İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmurlar daha “bank üstündə” otura bilməyəcəklər

Onların kurasiyasında qalan bir-iki bank əslində ya orta səviyyəlidir, ya da çox kiçik dövriyyəsi var, amma...

Azərbaycanda məmur oliqarxiyasının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin bir istiqamətini də bank sektoru təşkil edir. 2014-2015-ci illərdə ayrı-ayrı məmurlara bağlı olan bankların da iştirakı ilə ölkənin valyuta bazarında qeydə alınan təxribatlar ölkə rəhbərliyi səviyyəsində müzakirələrə səbəb olmuşdu.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov  problemli bankların bağlanacağını anons edib. “Maliyyə sektoru mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir, həcmindən asılı olmayaraq bütün maliyyə sektoruna xələl gətirə bilər. Ona görə də bankların bağlanmasını istəməzdim. Amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir. Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorunun mərkəzindədir. Orada olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək”, - baş bankir deyib.

Qeyd edək ki, bu günə qədər ölkədə 15 bankın lisenziyası ləğv olunub. Bağlanan banklar isə “AGBank”, “Amrahbank”, “AtaBank”, “NBCBank”, “Bank Standard”, “Zaminbank”, “KredoBank”, “Bank of Azerbaijan”, “Pakistan Mərkəzi Bankı” Bakı filialı, “Parabank”, “Bank Technique”, “Royal Bank”, “Dekabank”, “Atrabank” və “Günay Bank”dır.

Hazırda isə ölkə üzrə 2-si dövlət olmaqla, ümumilikdə 24 bank fəaliyyətini davam etdirir. Mərkəzi Bank sədrinin anonsundan sonra hansı bankların bazarı tərk edəcəyi isə yaxın günlərdə bəlli olacaq. Çünki bank sektorunun sağlamlaşdırılması prosesi 2023-cü ilin sonuna qədər başa çatmalıdır.

Sirr deyil ki, bu gün banklar hansısa yüksək vəzifəli məmurlara məxsusdur və ya onun kurasiyasındadır. Dəfələrlə bankları məmurların kurasiyasından çıxarılmasının vacibliyi vurğulansa da, hələ də bu məsələni həll etmək tam şəkildə mümkün olmayıb. Məmur kurasiyasında olan banklar əslində ya orta səviyyəlidir, ya da çox kiçik banklardır. Onların da maliyyə imkanları elə böyük deyil ki, hökumətin hansısa maliyyə planlarını sabotaj edə bilsinlər. Bəs o halda kiçik bankların sıradan çıxarılması hesabına digər üç bankın - Beynəlxalq Bank, “Kapitalbank” və “PaşaBank”ın gücləndirilməsinin hansı fəsadları ola bilər? Oliqarxiyanın əlində kiçik maliyyə dövriyyəsi olan banklar nə səbəbə alınır, burada daha hansı məqsəd var? 

Ekspert: “Azərbaycan Sənaye Korporasiyası” kənd təsərrüfatı müəssisələrini  idarə edəcək” - 09.03.2018, Sputnik Azərbaycan

Əkrəm Həsənov 

Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a dedi ki, məmur dəstəyi, dövlət dəstəyi olmadan Azərbaycanda nəinki bank fəaliyyət göstərə bilməz, heç bank açıla da bilməz: “Azərbaycanda bu yanlış fikirdir ki, bankların hamısı məmurlara məxsusdur. Sən qanunun tələb etdiyi hər şeyi etsən də, sənə lisenziya verməyəcəklər. Taleh Kazımov xarici banklar haqqında çox maraqlı fikir söyləyib ki,  Azərbaycana gəlişi zamanı gərək onlar strategiyalarını təqdim etsinlər. Təxmini bu kimi fikirlər səsləndirib. Əslində xarici banklar qanunla nəzərdə tutulan tələbləri yerinə yetirirsə, inzibatçıları, binası tələblərə cavab verirsə, Mərkəzi Bank ona lisenziya verməlidir. Nə strategiya, nə yenilik? Qanunda elə bir məsələ yoxdur. Onun dediyi hüquqa ziddir. Amma qismən həqiqəti deyirdi. Aydındır ki, strategiya heç kimi maraqlandırmır. Demək istəyir ki, istəsək lisenziya verəcəyik, istəməsək yox. Yəni xoşumuza gəlsə, onda verəcəyik. Yerli banklarda da eyni məsələdir. Həm də xarici bankları ona görə buraxmırlar ki, böyük banklara rəqabət yarada bilərlər. Azərbaycanda orta səviyyəli kifayət qədər güclü banklar məmur bankları deyil. Adlarını da çəkə bilərəm: "Bank Respublika", “Unibank”, “Bank of Baku” və digərləri. Bunlar məmur bankı deyil. Onların real sahibləri özəl şəxslərdir, fərdi şəxslər, sahibkarlardır və sairə.  Məmur bankları, misal üçün “Bank BTB” Ramiz Mehdiyevə bağlı idi, indi heç onun vəzifəsi də yoxdur. Bu yaxınlarda bağlanan “Günay bank” məmur bankı deyildi. Üç il əvvəl bağlanan 4 bankın ikisi məmur bankı deyildi. Amma bağlanan “Ata Bank”la “Əmrah Bank”  məmur bankları idi".

Ekspert onu da deyib ki, banklarla bağlı Milli Məclis komitəsinə təqdim olunan qanun layihələrinin ictimai müzakirəsinin keçirilməməsi  qanun pozuntusudur: “Azdan-çoxdan o layihələr barədə məlumatım var, Mərkəzi Bank səlahiyyətlərini genişləndirir ki, bankların, ümumiyyətlə, maliyyə sektorunda "təmizləmə" işləri aparsın. Yəni inhisarçılara təhlükə yaradan xoşagəlməz bankları və sığorta şirkətləri bağlamaq əsas məqsəddir. Baş bankir də dedi ki, pis banklar bağlanacaq. Birinci Mərkəzi Bankın özündə o qədər qanunsuzluqlar var ki, ilk olaraq özlərindən başlasaydılar yaxşı olardı. İdarə Heyətində yetərsay yoxdur. Amma bir ildən çoxdur ki, qərarlar qəbul edirlər. Mərkəzi Bank banklarda yoxlamaları birtərəfli edir. Yoxlama aktlarını banklara vermir və sonra da onları bağlamağa cəhd edir. Bunun bircə məqsədi var, yaxın illərdə ölkədə maksimum 10 bank qalacaq. Dövlət rəhbərliyinə düzgün məlumat verilsə, ümid edirəm ki, bunun qarşısı alınacaq. 4 böyük bank bir əldən idarə olunur, hesab edin ki, hamısı bir bankdır. İnhisarçı banklardır, bunlarla yanaşı, idarə etməni əldən verən 4-5 bankı da saxlayacaqlar. Mərkəzi Bank özü qanunlara riayət etmir, amma banklarda guya “təmizlik işləri”nə başlayacaq. Ona görə də burada böyük bir təhlükə görürəm".

Oxu.az - Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər  Azərbaycan manatını sabit saxlamaqdır”

 Elman Sadıqov

Bank məsələləri üzrə ekspert Elman Sadıqov isə bildirir ki, inhisarlaşma Azərbaycan bank sektorunda hər zaman olub: “Ölkədə aktivlərinə görə ən böyük 3 bank bu sektorun 63 faizini təşkil edir. Həmin üç bankdan ikisi bir-biri ilə əlaqəli, digəri isə dövlətə məxsusdur. Ola bilsin ki, müəyyən dərəcədə narahatlıqlar yaransın. Hesab edirəm ki, nə dövlət, nə də Mərkəzi Bank Azərbaycanda bank sektorunda inhisarlaşmaya gətirib çıxaracaq siyasəti davam etməkdə maraqlıdır. Çünki inhisarlaşma bankların özləri üçün də zərərlidir və təhlükəlidir. Biz bunun bir nümunəsini "Beynəlxalq Bank" timsalında gördük. Burada bir məsələni də qeyd edim. Ölkəmizdə ÜDM-ə nisbətdə bank sektorunun ümumi həcmi kiçikdir ki, bu da başqa bir mövzudur. Yəni qeyd etdiyim 3 bankın payı bank sektorunda yüksək olsa da, ÜDM-ə nisbətdə təhlükəli həddə deyil. Ölkəmizin bank sektorunun ÜDM-ə nisbətdə kiçik olmasının müsbət tərəfi odur ki, bank sektorunun iqtisadiyyat üçün risk yaratma ehtimalı demək olar ki, çox zəifdir. Lakin iqtisadi təlatümlərin bank sektoru üçün risk yaratma ehtimalı və ciddi zərbə vura bilmə imkanları çox yüksəkdir. Bankların sayının azalması ciddi bir inhisarlaşma vəziyyəti yaratdığı üçün onun qarşısını almaqdan ötrü bir neçə addımlar atıla bilər. Bunlar yeni bankların yaradılması, müxtəlif ixtisaslaşmış, məsələn, kənd təsərrüfatı, sənaye sahələrinə daha çox fokuslanan bankların bazara daxil olması və yaxud da böyük bankların özlərinin iki yerə bölünməsi ola bilər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR