Onlayn ictimai-siyasi qəzet
Ermənilərin indiki Ermənistana gəlmə, yaxud köçürülmə olduqlarını çoxsaylı tarixi faktlar isbatlayır. XX əsrin 30-cu illərinədək ermənilər bu ölkədə etnik say baxımından da çoxluq təşkil etməyib.
Ermənistanda erməni cəmiyyəti müxtəlif illərdə miqrasiyaların sayəsində formalaşıb.
Son illər Suriya, Livandan bu ölkəyə köç edən ermənilərin sayı artıb. Mayın 22-də Ermənistan hökuməti Dəməşq və Hələbdən ölkəyə köç edib, vətəndaşlıq pasportlarını alan bu etnosun nümayəndələrinə dövlət rüsumunun ödənilməsinə təxminən 73 min dollar (27 milyon 160 min dram) ayırmaq barədə qərar qəbul edib.
Bildirilib ki, hökumətin qərarına əsasən, vətəndaşların həyatı, yaxud sağlamlığı üçün təhlükə yaradan fövqəladə vəziyyət şəraitində daimi yaşayış yerində (xarici ölkədə) olan erməni mənşəli xarici vətəndaşlar və ya respublika vətəndaşları xarici ölkələrdə Ermənistan vətəndaşının etibarlı pasportunun verilməsi, yaxud dəyişdirilməsi üçün dövlət rüsumundan azad edilirlər.
2025-ci ilin birinci rübü ərzində Suriyada 448 Ermənistan pasportu verilib. Onların 205-i Dəməşqdəki səfirlikdə, 243-ü isə Ermənistanın Hələbdəki Baş Konsulluğunda təqdim olunub.
Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin hesabatında bildirilir ki, son bir neçə il ərzində əhəmiyyətli sayda insan vətəndaşlıq alıb. Xüsusilə 2020-2024-cü illərdə təxminən 42 min nəfər vətəndaşlıq alıb. Təkcə 2024-cü ildə isə 18 min 63 nəfərə vətəndaşlıq verilib. Onlardan təxminən 3 mini 27 yaşdan kiçik olub. 2024-cü ildə 20 min 703 nəfər vətəndaşlıq üçün müraciət edib, 4 min 34 nəfər isə vətəndaşlıqdan imtina edib.
Keçmiş SSRİ dövründə də Ermənistana xarici ölkələrdən miqrasiya edərək, vətəndaşlıq alan ermənilərin sayı az olmayıb. 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 mindən çox bu etnosun nümayəndəsi Ermənistana köçüb. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 1945-ci il yanvarın 9-da Suriyanın Hələb şəhərində anadan olub. 1946-cı ildə ailəsi ilə birlikdə ovaxtkı Ermənistan SSR ərazisinə köçüb.
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladıqdan sonra təxminən 17 min erməni Suriyanı tərk edərək Ermənistana köçüb.
İndi bu rəqəmlər adi görünsə də, əslində onların gəlmə olduqlarını təsdiqləyir. Bir vaxtlar müxtəlif ölkələrdən Azərbaycanın qədim və tarixi torpaqlarına - İrəvan, Göyçə, Zəngəzur, Qarabağ, Gəncə, Şamaxı, Quba, Bakı bölgələrinə də ermənilər oxşar qaydada köçürülüblər. Onlar bu ərazilərə Rusiya çarının etibarlı təbəəsi olaraq yerləşdiriliblər.
Rusiya, sonralar isə SSRİ-nin zəifləməsindən istifadə edərək türkləri (azərbaycanlıları) yurdlarından qovublar.
Bu azmış kimi gəlmə ermənilər, Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan, Seyran Ohanyan və başqaları Qarabağın işğalında, Xocalı soyqırımı və s. belə cinayətlərin törədilməsində iştirak ediblər.
Ermənilər Azərbaycan torpaqlarında uydurma tarixi dövləti bərpa etmək üçün türkləri (azərbaycanlıları) ötən yüz ildə üç dəfə kütləvi şəkildə deportasiya ediblər: 1918-1920, 1948-1953, 1987-1991-ci illərdə.
Moskvanın yardımı nəticəsində 1991-ci ildə Ermənistan türklərdən (azərbaycanlılardan) tamamilə təmizləndi. Minlərlə azərbaycanlı, müsəlman qətlə yetirildi, xəsarət aldı, itkin düşdü, mal-mülkündən məhrum edildi. Ən əsası Ermənistan vətəndaşlığı, pasportundan güc tətbiqi nəticəsində məhrum olundular. Bu insanların bütün növ insan və milli hüquqları, o cümlədən mülkiyyət, torpaq haqları Ermənistan tərəfindən tapdanıb, əllərindən alınıb.
Gəlmələrin hesabına və Rusiya ilə Fransanın havadarlığı sayəsində dövlət halına salınan bu ölkə qərbi azərbaycanlıların yurdlarına, torpaqlarına miqrasiya edildi, vətəndaşlıq verilmiş ermənilər oralara yerləşdirildilər.
Azərbaycan torpaqlarını işğal edəndən sonra erməni liderləri oxşar prosesi Qarabağda da həyata keçirməyə səy göstərdilər. Ancaq 44 günlük döyüşlər onların bütün xəyallarını puç etdi.
Ermənistan hakimiyyətinin bütün səviyyədən olan təmsilçiləri “Qarabağ Azərbaycandır” deyib, dünyaya car çəkirlər.
Təəssüf ki, onlar hüquqları tapdanan Qərbi azərbaycanlılar, Qərbi Azərbaycan barəsində etiraf etmirlər.
Bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan ötən gün bildirib ki, Ermənistan ərazisində "Qərbi Azərbaycan" yoxdur. O, coğrafi “biliyini” nümayiş etdirərək, deyib: “Qərbi Azərbaycan – Azərbaycan Respublikasının qərb rayonlarıdır”.
Coğrafi cəhəti düz tapsa da, sonra azıb. Azərbaycan Respublikasından Qərbdə yerləşən Ermənistan ərazisində dədə-baba, tarixi torpaqlarından, yurdlarından qovulmuş azərbaycanlıların yaşadıqları ərazi şərti olaraq Qərbi Azərbaycan adlanır. Çünki bu əraziyə, İrəvan, Göyçə, Zəngəzur, Basarkeçər, bir sözlə indiki Ermənistanın əhatə etdiyi, tarixən Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan Qərbi Azərbaycan adlanır.
Yuxarıda qeyd etdiyimiz proses nəticəsində indiki Ermənistan yaranıb. Rəsmi Bakı bu ölkəyə ərazi iddiası etmir. Bütün dünya ermənilərini, o cümlədən rəsmi İrəvanı rahatsız bu məsələyə Prezident İlham Əliyev 2021-ci il aprelin 13-də ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında münasibət bildirib: “Biz tariximizi unutmayacağıq, lakin Ermənistan da daxil olmaqla, hər hansı ölkəyə qarşı heç bir ərazi iddiamız yoxdur”.
Dövlət başçısı bu qədər aydın və qısa cavab verib. Belə qənaətə gəlmək olar ki, qərbi azərbaycanlıların tapdanan hüquqlarının bərpası məsələsi də unudulmur.
Bu planda Azərbaycanın əsas şərti 1988-ci ildə Ermənistandan qovulan 300 minədək qərbi azərbaycanlının bütün insan hüquqları, eləcə də gələcəkdə bu ölkədə yaşamaq hüquqlarının tanınması və bərpa olunmasıdır. Bu baxımdan canilərin açıqlamaları erməni hay-küyündən, saxtakarlığından savayı bir şey deyil.
Rəsmi İrəvan dünyanın müxtəlif ölkələrindəki ermənilərə Ermənistan vətəndaşlığı verərək, onları yurdundan qovulan qərbi azərbaycanlıların evlərində, yurdlarında, torpaqlarında yerləşdirir.
Bütün qurama oyunlara, xaricdən erməniləri ölkəyə gətirmək səylərinə baxmayaraq, yeni nəsil oradan qaçır.
Müdafiə naziri Suren Papikyan mayın 22-də hökumətin iclasında bildirib: “Bir çox valideynlər uşaqlarının orduya getməməsi üçün onları Ermənistan vətəndaşlığından məhrum edirlər”.
Nazirin sözlərinə görə, söhbət minlərlə insandan gedir. O, milli təhlükəsizlik səbəbindən konkret rəqəmləri açıqlamayacağını da qeyd edib: “Qısaldılmış hərbi xidmət haqqında qanun layihəsinin qəbulu təhlükəsizlik səbəbindən müxtəlif yollarla ordudan yayınmağa çalışan vətəndaşlara, heç olmasa qısaldılmış müddət ərzində hamı kimi Ermənistan Respublikasının Silahlı Qüvvələrində xidmət etməyə imkan verəcək”.
Baş nazirin müavini Tiqran Xaçatryan da bunun son dərəcə həssas və vacib məsələ olduğunu bildirib.
Qeyd edək ki, qanun layihəsində 63 min dollar (24 milyon dram) ödəyərək bir ay xidmət etmək və ya 47 min dollar (18 milyon dram) ödəyərək dörd ay xidmət etmək nəzərdə tutulub. Bundan əlavə, məcburi hərbi xidmətin yuxarı yaş həddinin 27-dən 32-yə qədər artırılacağı bildirilir.
Belə görünür, hakimiyyət xarici ölkədəki ermənilərə vətəndaşlıq verməklə Ermənistanın müdafiəsini də onlara həvalə etməyə səy göstərir.
Bu ölkədə repatriasiya haqqında qanun qəbul edilməyib. Qanun qəbul ediləcəyi halda ondan ilk növbədə qərbi azərbaycanlılar istifadə edə bilər. Onların bu hüquqdan yararlanmasını bloklamaq məqsədi ilə hakimiyyət onu beş ildən çoxdur qəbul etmir. 448 suriyalıya verilən Ermənistan vətəndaşlığı da prezidentə müraciət əsasında reallaşır. Odur ki, Qərbi azərbaycanlılar da vətəndaşlıqlarının bərpası üçün o ölkənin prezidentinə tapdanan hüquqlarının bərpası istiqamətində müraciət edə bilər...
Sədrəddin Soltan,
Report.az
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ