İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun silahları İrəvanı “vuracaq”: Fransa Ermənistan büdcəsini talayır

ABŞ və Qərb heç kimə əvəzini ala bilməyəcəyi heç nəyi vermir, böyük ehtimalla Ermənistan indi Qərbdən aldığı silahların dəyərini yalnız öz müstəqilliyi ilə ödəməli olacaq... ABŞ, Avropa Birliyi və Fransa çəkdiyi hərbi xərclərin qarşılığında rəsmi İrəvandan Cənubi Qafqazda “geopolitik alət” kimi istifadə edəcək, Ermənistan tezliklə ermənilərin yaşadığı, ancaq Qərbin idarə etdiyi coğrafi məkana çevriləcək...

Cənubi Qafqazda geopolitik situasiya ən yüksək həddə qədər gərginləşib. İndi bu regionda savaş hazırlıqları daha ön planda görünür. Ona görə də, hazırda Cənubi Qafqazda sülh prosesinin inkişaf perspektivlərindən danışmaq bi qədər çətindir. Hər halda, regional sülh prosesinin növbəti dəfə dalana dirəndiyini göstərən faktorlar daha qabarıq şəkildə nəzərə çarpır. Və belə situasiya yaxın gələcək üçün Cənubi Qafqazda növbəti müharibə təhlükəsini aktual saxlayır.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda indi yaranmış təhlükəli situasiyanın arxasında “məkrli üçlüyün” geopolitik maraqları dayanır. Belə ki, ABŞ, Avropa Birliyi və Fransa bu regionda sülh prosesini əngəlləməkdə davam edir. Ona görə də, yaxın gələcəkdə bu regionda baş verə biləcək istənilən silahlı toqquşmalara görə məhz “məkrli üçlük” siyasi məsuliyyət daşımalı olacaq. Və Cənubi Qafqazın yenidən xaos məkanına çevrilməsi məqsədilə Qərbdən atılan addımlar regional sülh prosesinin bloklanmasında birbaşa rol oynayan faktorlar sırasında göstəriləcək.

1712667597_photo_5235601370919329952_y.jpg (116 KB)

Məsələ ondadır ki, “məkrli üçlük” Ermənistanın sürətlə silahlandırılması prosesinin arxasında olan əsas qlobal güc mərkəzidir. ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı gücləndirərək, Cənubi Qafqazda geopolitik for-posta çevirmək niyyəti güdür. Əsas hədəfə gəldikdəsə, əgər, bu yeni “erməni layihəsi”ni reallaşdırmaq mümkün olarsa, “məkrli üçlük” öz geopolitik təxribatlarını məhz Ermənistan üzərindən həyata keçirtməyə çalışacaq. Və bu, o deməkdir ki, “məkrli üçlük” Cənubi Qafqazı planlı şəkildə “qaranlıq tunelə” doğru sürükləməyə çalışır.

Təbii ki, rəsmi Bakı ABŞ, Avropa Birliyi və Fransanın məkrli oyunlarının əsas hədəflərini tam dəqiqliyi ilə bilir. Üstəlik, ABŞ, Avropa Birliyi və Fransanın beynəlxalq məkanda Azərbaycana qarşı təzyiq kampaniyası aparmaqla, birmənalı şəkildə ermınipərəst mövqe tutduğu da inkaredilməz reallıqdır. Belə situasiyada rəsmi Bakının verdiyi siyasi reaksiya da tamamilə “məkrli üçlüyün” davranışlarına adekvat məzmun daşıyır. Və Azərbaycanın prinsipial davranaraq, qətiyyətlə müqavimət göstərməsi isə Qərbdə ciddi qıcıq doğurur.

Maraqlıdır ki, bir müddət öncə ABŞ-ın ermənipərəst dövlət katibi Entoni Blinken növbəti dəfə siyasi manipulyasiyalara cəhd göstərmişdi. Belə ki, ABŞ-ın səlahiyyətləri sona çatmaqda olan dövlət katibi ATƏT-in Maltada keçirilən toplantısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə vasitəçilik etməyə cəhd göstərmişdi. Və rəsmi Bakının qətiyyətli mövqeyi ilə üzləşdikdən sonrasa, narazı şəkildə geri çəkilmək məcburiyyətində qalmışdı.

er-ab-abs.jpg (97 KB)

Məsələ ondadır ki, ermənipərəst dövlət katibi siyasi arenadan gedərayaq Ermənistana növbəti xidmətini göstərmək niyyətinə düşmüşdü. Əgər, Malta görüşü keçirilsəydi, vasitəçilik edən ABŞ-ın dövlət katibi mütləq Ermənistanın narrativlərini müzakirə mövzusuna çevirməyə çalışacaqdı. Nəticədə bir tərəfdən rəsmi İrəvanın maraqlarına uyğun mövzular gündəmə gətirilmiş olacaqdı, digər tərəfdənsə, ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı sülh prosesində vasitəçilik statusu qazanması üçün “siyasi pəncərə” açıqlacaqdı. Və rəsmi Bakı öz təqaüd dövrünü erməni diasporunun paraları ilə keçirtmək niyyətinə düşmüş ABŞ-ın dövlət katibi Entoni Blinkenin bütün planlarını boşa çıxartdı.

Göründüyü kimi, Cənubi Qafqaz ətrafında olduqca böyük oyunların oynanılmasına israrlı cəhdlər göstərilir. ABŞ Dövlət Departamentindən verilən son açıqlamada dövlət katibi Entoni Blinkenin tutduğu vəzifədə qalacağı son günə qədər Cənubi Qafqazdakı sülh prosesini diqqətdə saxlayacağının vurğulanması da əslində, erməni diasporuna yönəldilmiş kimi görünür. Və bu, həm də rəsmi Bakının öz prinsipial mövqeyi ilə Ağ Evdəki ermənipərəst siyasi dairələri ciddi şəkildə qəzəbləndirdiyini təsdiqləyir.

Ancaq ABŞ-ın ermənipərəst dövlət katibi nə etsə də, bundan sonra planlarından uzaq qalmağa məhkumdur. Hətta ABŞ, Avropa Birliyi və Fransanın ortaq şəkildə silahlandırması da Ermənistanın Cənubi Qafqazda geopolitik güc mərkəzinə çevrilməsinə təminat vermir. Çünki Ermənistanın maliyyə-iqtisadi resursları buna uyğun deyil. Baş nazir Nikol Paşinyan da son açıqlamasında vurğulayıb ki, Azərbaycanın hərbi büdcəsi Ermənistandan dəfələrlə çoxdur. Və bu, o deməkdir ki, rəsmi İrəvan da sürətlə silahlanmaqla, Ermənistanın Azərbaycan qarşısında üstünlük qazanmasının mümkün olmayacağını hər halda, anlayır.

ae21e77cbb-Avropa-ittifaqi-qeyri-konstruktiv-movqeye-son-qoymalidir.jpg (324 KB)

Digər tərəfdən, hətta Paşinyan hakimiyyəti bu sadə reallığı anlamaq istəməsə belə, Azərbaycan Prezidenti İlham Əliyevin son xəbərdarlıq mesajı Ermənistanın rəsmi dairələri üçün situasiyanı dəqiqləşdirmək imkanları açır. Belə ki, Prezident İlham Əliyev açıq mətnlə vurğulayıb ki, Ermənistan Azərbaycanla silahlanma yarışını uzun müddət davam etdirmək imkanlarına malik deyil. Yəni, Ermənistanın maliyyə-iqtisadi resursları belə ağır yükü daşıya bilməz. Və rəsmi İrəvan bu prosesin davam etdirilməsində israrlı olarsa, Ermənistan iqtisadiyyatının çökməsi, bu ölkəninin sosial-siyasi böhrana dücaq olması qaçılmaz xarakter daşıya bilər.

Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistanın çəkə bilməyəcəyi yükün altına girib. Düzdür, hazırda Ermənistana göndərilən silahların dəyəri dövlət kredit borcları sırasına yazılır. Ancaq bu, pozitiv deyil, daha çox neqativ nəticələr vəd edir. Çünki rəsmi İrəvan nə vaxtsa, bu hərbi kreditləri geri ödəməli olacaq. Və Ermənistanın ən fəlakətli günləri də məhz onda başlayacaq.

Məsələ ondadır ki, ABŞ və Qərb heç kimə əvəzini ala bilməyəcəyi heç nəyi vermir. Ona görə də, böyük ehtimalla Ermənistan indi Qərbdən aldığı silahların əvəzində öz müstəqilliyini itirməli olacaq. Yəni, ABŞ, Avropa Birliyi və Fransa çəkdiyi hərbi xərclərin əvəzi olaraq, Ermənistanı Cənubi Qafqazda “geopolitik müstəmləkə” kimi istifadə etməyə başlayacaq. Bu, o deməkdir ki, Ermənistan yaxın gələcəkdə ermənilər yaşasa da, Qərbin idarə etdiyi coğrafi məkana çevrilməyə məhkumdur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Dekabr 2024

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR