İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məktəblərdə təhlükəsizliklə bağlı boşluqları aradan qaldırmalıyıq” - deputat

Ekspert: “Hətta valideyn olsa belə, hər hansı şəxsin məktəbə daxil olması yolverilməzdir”

Oktyabrın 27-də paytaxtın orta məktəblərindən birində azyaşlıya qarşı qeyri-etik hərəkətlər edilib. Yayılan görüntülərdə orta yaşlı şəxsin məktəbə rahat şəkildə daxil olması, azyaşlını kənara çəkib ona qarşı əxlaqsızlıq etdiyi qeydə alınıb. Xəbər kütləvi informasiya vasitələrində bir neçə gün sonra yayıldı.  Bu hadisə ortaya bəzi suallar çıxardı. Övladını gətirəndə, yaxud aparmaq üçün gələndə valideynlərə müəyyən sərhəd qoyulduğu halda, necə olur ki, kənar şəxs rahatca məktəbə daxil olur? Üstəlik, yayılan görüntülərdə yad şəxsə diqqət edilmədiyi də nəzərə çarpır. Görünən odur ki,  orta məktəblərdə təhlükəsizliklə bağlı ciddi boşluqlar var.

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və  təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən

Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bəzi məsələləri tənzimləmək asan deyil: “Təəssüf ki, zaman-zaman belə hallar olur. Məktəblərimizdə ciddi sıxlıq var. Buna görə də kompleks yanaşma olmalıdır. Ümumilikdə məktəblərə ciddi nəzarət edilməlidir. Növbəti belə halların baş verməməsi üçün diqqətli olmaq lazımdır. Cəmiyyətdən asılı olan məsələlər də var. Məktəblərdə sıxlığın qarşısını almaq üçün müəyyən addımların atılması məqsədəuyğundur. Bəzi yerlərdə təhlükəsizlik baxımından ciddi boşluqlar var ki, bu boşluqları tam aradan qaldırmalıyıq. Həm orta məktəblərdə, həm də ali təhsil müəssisələrində təhlükəsizlik ən yüksək səviyyədə olmalıdır”. 

QHT Şurasının Agentliyə çevrilməsindən ictimai sektor qazanacaq” - İlqar  Orucov

İlqar Orucov

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, orta məktəblərdə axşam saatlarında dərs keçilməsinin obyektiv və subyektiv səbəbləri var: “Bəzi məktəblərdə şagird sıxlığı çoxdur. Bakıda, xüsusilə Abşeron rayonunda qanunsuz miqrasiya, insanların planlanmamış yerdəyişməsi ona gətirib çıxarıb ki, yaşayış məntəqələri genişlənib. Məsələn, Masazırda ciddi məktəb çatışmazlığı müşahidə olunur. Əlbəttə ki, təhsil almaq hər bir şəxsin öncə konstitusion hüququdur. Bunu nəzərə alaraq Elm və Təhsil Nazirliyi məcburən bəzi məktəblərdə iki, hətta üç növbəli dərs rejimi tətbiq edir. Tam səmimi deyim ki, biz bununla bağlı məsələ qaldıranda məlum oldu ki, yaşayış məntəqəsində məktəb tikintisi üçün boş ərazi belə yoxdur. Məhz bununla bağlı bəzi məktəblərdə axşam saatlarında dərs olur. Dərs olmayan zaman isə bilirsiniz ki, müəllimlər repetitorluqla məşğul olur. Yəni onlar məktəb ərazisindən qanunsuz məqsədlə istifadə edirlər. Axşam saatlarında Bakıda məktəblərin yanından keçərkən müşahidə etsək, görərik ki, əslində müəllimlər repetitorluqla məşğuldur. Bu, düzgün deyil”.

Ekspertin fikrincə, hətta valideyn olsa belə, hər hansı şəxsin məktəbə daxil olması yolverilməzdir. Məktəb rəhbərliyinin konkret qəbul vaxtları var. Əks halda, məktəbə giriş o dərəcədə asan olmalı deyil.

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb. DİN-in məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.

Xatırladaq ki, 27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib. Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Xatırladaq ki, baş vermiş hadisənin görüntüləri mediada yayılıb. Belə ki, hadisə vaxtı 11 yaşlı qız dərs bitdikdən sonra məktəbin dəhlizində atasının gəlməsini gözləyib. Bu zaman S.Həsənov məktəbdə qıza qarşı əxlaqsız hərəkətlər edib. Məktəbli dərhal hadisə barədə valideyninə məlumat verib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR