İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmurların villalarının puluna neçə bərbad yolu bərpa etmək olar - ilginc açıqlamalar

Milli Məclisin bir gün öncə keçirilən plenar iclasında deputat Vahid Əhmədovun çıxışı müzakirələrə səbəb olub. Qeyd edək ki, millət vəkili Bakı-Quba yolu ilə bağlı baş nazirə müraciət etdiyini xatırladıb: “Nazirlər Kabinetinin hesabat müzakirəsindən sonra baş nazirlə və müavini ilə görüşdüm. Baş nazirin müavininin, eləcə də Nazirlər Kabineti üzvlərinin - nazirlərin Qubada, Xaçmazda villaları var. Onlar gedib gəlirlər. Ona görə yoldakı problemləri bilirlər. Prezidentə çıxmadan Azərbaycanda bəzi məsələlər həll edilə bilmir. Mən bir daha müraciət edirəm ki, bu məsələyə baxılsın”.

Bu çıxışdan sonra deputatın fikirlərinə qahmar çıxanlar az olmadı. Bir çoxları bildirdi ki, villalara xərclənən pullara regionlarda yol çəkmək olardı. “Yolun bərbad olmasına görə rayona getmirik” deyənlər də var.

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, məmur və ya vətəndaş villası anlayışını gündəmdə tutmaq düzgün deyil: “Azərbaycan elə yerdir ki, əyri, ya da doğru yollarla onsuz da villalar tikirlər. Tutaq ki, Rusiyadan gələn sahibkarın bir villası ola bilir, məmurun ola bilmir. Korrupsiyaya bulaşmış xeyli məmur var. Bunu da gizlətməli deyilik. Təki burada villa tiksinlər. Əksəri gedib başqa ölkələrə pul qoyurlar. Əksinə, mən onun tərəfdarıyam ki, o pulu öz ölkəsinə sərmayə olaraq qoysunlar. Villanı da, obyekti də burada tiksinlər, burada imkan yaratmaq lazımdır ki, insanlar işləsinlər. Onun açdığı yerdə işsizliyin qarşısını almaq üçün kim işləyəcək? Əlbəttə, Azərbaycanın işsiz vətəndaşı.  Amma bunu qınaq obyekti kimi göstərmək düzgün deyil. Təsəvvür edin, bir hakimə deyirsən rüşvət alma. Hakimin də maaşı 3000-4000-i keçmir. O, maaşının iki minini köməkçisinin,  kargüzarının məvacibi azdır deyə onlara xərcləyir.

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa: “Azərbaycanda nə tikilibsə, buna normal yanaşmaq lazımdır, çünki özümüzdə qalır, amma...”

Bəzən dövlət orqanları bir çox xərcləri öz cibindən xərcləyir. Bunun maaşını minimum 10 mindən artıq etmək lazımdır. Bundan sonra hakimə demək lazımdır ki, niyə rüşvət alırsan. Maaş aşağıdır, rüşvətin qarşısını almaq üçün birinci növbədə rifahı yaxşılaşdırmaq lazımdır. Sonra tələb etmək lazımdır ki, bu məsələdə addım atılsın. İndi ayırmaq da mümkün deyil, hansı məmurdur, hansı sahibkardır. Bəlkə bir məmurun qardaşının imkanı var, onun üçün tikib? Biri haradansa qeyri-qanuni pul tapıb, onu tikib. Azərbaycanda nə tikilibsə, buna normal yanaşmaq lazımdır, çünki özümüzdə qalır. Başqa ölkələrə baxmaq lazımdır; bir nəfər Gürcüstandan gəlib Azərbaycana sərmayə yatırmır. Bizimkilər niyə gedib orada sərmayə yatırır? Eləcə də Qazaxıstandan, Özbəkistandan gəlib yatırmır. Amma bizimkilər orada böyük yatırımlar edirlər, çünki burada mülkiyyət toxunulmazlığı və başqa problemlər yaradırlar. Müəyyən maneçiliklər var. Qaldırılan məsələnin haqlı tərəfi ondadır ki, həmin nazirlər özləri də bu ərazidə yaşayır, yolu görmürlər. Turistlər, əhali gedə bilmir axı. Azərbaycanın bölgələrinə illərdir yol çəkilir, amma yolda hərəkət etmək mümkün deyil. Buna milyardlar lazımdır, əlavə vəsait tələb olunur. Həmin vəsaiti biz Qarabağa tam olaraq yönəldə bilərik. Ona görə də bu məsələ əslində o kontekstdə qaldırılıb. Yoxsa villa var, yoxdur məsələsi deyil. Belə mülklər istəsən də olacaq, istəməsən də. Dünyanın hansı ölkəsinə gedirsən get, belə mülklər var. Məsələn, Türkiyədə də məmurların, sahibkarların hamısının mülkü var. Bunu ayırd etmək çətindir. Bizdə sadəcə görməmişlik daha artıqdır. Bir var, normal ev tikib yaşayış üçün bunu edək. Bir də var əndazədən çıxır. Bu, tək varlıya aid deyil. Kasıbın da əlinə imkan düşən kimi evinin sayını artıra-artıra gedir. Bu, mədəniyyətə aid bir məsələdir”.

Tural Abbaslı hökumətlə barışdı: “İstəmədim adımızla bağlı...”

Tural Abbaslı: “O villalar, mülklər, əmlaklar halal yolla və büdcədən oğurluq olmadan əldə olunmalıdr”

Ağ Partiyanın sədri Tural Abbaslının da mövzu ilə bağlı “Yeni Müsavat”a söylədikləri dıqqət çəkib: “Vahid Əhmədov baş nazir və müavinlərin adını çəkib. Amma tək onlar yox, Azərbaycan haqda məlumatı olan adamlar bilir ki, hətta yüksək vəzifəli məmurları kənara qoyaq, orta ranqlı məmurların ölkənin müxtəlif yerlərində kifayət qədər villaları və mülkləri var.  Bu heç kimə sirr deyil, heç kəs üçün təəccüblü də deyil. Bura nazirlər, nazir müavinləri, komitə rəhbərləri və müavinləri, bir sözlə, xeyli vəzifəli aiddir ki, onların rayonlarda, hətta Bakıda villaları var. Gedin rayonlara, soruşun bu villa kimindir? Adına qədər deyəcəklər, hansı deputatın, nazirin, hansı məmurundur. Biz bunun əleyhinə deyilik. Bolşevik təfəkküründə olan insanlar deyilik ki, heç kəsin villası, şəxsi mülkü olmasın. Hərə öz qazancına uyğun olaraq yaşam tərzi formalaşdırmalıdır. Amma bizim istəyimiz, tələbimiz ondan ibarətdir ki, o villalar, mülklər, əmlaklar halal yolla və büdcədən oğurluq olmadan əldə olunsun. Qanuni yolla qazanılmış istənilən pula, mülkə kim nə deyə bilər? Sadəcə olaraq, biz bir çox halda ”filankəsin mülkü" mediada siyasətçilər tərəfindən hallandırılanda bu daha çox korrupsiya faktına işarə olaraq deyilir. Misal üçün, nazirin, müavinlərinin maaşları bəllidir. Ona görə suallar meydana gəlir. Eşitmişiniz ki, desinlər biznes adamlarının villası var? Çünki biznes adamının villası olar. Şirkət işlədər, pul qazanar, villa tikdirər. Burada söhbət həmin mülklərin, var-dövlətin, villaların hansı yolla əldə olunmasından gedir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR