Onlayn ictimai-siyasi qəzet
Azərbaycan daha bir böyük tədbirdən də alnıaçıq çıxdı – COP29 uğurla başa çatdı. Bəli, bizdən öncə 28 dəfə sessiya keçirən Tərəflər, bizdən sonra da sessiyalar keçirəcək; arzu edirik, hədəflər, gözləntilər daha tez çin olsun. Arzu edirik, heç bir evsahibi ölkə bizim qədər qarayaxmalara, yamanlamalara tuş gəlməsin.
Bəs Bakıda keçirilən COP29 nələrlə fərqləndi, Bakı nə ilə örnək oldu? Çatışanımız, çatışmayanımız? Qüsurumuz, “Qüsura baxmayın”ımız nədən ibarətdir?..
Öncə COP29-dan öncə COP28
COP28 və COP29 iqlim sammitləri – öncəki digər COP sessiyaları kimi, oxşar məqsədlər daşısa da, fərqli mövzulara, prioritetlərə odaklanmışdı. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ötən il keçirilmiş COP28-də əsas diqqət, karbon emissiyalarını azaltmaq, bərpaolunan enerji qaynaqlarının artırılması, Zərər və İtkilər Fondunun qurulması üzərində cəmlənmişdi. Burada dünya ölkələri 2030-cu ilə qədər bərpaolunan enerji potensialını üç dəfə, enerji səmərəliliyini iki dəfə artırmaq hədəflərini qəbul etmişdi. Habelə, inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyinin yetərsizliyi vurğulanmışdı.
Azərbaycanda keçirilən COP29 isə BƏƏ-dəki tədbirdə qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi, maliyyə dəstəyinin artırılması, karbon bazarları və daha spesifik iqlim hədəfləri üzərində xüsusi işləməklə seçildi. Sessiya, özəlliklə 1.5°C istilik artımı limitini qorumaq üçün bütün ölkələrdən daha iddialı hədəflərin qoyulmasını tələb etmiş oldu. Eyni zamanda, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında maliyyə bölgüsü, məsuliyyət bölgüsü məsələlərini masaya yatırdı.
Hər iki COP üçün ortaq məqam, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma və onun qarşısının alınması məqsədilə qlobal işbirliyinin gücləndirilməsi oldu. COP29-un daha konkret sonuclara varmaq üçün öncəki öhdəliklərin gerçəkliyə çevrilməsinə diqqət yetirdiyi də vurğulanmalıdır.
Bəli,
başa çatan COP29, həm Azərbaycan, həm də bütün dünya üçün önəmli sonuclar verdi. COP29 Azərbaycan üçün ən azı 3 əsas sahədə önəmli qazanc gətirmiş oldu:
Beynəlxalq ictimaiyyət nə qazandı?
COP29 çağdaş dünyada Gündoğar-Günbatar harmoniyasının vacibliyini bir daha göstərdi. Bu, Azərbaycanın tarixi rolunu, mədəni irsini, iqlim məsələlərində qlobal dəyərlərə inteqrasiyanı əks etdirməkdədir. Bakı sessiyası, necə deyərlər, həm biləvasitə iqlim, həm də mədəniyyət iqlimi vurğusu ilə seçildi.
COP29-un uğurlu sonucları barədə daha nələri vurğulaya bilərik?
Bakı Maliyyə Məqsədi çox önəmli artım nümayiş etdirərək, qarşıdakı 10 il içində, inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon (!) ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. 300 milyardlıq artımı ehtiva edən bu hədəf, öncəki (100 milyard ABŞ dolları həcmində) hədəfi 3 dəfə üstələyir. Təsəvvür edin, söhbət Azərbaycanın mövcud büdcəsindən 7 dəfə (!) artıq vəsaitdən gedir. Bəlkə trilyonu, milyardı riyazi olaraq yaza bilməyənlər var ki, onlar Bakının hədəflərə yetişməməsindən söz açır, COP29-u gözdən salmaq üçün neçə hoqqadan çıxır. 300 milyard artım – “Bakı Maliyyə Məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır”.
- “COP29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT)”,
- “COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı”,
- “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”,
- “İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası”,
“Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə”,
- “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”,
- “COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi”,
- “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”,
- “İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi”,
- “Yerli İcmalar və Yerli Xalqlar Platformasının Bakı İş Planı”nın yaradılması və s. – Bütün bunlar, COP29-un uğurudur, Bakının adıdır, Azərbaycanın, BMT-nin, Tərəflərin bəşəriyyətə, gələcək nəsillərə töhfəsidir.
Dəmir Yumruq – Dövlət-Xalq birliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini yenicə bərpa etmiş respublikamız, bəşəriyyətin gələcəyi ilə bağlı Tərəflərin birliyini, sivilizasiyalar və mədəniyyətlərarası həmrəyliyi Diplomatiya gücü ilə həll etmiş oldu. Necə deyərlər, Dəmir Yumruğun gücündən sonra, Diplomatik məharət nümayiş olundu. Bəli, öz problemlərini həll etmiş ölkə, bəşəri qayğılara daha çox diqqət ayırmaqdadır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, COP29-a yekdil qərarla evsahibi seçilmənin böyük şərəf olduğunun fərqində olan dövlətimiz, xalqımız COP29-a hazırlığı da, sessiyanın yüksək səviyyədə keçirilməsini də, o böyük şərəfə uyğun məsuliyyətlə yerinə yetirdi. Şərəflə məsuliyyətin yanında vurğulamaq istədiyimiz başqa kateqoriyalar isə sayğıduyarlıq və qürurdur: “Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.
...COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq”...
Özü də, Azərbaycan COP29-a hazırlığı bir ildən daha az müddət içində icra etdi. Müddətin belə qısa olmasına baxmayaraq, Bakı COP sessiyası, heç şübhəsiz, ən möhtəşəm COP tədbirlərindən biri kimi tarixə düşəcək. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı və iki həftəyə yaxın çəkən qlobal tədbirdən danışırıq. – Elə dövlətlər var, nəinki bir tədbirdə, ümumən uzun illər bu kəmiyyət və keyfiyyətdə qonaq qəbul etmir, belə tədbirlərə evsahibliyini üzərinə götürmür – heç iddia edə bilmir... Ayrıca, bizə minnətdar olmalı olanlar, ötən aylar boyu, tamam tərs və urvatsız işlə məşğul idi: “Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.
COP bitdi, COP davam edir...
COP30 üçün əsas gözləntilər ədalətli iqlim maliyyələşdirilməsi, emissiya azaldılması üzrə daha konkret öhdəliklərin qəbulu yaxud öhdəliklərin icra durumunun dərindən qiymətləndirilməsidir.
İqlim tədbirlərində daha konkret həllər və işbirliyi modellərinə üstünlük verən, hazırda “Yaşıl dünya naminə həmrəylik ili”ni yaşayan Azərbaycan, COP30-a alnıaçıq, başıdik gedir: “Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu”.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ