Onlayn ictimai-siyasi qəzet
Yay mövsümündə ölkənin bir çox iri marketlərində ət məhsullarına, xüsusilə də kolbasa və sosiska kimi tez xarab olan məhsullara kütləvi endirimlər elan olunur. Rəflərdə “50 faiz endirim”, “1 alana 1 hədiyyə”, “yarı qiymət” kimi cəlbedici etiketlər göz oxşayır. Ancaq alıcılar tez-tez bu endirimlərin arxasında təhlükəli bir həqiqətin gizləndiyini iddia edirlər. Təklif edilən məhsulların bir hissəsi təzə, digər hissəsi isə istifadə müddəti bitməkdə olan, hətta bəzən artıq xarab olmuş partiyalardan ibarət olur.
Bəs görəsən, bu, endirim aksiyasıdır, yoxsa istehlakçının aldadılmasıdır? Ümumiyyətlə, belə məhsullar alarkən istehlakçı daha çox nəyə diqqət yetirməlidir?
Azərbaycanda təhlükəli, standarta uyğun olmayan kolbasa istehsalı da mövcuddur. Bu kolbasalar gözəl qablaşdırmaya malik olub etiketsiz şəkildə metro çıxışlarında satılır. Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsi dəfələrlə ölkənin müxtəlif bölgələrində at, eşşək, murdar olmuş heyvan ətinin kəsildiyini ifşa edib. Bu ətlərin bir hissəsi, şübhəsiz ki, kolbasa sexlərinə yol tapır.
Burada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və digər nəzarət qurumlarının monitorinq nəticələri və ictimaiyyətə açıqladığı hesabatları əsas götürə bilərik. Bəzi hallarda məhsulların üzərində halal sertifikatları və ya mənşəyi haqqında əlavə məlumatlar olur. Ancaq bunun da etibarlılığını təsdiqləmək üçün sertifikatlaşdırma qurumlarının rəsmi siyahılarına baxmaq lazımdır. Bəzi vaxtlarda saxta və ya qeyri-standart məhsullar qoxusuna və teksturasına görə fərqlənə bilir.
Problemlərdən biri qida məhsullarının istehsal prosesində monitorinqin yetərincə güclü olmaması, keyfiyyət yoxlamalarının ardıcıl aparılmaması və istehsalçıların bəzən məsuliyyətsiz davranmasıdır.
İqtisadçılar hesab edirlər ki, belə məhsulların istehsalı və dövriyyəsi sırf qiymətə, alıcının cəlbedici təklifi seçəcəyinə hesablanıb. Ucuz ət məhsulları istehsalında əsas məqsəd maya dəyərini azaltmaq və maksimum gəlir əldə etməkdir. Bu da keyfiyyətsiz xammal istifadəsini stimullaşdırır. Süni ət əlavələri, ucuz ət tullantıları, qarışıq piy və kimyəvi stabilizatorlardan istifadə halları yayılmış praktikalardandır.
O da qeyd edilir ki, Azərbaycanda qida sahəsində istehsalçıya yönəlik təzyiqlər əsasən vergi və sənədləşmə ətrafında cəmləşir, amma məhsulun tərkibi və təhlükəsizliyi ilə bağlı monitorinqlər mütəmadi və dərin araşdırmalara söykənmir. AQTA və digər qurumlar tərəfindən hər ay açıqlanan monitorinq nəticələrində “yararsız məhsullar” siyahısı paylaşılır. Əgər zərərli məhsul istehsal edən şəxs məsuliyyətdən yayına bilirsə və ona qarşı ictimai təzyiq formalaşmırsa, bu cür hallar davamlı olur.
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, marketlərdə keçirilən endirim kampaniyalarının əsas məqsədi vətəndaşı mağazaya cəlb etməkdir.
Eyyub Hüseynov
Onun sözlərinə görə, alıcı mağazaya daxil olduqdan sonra növbəti məqsəd ona müəyyən məhsulu guya endirimlə təqdim etmək olur: “Lakin bu kampaniyaların əksəriyyəti əslində istehlakçını aldatmağa yönəlib. Vitrinlərdə endirimli kimi göstərilən məhsul kassada həmin qiymətlərlə hesablanmır. Çünki endirimdə olan məhsulun yanında, oxşar görünüşlü, amma endirimə daxil olmayan başqa məhsullar yerləşdirilir və istehlakçı bu çaşdırıcı təqdimatın qurbanına çevrilir. Kassaya qədər gəldiyindən, çox vaxt həmin məhsulu almağa məcbur olur”.
Eyyub Hüseynovun sözlərinə görə, qiymət endirimləri əsasən market sahiblərinin təşəbbüsüdür və bu zaman təchizatçılar təzyiq altında qalırlar. Market şəbəkələrinə daxil olmaq istəyən təchizatçılar əvvəlcə böyük məbləğdə ödəniş etməli olur, daha sonra isə onlardan müştəri cəlbi üçün məhsullarını ucuzlaşdırmaları tələb olunur.
E.Hüseynovun sözlərinə görə, yeyinti məhsullarının üzərində qeyd olunur ki, onlar mütləq şəkildə markalanmalıdır:
“Lakin müşahidə edirik ki, metro çıxışlarında və bəzi tərəvəz mağazalarında kolbasa və sosiska kimi məhsullar satılır. Bu satışlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətindən kənarda həyata keçirilir. Ehtimal olunur ki, regionlardan gətirilən at və eşşək əti məhz bu kimi yerlərdə satışa çıxarılır.
Bundan başqa, bazarda Rusiyadan gətirilən kolbasa və sosiska məhsulları da mövcuddur. Təəssüf ki, bir çox vətəndaş hələ də sovet dövründəki kimi düşünür. Halbuki, bu gün Rusiyadan idxal edilən ət məhsulları olduqca şübhəli və qeyri-standart vəziyyətdədir. Yerli istehsal olunan məhsullar həm keyfiyyət, həm də tərkib baxımından bu məhsullardan qat-qat üstündür. Rusiyadan və Belarusdan gətirilən ət məhsullarının çoxu kimyəvi tərkibli və süni qatqılarla hazırlanır. Belə məhsullardan uzaq durmaq lazımdır.
“Halal” sertifikatlaşdırması ilə bağlı isə uzun illərdir problemlər yaşanır. Bəzi hallarda bu sertifikatlar pulla əldə olunub. Sevindirici haldır ki, ötən il İqtisadiyyat Nazirliyi yanında Standartlaşdırma İnstitutunun texniki komitəsində “Halal” standartı qəbul olunub. Lakin bu gün də bazarda saxta “halal” sertifikatı ilə məhsul satanlar var. Təəssüf doğuran məqamlardan biri də odur ki, qanunvericiliyə əsasən akkreditasiyadan keçərək sənəd almış müəssisələr ölkədə fəaliyyət göstərən yalançı sertifikatlı istehsalçıları ifşa etmir. Bu məsələni dəyişmədən “halal” sertifikatlaşdırmanın etibarlılığı təmin olunmayacaq”.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində, xüsusilə Avropa İttifaqı ölkələrində və ABŞ-da belə məhsulların satışı ciddi şəkildə izlənir. Almaniyada və Fransada supermarketlər istifadə müddətinə az qalan məhsulları endirimlə təklif etsələr də, bu məhsulların etiketində dəqiq tarix, saxlama şəraiti və istifadəyə dair xəbərdarlıq xüsusi diqqətlə qeyd olunur. Əks halda, ciddi maliyyə cəzaları və icazə ləğvləri tətbiq edilir. Ən əsası isə - müstəqil laboratoriyalar və ictimai nəzarətçilər bu sektorda aktiv fəaliyyət göstərir.
Mütəxəssislər onu da qeyd edirlər ki, kolbasa və sosiska kimi hazır ət məhsullarının ucuz qiymətə təklif edilməsi hər zaman fürsət deyil. Bəzən bu, istifadə müddəti bitmiş, keyfiyyətsiz və təhlükəli məhsulların bazara çıxarılması ilə nəticələnir. Tənzimləyici qurumların məsuliyyəti ilə yanaşı, istehlakçı da öz hüquqlarını bilməli, şübhəli məhsullardan uzaq durmalıdır. Ən əsası isə - sağlamlıq ucuz etiketlərin deyil, keyfiyyətli qidalanmanın qiymətinə ölçülməlidir.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
31 Iyul 2025
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ