Onlayn ictimai-siyasi qəzet
"Mercedes-Benz" avtomobil şirkəti Roma Papası Fransiskə xüsusi hazırlanmış elektrikli papamobil hədiyyə edib.
Musavat.com xəbər verir ki, avtomobil tamamilə ekoloji tələblərə uyğun şəkildə hazırlanıb və yalnız bir ədəd istehsal olunub. Bu barədə Vatican News məlumat yayıb.
Avtomobili Papa Fransiskə "Mercedes-Benz" konserninin baş direktoru təqdim edib. Şirkət artıq 100 ildir ki, Vatikanla əməkdaşlıq edir və 1930-cu ildən başlayaraq müxtəlif papalar üçün papamobillər istehsal edir. İlk papamobil Papa Piy XI-ə təqdim edilmişdi.
Yeni elektrik papamobilin əsas üstünlüyü onun ekoloji təmiz olmasıdır. Avtomobil sıfır tullantı ilə işləyir, bu isə Vatikanın 2030-cu ilə qədər bütün nəqliyyat vasitələrini ekoloji avtomobillərə keçirmək planlarına tam uyğundur.
Avtomobilin xüsusiyyətləri arasında dönə bilən oturacaq, əl işi daxili interyer və xüsusi olaraq aşağı sürətlə hərəkət etmək üçün hazırlanmış tam ötürücülü mühərrik yer alır. Papamobil əsasən Müqəddəs Pyotr meydanında keçirilən ictimai çıxışlarda istifadə edilir.
Bu yenilik həm Vatikanın ekoloji mövqeyini, həm də Mercedes-Benz-in müasir texnologiyaları və ənənələri birləşdirən yanaşmasını vurğulayır.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ