Onlayn ictimai-siyasi qəzet
İyulun 19-dan Məhərrəm ayı başlayıb.
Azərbaycanda bu ayda toy etmək qadağası olmasa da, müsəlmanlar Kərbəla şəhidlərinə hörmət əlaməti olaraq toy-nişan etmirlər. Bununla belə, sayı az olsa da, toy edənlər də olur. Yeri gəlmişkən, post-pandemiya dövrünün təsiri ilə Azərbaycanın toy bazarında onsuz da restoranlara olan tələbatın azalması müşahidə edilirdi. Restoran sahibləri dəfələrlə narahatlıqlarını bildirərək toyların sayının kəskin azaldığını deyirdilər. İnsanların artıq əvvəlki kimi dəbdəbəli toy keçirməyə maraq göstərmədiyini dilə gətirirdilər. Bəzi ekspertlər isə əksər şadlıq saraylarının bağlanacağı, ya da təyinatının dəyişəcəyi proqnozunu veriblər.
Musavat.com-un əməkdaşı bir neçə şadlıq sarayında olub, vəziyyətlə yerində tanış olub.
İlk olaraq Nizami rayonu ərazisində yerləşən “Ay işığı” şadlıq sarayına yollandım.
Onu da deyim ki, xeyli ərazini tutan bu şadlıq evinin bir neçə korpusu mövcuddur. Elə birinci korpusa daxil olmuşdum ki, burada təmir işlərinin aparıldığını gördüm. Şadlıq evinin içərisi demək olar ki, sökülmüş vəziyyətdə idi. İmkan tapıb ustalarla söhbətləşdim.
“Məhərrəm ayı başlayandan burada təmir işlərinə başlamışıq” deyə ustalar bildirdilər. Şadlıq sarayının rəsmisi də yaxınlaşıb söhbətimizə qoşuldu. O da təsdiqlədi ki, bu ayda toy-nişan üçün sifarişlər yoxdur. Yalnız kiçik məclislər, ad günləri qeyd edilir, o da kiçik zallarda. Digərlərində isə təmir işləri aparılır: “Digər suallarınıza isə cavab verə bilməyəcəyəm, gördüyünüz kimi, təmir gedir. Bu səbəbdən də səlahiyyətli şəxslər burada deyil”.
Buradan çıxıb “Altun Saray”da vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışdım. Orada da demək olar ki, eyni vəziyyətlə üzləşdim.
Şadlıq sarayının nümayəndəsi ilə söhbətdə öyrəndim ki, Məhərrəmlik ayı başlayandan toylar dayandırılıb və ərazi təmirə bağlanıb. “Bəs əvvəlki aylarda necə, sifarişləriniz çox idimi?” sualına gəlincə, toy evinin rəsmisi dedi ki, son aylarda sifarişlərin sayı az olub: “Əvvəllər ayda 25-30 toy olurdusa, son aylarda 10-15 toy olur. Toya çağırılan qonaqların sayında da azalma var. Əvvəllər 400-500 nəfərlik toylar indi 200 nəfərlə keçirilir. Həm də toy mövsümünün ən aktiv vaxtı Ramazan ayına düşdü. Mart-aprel ayı təsir göstərdi. Sonra da may ayı gəldi, bu ayda da bizdə toy etmirlər. İndi də Məhərrəm ayıdır, məlum səbəblərdən azalma var”.
Onu da deyim ki, bu ərazidə hər addımbaşı şadlıq sarayına rast gəlmək mümkündür. Əksəriyyəti silsilə şəklində düzülüb. Odur ki, bu şadlıq sarayından çıxıb yaxında olan digərinə asanlıqla getmək olur.
“Grand Neon” şadlıq sarayına da beləcə daxil oldum. Bura daxil olan kimi təmir işləri aparıldığını gördüm.
Şadlıq sarayının rəsmisi bildirdi ki, hazırda toy-nişan üçün sifarişlər yoxdur:
“Gördüyünüz kimi, təmir işləri gedir. İnşallah Məhərrəmlikdən sonra toy da olacaq, nişan da”.
Yeri gəlmişkən, ekspertlərin fikrincə, şadlıq evlərinin ən böyük problemi onların standart menyu təklif etməsi ilə bağlıdır. Müştərinin tələbinə uyğun yox, özlərinin təqdim etdiyi standart menyu var ki, orada da bəzən müştəri çox dəyişiklik edə bilmir. Bu da öz növbəsində bahalaşmaya səbəb olur. Çünki şadlıq evlərinin əvvəlki dövrə görə işləri yaxşı gedirdi, heç nə onlara təsir etmirdi. Tələb çox olduğundan, rəqabət az olduğundan daha çox özlərinin diktə etdiyi menyular var idi. Ona görə də insanlar daha az toy etməyə meyllidirlər. Böyük toyların azalması, həm də pandemiya insanlara məsələyə fərqli yanaşmağı öyrətdi.
Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ