Onlayn ictimai-siyasi qəzet
Radioaparıcı Elgün Xıdırov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini məhkəməyə verib və qalib gəlib.
Musavat.com xəbər verir ki, bu barədə avtobloqer facebook hesabında yazıb. O bildirib ki, 1 il əvvəl Xaçmaza gedərkən avtomobilinin təkəri M1 yolunun 119-cu km-də, Şabran rayonu ərazisində çuxura düşərək partlayıb:
“Gecə vaxtı, soyuq, çiskinli hava və işıqlandırılmayan, bərbad magistral yol. Sürəti 90 olan bir avtomobilin qabaq təkərinin partlaması çox təhlükəli vəziyyətdir. Bu halda avtomobili maksimum düz saxlamağa çalışmaq, qəfil əyləc vermədən ətalətlə, daha sonra yumşaq əyləclə sürəti azaldıb yol çiynində, təhlükəsiz yerdə saxlamaq lazımdır.
İlk işim 102 qaynar xəttinə qəza ilə bağlı məlumat vermək oldu. Maraqlıdır ki, növbətçi hissə və yol polisi də xəsarətin olmadığı və ikinci avtomobilin iştirak etmədiyi bir qəzanın fiksə olunması istəyimə təəccüblənsə də, mən israrla qəza faktını qeydə aldırdım. Daha sonra təkəri dəyişməklə məşğul oldum.
Təkəri dəyişib yaxınlıqdakı YDM-ə getdim. Orda dedilər ki, məndən əvvəl 2 maşın da həmin yerə düşüb və təkəri partlayıb. Maşınlardan biri hələ də “domkrat”ı olmadığı üçün orda qalmışdı. Kömək elədim, onun da təkərini dəyişdik”.
Onun sözlərinə görə, səhəri gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə zəng vurub, yolun vəziyyəti və təcili düzəlməli olduğunu deyib:
“Bu qurumun, xüsusən də Magistral yollar idarəsinin məsuliyyətsizliyi üzündən hər gün çoxsaylı sürücüyə maddi ziyanlar dəyir. İnsanların həyatını itirdiyi bir çox qəzalarda isə biz ancaq bunu eşidirik - sürücü idarəetməni itirdi. Niyə, hansı səbəbdən itirdiyi isə hesab edirəm ki, lazımı səviyyədə araşdırılmır. Qəzalardan sonra belə yollar təhlükəsiz vəziyyətə gətirilmir. Misal olaraq illər əvvəl H.Z.Tağıyev qəsəbəsindəki körpüdən aşmaqla 3 nəfərin həyatı bahasına başa gələn qəzadan sonra qırılan sədlər hələ də düzəldilməyib. Ümumiyyətlə, yollarda belə hissələr çoxdur.
Nə isə, qayıdaq mətləbə. Yol polisi mənim izahatımı aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra rəhbərliyə raport hazırladı. Mənsə avtomobilimə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə getdim. Məlum oldu ki, təkərlə yanaşı stabilizator və təkər topunun (ступица) diyircəkli yastığı (подшипник) sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də uzun müddət heç bir reaksiya olmadı. Zəng vurduqda yenə eyni vəziyyət, vətəndaş müraciətlərinə laqeydlik və hətta kobud davranış, şikayətlərə isə 0 reaksiya gördüm. Beləliklə qərara aldım ki, bu məsuliyyətsizlik, laqeydlik və hörmətsizliyə qarşı durmaq artıq təkcə mənim yox, hər gün, hər ay, hər il minlərlə zərər görən sürücülərin mövqeyi olaraq prinsipial məsələdir”.
Aparıcı deyir ki, sənədləri hazırlayıb Binəqədi rayon Məhkəməsinə müraciət edib:
“Məhkəmələrin gedişatında Agentliyin cavabdeh nümayəndəsi ekspertiza tələb edərək servisin müyyənləşdirdiyi məbləği bir qədər azlatsa da, bu, ümumi məzmuna ciddi təsir göstərmədi və daha çox prosesi uzatmaq təəssüratı yaratdı. Məhkəmə prosesləri haqqında uzun danışmayacam. Ədalətli mövqe və qərarlar üçün Binəqədi rayon Məhkəməsinin hakimi Rəşad Qoşqarlıya, Apellyasiya Məhkəməsinin hakimləri Azad İmanov, Məmməd Məmmədov və Fuad Talışinskiyə təşəkkür və hörmətlərimi çatdırıram. Birinci instansiya məhkəməsinin mənim xeyrimə qəbul etdiyi qərarla razılaşmayan AAYDA-nın hansı üzrə apellyasiya şikayəti verməsi mənə hələ də maraqlıdır. Nəticə olaraq agentliyin şikayəti təmin edilmədi və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı”.
E.Xıdırov ildirib ki, qurum tərəfindən ona 933 manat təzminat ödəniləcək.
Şahanə Rəhimli
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ