Onlayn ictimai-siyasi qəzet
Hollivud əfsanəsi Merilin Monro 62 il əvvəl faciəvi şəkildə dünyasını dəyişib. Onun haqqında nəşr edilən yeni kitabda aktrisanın öldüyü gecə lentə alınan və yeni üzə çıxan səs yazıları barədə qeydlər var.
Əsl adı Norma Jean Mortenson olan dünya şöhrətli aktrisa Merilin Monro 1962-ci ildə barbiturat maddəsinin həddindən artıq dozada qəbul etməsi səbəbindən vəfat edib. Monronun ölümünü Los-Angeles polisi rəsmi olaraq "intihar" hesab etsə də, o vaxtdan bəri məşhur aktrisanın vaxtsız ölümü ilə bağlı çoxlu fərziyyələr səslənir. Bəziləri hətta deyirdilər ki, Monronun ölümündə bu hadisədən bir il sonra sui-qəsd nəticəsində öldürülən ABŞ prezidenti Con Kennedi və onun qardaşı, baş prokuror Robert Kennedi ilə ehtimal olunan sevgi əlaqələri rol oynamış ola bilər.
Ümumiyyətlə, Monronun Kennedi qardaşlarının hər ikisi ilə sevgili olduğu barədə də fərziyyələr dolaşır.
Monronun Con Kennedi ilə münasibəti olması barədə şayiələr 1962-ci il mayın 19-da “Madison Square Garden”də keçirilən 45 illik yubiley mərasimində prezident üçün "Happy Birthday" mahnısını oxumasından sonra ortaya çıxıb. Daha sonra jurnalda Monronun Kennedinin qardaşı Robert ilə münasibətdə olması barədə şayiələr yayılmağa başlayıb.
Merilin Monronun 36 yaşında dünyasını dəyişməsindən uzun illər keçməsinə baxmayaraq, onun ölüm sirri hələ də insanları maraqlandırır. Merilin Monronun faciəvi ölümündə Con Kennedi və onun qardaşı Robert hansı rolu oynayıblar?
Polis məmuru vəzifəsindən istefaya getdikdən sonra özəl dedektivliklə məşğul olan Fred Otaş Monronun ölümündən bir neçə saat əvvəl ABŞ-ın o zamankı baş prokuroru Robert Kennedi ilə şiddətli mübahisə etdiyi və Kennedinin onu susdurmaq üçün aktrisaya narkotik maddə verdiyinə dair sübutların olduğunu deyib.
Otaşın qeydlərinə görə, Robert Merilinin yaxın dostu Piter Loufordun ona zəng edərək "Merilinin psixi sağlamlığından narahatam, gəlməlisən" deməsindən sonra San-Fransiskodan Los-Ancelesə uçub.
Şəxsi detektiv qeydlərinə aşağıdakı ifadələri daxil edib:
“Robert Merilinin evinə gələndə səhər saat 11 idi, onlar arasında intim yaxınlıq olub. Günorta Robert evdən çıxıb. Eyni günün axşamı Robert Monrronun yaxın dostu Piter Lavford ilə birlikdə Merilinin evinə qayıdıb. Merilin əsəbləşərək Robertə qışqırmağa başlayıb. Merilin Roberti hədələyərək, ona çoxlu vədlər verdiyini xatırladıb, “Uşağımızı abort etmək məcburiyyətində qalanda sən harada idin, əclaf!”, - deyib. Robert və ya Peter Merilini yastıqla susdurana qədər qışqırıqlar davam edib. Ola bilsin ki, o vaxt iki kişidən biri Merilinə sakitləşdirici dərman da verib. Saat 17.30-da Robert Kennedi evdən gedib.
Sonra Piter Merilindən onunla nahara getmək istəyib-istəmədiyini soruşub. Merilin deyib: “Özümü yaxşı hiss etmirəm. Mən bunu edəcək vəziyyətdə deyiləm, yatmaq istəyirəm, pis bir neçə gün oldu".
Həmin gecə Merilin Robertin qardaşı Con Kennedi ilə bir neçə dəfə əlaqə saxlamağa çalışıb. Gecə o dostu Piterə zəng edərək, “özünü qoru, sən yaxşı adamsan” deyib və telefonun dəstəyi əlindən düşüb. Monro ölüb.
Merilin Monronun 1954-cü ildə evləndiyi və 1955-ci ildə boşandığı ikinci əri, aktyor Jo Di Maggio: "Kennedilərin hamısı qadın qatilləri idi və onlar etdiklərinin cəzasını çəkmədilər" - demişdi. Con Kennedi Maggionun Monronun dəfn mərasiminə gəlməyini qadağan eləmişdi”, - keçmiş dedektiv kitabda xatirələrini bölüşüb./Lent.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ