Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zəngəzur marşrutunu “Şimal-Cənub” dəhlizinin bir hissəsi adlandıraraq deyib:
“Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur. Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar (Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı) çərçivəsində həyata keçirilir”.
Mariya Zaxarovanın sözlərinə görə, Rusiya “müvafiq razılaşmaların əldə edilməsi, tərəflərin qarşılıqlı razılığı və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçirilməsi və bunun həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab verməsi mövqeyindən çıxış edir”.
Sözçü həmçinin etiraf edib ki, “Zəngəzur dəhlizi ilə bağlı İran tərəfində müəyyən narahatlıq var və bu narahatlığa aydınlıq gətirilməsi üçün Tehrana müraciət etmək lazımdır”.
Ən əsası, bir müddət əvvəl rəsmi Bakı və İrəvan Zəngəzur dəhlizini sülh danışıqlarından çıxarmaq barədə razılığa gəlmişdilər. Rusiya niyə israrla onunla ümumiyyətlə qonşu belə olmayan Ermənistan ərazisindən keçən bu marşrutu tez-tez gündəmə gətirir? Zaxarovanın da dediyi kimi, İran niyə bu dəhlizin açılmasında destruktiv mövqeyini davam etdirir? Son zamanlar Ermənistandan Naxçıvan istiqamətində təxribatçı hücumların sayı durmadan artır. Bu təxribatlar Zəngəzur dəhlizinin açılmasına qarşı yönəlib?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-un suallarını cavablandırarkən bildirib ki, Rusiyanın yenidən Zəngəzur dəhlizini gündəmə gətirməsi Azərbaycanla Ermənistanın son zamanlar əldə etdikləri razılaşma ilə bağlı ola bilər:
“Bilirsiniz ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib. Onun iddiasına görə, bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə edilib. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan da Azərbaycan rəsmisinin bu fikirlərini təsdiqləmişdi. Bir-birini tamamlayan məlum bəyanatlar ictimai müzakirəyə çıxarıldığı bir zamanda Rusiya rəsmiləri tələm-tələsik Bakıya səfər etdilər. Əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana, ordan isə birbaşa Bakıya gəldi. Üstəlik, bu səfər o zaman baş vermişdi ki, həmin gün Ukrayna əsgərləri Kurska hücum etmiş və bir sıra yerləri ələ keçirmişdi. Məntiqlə, dünənə qədər Rusiyanın Müdafiə naziri olan, indi isə Təhlükəsizlik Şurasına rəhbərlik edən Sergey Şoyqu ölkəsinin bu ağır günündə Kremldən kənara çıxmamalı, çıxarsa, mütləq Kursk istiqamətində getməli idi. O isə, Kurska yox, İrana və Azərbaycana gəlmişdi. Bu fakt onu sübut edir ki, Rusiya Zəngəzur dəhlizinə öz torpaq bütövlüyü və suverenliyindən daha çox əhəmiyyət verir. Üzərindən çox keçməmiş biz Rusiya prezidenti Vladimir Putinin də Bakı səfərinin şahidi olduq. Putinin Bakıda Azərbaycan prezidenti ilə söhbətində müzakirə edilən əsas mövzulardan birinin də Zəngəzur dəhlizi olduğu şübhə doğurmur. Təsadüfi deyil ki, səfərdən az sonra İlham Əliyevə zəng edən Putinin gündəmində yenə Cənubi Qafqaz regionundakı vəziyyət var idi. Rəsmi məlumata görə, Putin söhbətində Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.
Putinin Bakıya səfərindən az əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Birinci kanal”a müsahibəsində Zəngəzur dəhlizinin açılmasının dalana dirənməsində Paşinyan hakimiyyətini günahlandıraraq bildirmişdi: “Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyaların açılmasına gəldikdə, üzərində baş nazir Nikol Paşinyanın imzası olan razılaşmanı məhz Ermənistan rəhbərliyi sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qoruyub saxlayır”. Lavrovun bu sözləri də əslində Azərbaycanla Ermənistanın Zəngəzur dəhlizi məsələsini sülh sazişindən sonraya saxlamasından Rusiyanın duyduğu narahatlığı ən dolğun şəkildə ifadə edir”.
Heydər Oğuzun fikrincə, bunun əsas səbəbi Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı çıxardığı problemlərlə bağlıdır:
“Lavrov Ermənistanın bu tərəddüdünü Zəngəzur dəhlizini sabotaj kimi qiymətləndirir. Haqlıdır da. Amma Zəngəzur dəhlizinə rus hərbçilərinin nəzarət etməsini istəməyən İrəvanın da özünə görə haqlı arqumentləri var. Yaxın perspektivdə rus qoşunlarını tamamən Ermənistandan çıxarmaq istəyən İrəvan, təbii ki, onun sərhəd qoşunlarını gətirib Zəngəzura pərçimləyə bilməzdi. Onun məqsədi Rusiya ilə tamamilə əlaqəni kəsib Avropaya sığınmaqdır. Bunu isə yalnız rus əsgərləri ilə vidalaşaraq reallaşdırmaq mümkündür. İrəvanın bu arzusu təkcə Rusiyanı deyil, eyni zamanda İranı da narahat edir. İran Avropaya nəqliyyat marşrutunda yeganə ümid yeri kimi baxdığı Ermənistanla sərhədində regiondan kənar qüvvənin dayanmasını istəmir. Buna özünün tamamilə mühasirəyə alınması kimi baxır.
Üstəlik, Zəngəzur dəhlizinin açılmasını Türk dünyasının qurulması layihəsi kimi gördüyündən bunu da özünün mövcudluğuna təhlükə kimi qiymətləndirir. Bütün bu geosiyasi amillər İranın Zəngəzur dəhlizini öz “qırmızı cizgisi” kimi şərtləndirir. Əslində İranın bu mövqeyi təkcə bizim yox, həm də Rusiya və Çinin milli maraqları ilə ziddiyyət təşkil edir. Zaxarovun sitat gətirdiyiniz açıqlamasında Rusiyanın da İranın bu mövqeyindən narahat olduğu özünü açıq şəkildə büruzə verir. “Zəngəzur dəhlizi ilə bağlı İran tərəfində müəyyən narahatlıq var və bu narahatlığa aydınlıq gətirilməsi üçün Tehrana müraciət etmək lazımdır”, - deyərkən Zaxarova əslində Rusiyanın nigarançılığını dilə gətirib”.
Heydər Oğuz hesab edir ki, məsələnin bu aspekti Mariya Zaxarovanın coğrafi anlayışları bir-birinə qarışdıraraq Zəngəzur marşrutunu niyə Şimal-Cənub marşrutuna aid etməsinin əsl səbəbinə aydınlıq gətirir:
”Əslində isə Zəngəzur dəhlizinin Şərq-Qərb marşrutunun tərkib hissəsi olduğu, onun Şimal-Cənub marşrutu ilə heç bir əlaqəsi olmadığı hamıya, hətta Paşinyana da bəllidir. Təsadüfi deyil ki, müxtəlif qütbləri Zəngəzurda qovuşdurmaq xəyalları quran Paşinyan belə, “dünyanın kəsişməsi” projesindən dəm vurur. Bununla da kəsişən xətlərin iki fərqli marşrut olduğunu ifadə etməyə çalışır. Zaxarova kimi təcrübəli diplomatın normal şərtlərdə bunu bilməməsi mümkün deyil. Əgər həqiqətən də Zəngəzuru Şimal-Cənub marşrutuna aid edibsə, bu, iki ehtimaldan qaynaqlanır: ya Mariya xanım bu iki marşrutu bir-birinə qarışdırıb, ya da o, hansı istiqamətə baxırsa orda Zəngəzur dəhlizini görür. Hər iki ehtimal bir həqiqətdən xəbər verir: Zəngəzur dəhlizi sevdası rəsmi Moskvanı əməlli-başlı qarışdırıb”.
O ki qaldı Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın marağına, Heydər Oğuza görə, rəsmi Bakı bu suala cavabı Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı-Tbilisi-Ceyhan neft kəmərini, TANAP-TAP layihələrini çəkərkən verib:
“Biz xüsusilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərini inşa edərkən, öz seçimimizin Gürcüstandan yana olduğunu ortaya qoymuşuq. Çünki rəsmi Bakı Zəngəzur dəhlizində bu cür problemlərlə üzləşəcəyini hələ o zamanlar dərk edirdi.
Zəngəzur dəhlizi bizə dünyaya çıxış üçün yox, sadəcə Naxçıvanla kommunikasiya əlaqələrini bərpa etmək üçün lazım idi. Bunun əvəzində isə biz Ermənistanı dünyaya bağlayacaqdıq. Amma İrəvan, el dilində desək, tanrısına təpik atdı. Biz də 2022-ci ilin mart ayında İranla memorandum imzalamaqla alternativ yol tapdıq. İrandan keçəcək bu kommunikasiya xətti ilə Zəngəzur dəhlizi arasında elə də ciddi fərq yoxdur. Araz dəhlizi adlanan İran üzərindən keçiş xətti digərindən təxminən 8 km. uzundur. Amma nə Rusiyanın, nə ABŞ-ın himayəsində ehtiyacımız var. Hesab edirəm ki, bundan sonrasını İrəvan düşünməlidir. Ya o, bizim legitim tələblərimizlə razılaşmalı, ya da İlham Əliyev demişkən, bütün beynəlxalq marşrutların yan keçdiyi “dalan dövlətə” çevrilməlidir. Ona tərəqqi yoluna qədəm qoymağa Rusiya, İran və ABŞ arasında yaşanan rəqabət imkan vermirsə, bunun da çarəsini yenə özü tapmalıdır.
Hər halda xaricdəki lobbiləri sayəsində ölkəsini beynəlxalq güc mərkəzlərinin poliqonuna çevirən biz yox, onlardır. Bir vaxtlar məhz onların qoltuğuna sığınaraq qonşusunun ərazilərini işğal etməyə çalışanda “dalan dövlətə” çevrilmə ehtimalını nəzərə almalı idi. Nəzərə almayıbsa, deməli, strateji düşünmə qabiliyyətinə malik deyil”.
Heydər Oğuz Ermənistanın Naxçıvana vaxtaşırı təxribatlara əl atmasını da onların xarici havadarlarının proyekti hesab edir, amma bunun böyük müharibəyə səbəb olacağına inanmır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ