib çıxarır.

Buna görə də əsas anailitik mərkəzlər artıq neçənci dəfədir ki, neftə tələbat və qiymətlərlə bağlı proqnozlarında azalma istiqamətində dəyişiklik edirlər. ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu bir barel üçün 80,95 dollardan 80,49 dollara endirib. Nazirlik gələn il üçün qiymət proqnozunu daha kəskin azaldıb. Belə ki, quruma görə, 2025-ci ildə Brent markalı neftin qiyməti 73,58 dollar təşkil edəcək. Əvvəlki proqnozda bu göstərici 76,06 dollar idi. 

Nazirliyin hesablamalarına görə, 2025-ci ildə qlobal neft tədarükü sutkada 1,6 milyon barel arta bilər və bu artımın 90 faizi OPEC+ üzvü olmayan ölkələr tərəfindən təmin ediləcək. Eyni zamanda neftə tələbat sutkada 1,3 milyon barel arta bilər. Bundan əlavə, qurum WTI markalı neftin qiymətini 2024-cü ildə bir barel üçün 76,51 dollar, 2025-ci ildə isə 69,12 dollar səviyyəsində proqnozlaşdırır.

OPEC isə dekabr hesabatında 2024-cü ildə neftə tələbat artımına dair proqnozunu dördüncü dəfə azaldıb və bu dəfə azalma daha kəskindir. Belə ki, OPEK-in hesablamalarına əsasən 2024-cü ildə neftə gündəlik tələb 1,61 milyon barel artmış olacaq. Bu, əvvəlki proqnozdan 210 min barel azdır. OPEK 2025-ci ildə dünyada  neftə tələbin əvvəlki proqnozundan 90 min barel daha az - 1,45 milyon barel artacağını gözləyir. Halbuki ilin əvvəlində OPEC neftə tələbatın sutkada 2,25 milyon barel artaraq  104,4 milyon barelə, 2025-ci ildə isə 1,8 milyon barel artacağını gözləyirdi.

Neftin ucuzlaşması ilə yanaşı, Azərbaycanın neft hasilatı da sürətlə azalır. Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə kondensatla birlikdə 26,5 milyon ton neft (2023-cü ilin eyni dövründə 27,6 milyon ton) hasil edilib. Hasilatın 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin(16,4 milyon ton), 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in (3,9 milyon ton), 0,52 milyon tonu (kondensat) “Abşeron” yatağının(0,24 milyon ton) payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,8 milyon ton (7,1 milyon ton) təşkil edib.

11 ay ərzində kondensatla birlikdə 22,2 milyon ton neft (23,1 milyon ton) ixraca nəql olunub. Bunun 19,2 milyon tonu konsorsiumların (20,2 milyon ton), 3 milyon tonu (2,9 milyon ton) isə SOCAR-ın payına düşüb.

Neft ixracının azalması ölkəyə daxil olan dollar kütləsinin də azalması deməkdir. Bu azalma fonunda Azərbaycanda dollara tələbat da sürətlə artır. Son iki ayda Mərkəzi Bankın valyuta hərraclarında dollar satışları bərpa olunub və artıq onun ehtiyatlarında 828 milyon dollar azalma qeydə alınıb. Dövlət Neft Fondunun valyuta satışlarında da 3 dəfəyə yaxın artım qeydə alınır. Mərkəzi Bank valyuta satışlarını bu ilin sonunadək davam etdirəcəyini açıqlayıb.

AMB hesab edir ki, dünya bazarında neft qiymətləri 50-60 dollar ətrafında olsa belə, Azərbaycanın cari əməliyyatlar balansında profisit davam edəcək. “S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyinin analitiklərinə görə, belə profisit 2027-ci ilədək davam edəcək, həmin ildən isə 0,2 faizlik defisitlə əvəz olunacaq. 

Eldeniz.jpg (385 KB)

İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, AMB-nin monetar siyasətində hədəflədiyi məqamlar nəzərə alınarsa, ən azı bu ilin sonunadək faiz dərəcələrinin sabit saxlanması gözləniləndir: “Çünki hazırda inflyasiya dinamikası, iqtisadi aktivlik səviyyədi, iqtisadi artım dinamikası uçot dərəcəsinin sabit saxlanması üçün münbit zəmin yaradır. Ola bilsin ki, Mərkəzi Bank uçot dərəcəsində dəyişiklik etsin, amma mən bunun üçün şərtlərin olmadığı fikrindəyəm. Hesab edirəm ki, dəhlizin 0,25 baza bəndi daraldılması ehtimalı böyükdür”.

Dünya SAKİT,
“Yeni Müsavat”





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR