İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəb başlamamış forma problemi

Ekspert: “Məktəbli formaları ilə bağlı məktəbin, hansısa qurumun göstərişinin olması düzgün deyil” 

Azərbaycanda məktəblərin açılmasına bir aya yaxın vaxt qalıb. Bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məktəbli formalarının satış ünvanlarını açıqlayıb. 130-dan artıq ünvanda valideynlər bu formalardan ala bilər.

Hazırda Bakıda forma istehsalı ilə məşğul olan bir neçə fabrik olsa da, saxta formaların çoxluğu vətəndaşlarda çaşqınlıq yaradır. Valideynlər bir çox hallarda saxta formanı orijinaldan ayırd etməkdə çətinlik çəkir. Həmçinin formaların qiymətləri də ictimaiyyəti düşündürən əsas məsələlərdən biridir.

Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov Modern.az-a deyib ki, bazarlarda saxta formalar var: “Sədərək və Binə ticarət mərkəzlərində Azərbaycanı 10 il forma ilə təmin edəcək saxta forma var. Rayonlara da bu saxta formalar göndərilir. Biz rayonlarda mağaza açsaq da, maraq göstərən olmur. Valideynlər ancaq ucuz mal istəyir, ona görə də saxta formalara üz tuturlar”.

Məktəbli formalarının qiymətlərinə toxunan direktor bu il 20% ucuzlaşma olduğunu vurğulayıb: “Şalvar və ətəklərin qiyməti 25 manatdan 20 manata endirilib. Bunun səbəbi saxta formaların bazarda çox olmasıdır. Saxta formalar 17-18 manata təklif edilir. Biz də vətəndaşların keyfiyyətli forma ala bilməsi üçün qiymətlərdə endirim etdik. Bizim istehsal etdiyimiz formanın parçası 10 dollardır, bu da 17 manat edir. Digər xərcləri də əlavə etdikdə ətək, yaxud şalvar bizə 18.5-19 manata başa gəlir. Polo köynəklərin qiyməti isə 15 manatdır”.  

“Müəllimlər üçün vahid forma tətbiq edilməsi müzakirə olunmur”. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında belə deyib.

“Müəllimlər üçün hələ ki vahid forma tətbiq edilməsi nəzərdə tutulmayıb. Müəllimlər məktəblərdə normativlərə uyğun geyinməlidir. Müəllimlərin formaları ilə bağlı hələ ki məsələ müzakirə edilmir”, - o qeyd edib.

Bununla belə, valideynlər qeyd edirlər ki, BTE-nin təklif etdiyi formaların keyfiyyəti aşağı olduğuna görə məcburdurlar mağazalardan geyimlər alsınlar. Bunlar isə olduqca bahadır.  Əgər bir evdən iki, yaxud üç uşaq məktəbə gedəcəksə, valideyn xeyli pul xərcləməli olacaq. “Jaketlər hər yerdə çox bahadır. Keçən il imkanım çatmadı formaya uyğun jaket almağa, başqasını aldım, məktəbdən uşağa geyinməyə icazə vernədilər. BTE-nin jaketləri həm çox qalındır, uşaq tərpənə bilmir, həm də bahadır”, - deyə valideynlərdən biri qəzetimizə şikayət edib. 

Digər bir valideyn isə məktəb tərəfindən məcburi formanın təklif olunmasından narazılıq edib: “Ötən il valideyn komitəsi bizə bildirdi ki, məktəbin danışdığı mağaza var, hamı paltarı oradan alsın. Açığı, biz gedib baxdıq, heç bəyənmədik geyimləri. Niyə bizə təsir etməyə çalışırlar. Özümüz bilərik, haradan alaq. Məktəb başlayan kimi min bir bəhanə ilə pul yığmaq, öz tanışlarından geyim, dərs vəsaitlərini almağı tələb edirlər. Dərs ilinin başlamasına sevinmək əvəzinə əsəb keçiririk”. 

Təhsil eksperti Cahid İmanov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, vahid məktəbli formasının olması məqsədəuyğundur, amma hansısa məktəb rəhbərlərinin, hansısa qurumun göstərişinin olması düzgün deyil: “Formanı müəyyənləşdirirlər, valideyn özü bilər haradan istəsə alsın. Valideyn kimi mən də övladıma hər il məktəbli geyimi alıram, mən də təklif olunan  o geyimləri bəyənmirəm. Uşaqların paltara allergiyası olur. Formanın rəngini müəyyənləşdirsinlər, amma seçimi valideyn özü etməlidir. Bəzən müəyyən dükanlara ünvanlayırlar ki, almalısınız. Bu, yolverilməzdir. O ki qaldı məktəbli formalarının qiymətlərinə, müəyyən hədd qoyulmalıdır ki, məktəbli formaları ilə bağlı bu həddi mağazalar keçməsin. BTE-nin satdığı paltarlar da real bazar qiymətindən baha olur, amma keyfiyyətsiz olur. Bir ailədən bir neçə uşağın məktəbə getməsi o ailə üçün böyük yükdür. Bunlar hansısa formada tənzimlənməlidir. Ümumiyyətlə, dövlət qayğısı elə olmalıdır ki, ən azı geyimlərə müəyyən limit qoyulmalıdır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR