İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun bitməyən anti-Azərbaycan hikkəsi – BMT TŞ-nı də bezdirib!

Akif Nağı: “Fransa bütün istiqamətlərdə tam nüfuzdan düşüb”

Əhəd Məmmədli: “Heç bir ölkə Azərbaycanın üzərinə gəlməyəcək, hətta...”

Kənan Rövşənoğlu: “Azərbaycana ciddi təzyiq olacağını gözləmirəm”

Ermənistanın “böyük bacısı” Fransa Bakı və İrəvan arasında ədalətli sülhə töhfə vermək əvəzinə, qızışdırıcı və pozucu mövqeyini davam etdirir. Artıq xəbər verildiyi kimi, “5-ci respublika” BMT Təhlükəsizlik Şurasında (TŞ) ölkəmiz əleyhinə növbəti təşəbbüsə hazırlaşır. Fransa TŞ çərçivəsində ermənilərin Qarabağa qaytarılması ilə bağlı qətnamənin qəbulunu tələb edəcək. Belə bir açıqlamanı ölkənin xarici işlər naziri Katrin Kolonna Fransa Senatında verib.

Onun əsassız iddiasına görə, “Azərbaycan 100 mindən çox erməninin Qarabağdan çıxarılmasını planlaşdırıb və təşkil edib”.

Bildirib ki, “bu ağır cinayət cavabsız qala bilməz” və qayıdışla bağlı “sahədə (Qarabağda – red.) daimi beynəlxalq nəzarət də olmalıdır”.

Bunun ardınca bildirib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə danışıqlar yolu ilə həll oluna bilər. “Bakı başa düşməlidir: güc tətbiq etmək yolu ilə hərəkət edə bilməz”, - ermənipərəst nazir hikkəli şəkildə əlavə edib.

Xatırladaq ki, 44 günlük müharibə başlayanda sonra bu, Fransanın Azərbaycan əleyhinə BMT TŞ-də 5-ci cəhdi olacaq. Onun biri Vətən müharibəsi zamanı, üçü isə son bir il ərzində edilib (ötən ilin dekabrı, bu ilin avqustu və sentyabrı). Hamısı da fiaskoya uğrayıb.

Bəs budəfəki gözlənti nədir? Hansı ölkələr TŞ-də Fransaya dəstək verə bilər?

Azad Vətən Partiyasının sədri Akif Nağı Makronun son ümid yerindən danışdı:

AKİF.jpg (19 KB)

“Makronun uğursuz siyasəti nəticəsində Fransa bütün istiqamətlərdə tam nüfuzdan düşüb. O cümlədən Afrikadakı mövqeləri, daxili siyasəti ilə bağlı iflasa uğrayıb. Bu, həm Fransanın, həm də Makronun özünün məğlubiyyətidir. Ona görə də, Makron son ümid yeri kimi Qarabağdan, ermənilərdən yapışıb, bu kartla oynayıb, imicini bir qədər yaxşılaşdırmağa çalışır. Bu yöndə bir neçə cəhd edib, hər dəfə də daha pis vəziyyətə düşüb. Son olaraq BMT İnsan Haqları Şurasına bir qrup ölkə təmsilçilərinin imzaları ilə müraciətin qəbul edilməsinə nail oldu. Son olaraq, məhz Fransanın canfəşanlığı ilə AŞPA "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qərəzli və böhtan xarakterli qətnamə qəbul edildi. Bütün bunlar narahatlıq doğurur və BMT Təhlükəsizlik Şurasında da Fransanın nəyəsə nail ola biləcəyi ehtimalını yaradır. Vəziyyət kifayət qədər təhlükəli və mürəkkəbdir. Azərbaycan heç kəsin edə bilmədiyini edib, indi də heç kəsin dözə bilmədiyinə dözməyi bacarmalıdır. Bu hücumların mahiyyəti və məqsədi aydındır. Qərb, birinci növbədə Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir. Regionda Ermənistanın mövqelərini azacıq da olsa bərpa etməyə, həmçinin erməniləri Qarabağa qaytarmaqla Azərbaycanın ayaqları altına məqamında partladılacaq minalar yerləşdirməyə çalışır. Rusiya zorən Azərbaycanın haqlı hərəkətlərinə loyallıq etmək məcburiyyətindədir, eyni zamanda məsələnin yarımçıq həllinə nail olmağa çalışır. Bu şəraitdə Fransanın təşəbbüslərinə, BMT Təhlükəsizlik Şurasında müzakirə və qətnamənin qəbuluna diqqətlə yanaşmalı, tərəfdarlarımızı səfərbər etməli, Fransanın qərəzli təbliğatının qarşısını almalı, ayrı-ayrı dövlətlərə təsir imkanlarını məhdudlaşdırmalıyıq. Ötən dəfə Fransa istəyinə nail ola bilmədi. Bu dəfə bəzi dövlətlər yanlış mövqe tuta bilirlər. Təhlükəsizlik Şurasının əvvəlki iclasında gözlənilmədən Fransanın yanında yer alan Malta kimi ölkələrə həqiqəti çatdırmağı bacarmalı, "Malta sindromu"nun qarşısını almalıyıq. Bunun üçün imkanlarımız var. Sadəcə, səylərimizi bir qədər də artırmalıyıq”.

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli sonda Fransanın belə mövqeyini dəyişəcəyini söylədi:

AQQQ.jpg (54 KB)

“Birinci, fransız xarici işlər naziri anlamalıdır ki, Bakı artıq güc yolu ilə çox şeyi həll edib və bacıları ermənilər ağıllanmasa yenə güc tətbiq edəcəyik. Fransada necə əvvəl eləcə də, indi də Azərbaycanın Ermənistana tətbiq edəcək güc qarşısında dura bilməyəcək. Fakt, reallıq ortadadır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib və anti-terror əməliyyatları ilə Qarabağı separatçılardan, silahlı terrorçulardan təmizləyib. Bir müddət sonra heç bir ölkə Azərbaycanın üzərinə gəlməyəcək. Hətta Fransa belə mövqeyini dəyişəcək. Reallıqları dünyaya qəbul etdirdikdən, Xankəndidə Azərbaycan bayrağı dalğalanandan, bölgə tamamilə yurisdiksiyamıza keçəndən sonra Qərbin, Ermənistanın havadarlarının rəsmi Bakıya təzyiqləri zəifləyəcək. Ona görə düşünmürəm ki, Fransanın BMT-də 5-ci cəhdi uğurla nəticələnsin. Səs verməyə çıxarılsa belə Rusiyanın bir veto səsi məsələnin keçməməsi üçün bəs edəcək. Fikrimcə, Təhlükəsizlik Şurasının daimi üzvlərindən ABŞ dəstək verəcək. Digərləri neytral qala bilər. Məsələn, Çin və Britaniya”.

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Azərbaycana qarşı ciddi nəticənin əldə olunmayacağını düşünür:

KKK.jpg (31 KB)

“Hazırda dünya ölkələrinin diqqəti Yaxın Şərqə cəmləşdiyi üçün hətta Ukrayna müharibəsinə belə diqqət azalıb. Bu mənada zənn eləmirəm ki, bu dəfə daha ciddi anti-Azərbaycan "koalisiyası" yaransın. Yəni indi gündəm Fələstindir. Həll olunmuş Qarabağ münaqişəsi dünya dövlətləri üçün o qədər də ciddi maraq kəsb etmir. Ancaq aydın məsələdir ki, Fransa Ermənistanın himayəçisi kimi çıxış edir və Azərbaycana qarşı beynəlxalq təzyiq yaratmaq üçün cəhdlərini davam etdirəcək. Lakin dediyim kimi, ciddi bir nəticə əldə edəcəklərini zənn eləmirəm. Çünki münaqişənin hərbi mərhələsi həll olunub, indi qalıb mülki əhali ilə bağlı vəziyyəti qaydaya salmaq. Bunun üçün adətən dövlətlərə tövsiyələr verilir, dəstək təklif olunur. Çünki münaqişələrdən sonra dinc əhalinin taleyi bütün dünyada müşkül mövzudur, deyərdim ki, mövcud və keçmişdə olan ərazi münaqişələrinə baxdıqda mülkü əhalinin ən az zərər çəkdiyi münaqişə Qarabağ müharibəsi olub. Bu mənada bundan sonra reinteqrasiya mövzusunda Azərbaycana ciddi təzyiq olacağını gözləmirəm. Lakin Rusiyanın regionda təsirini azaltmaq üçün müəyyən təzyiqlər edə bilərlər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR