İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Azərbaycanla düşmənçilikdən çəkilir? - səfir Şuşaya getməyincə...

Fransa liderinin Azərbaycan Prezidentinə yaxınlaşıb görüşməsindən sonra Yelisey sarayının Bakıya münasibəti yaxşıya dəyişə bilərmi - şərh

“Fransa Azərbaycan və Ermənistanın yekun sülhə nail olmaq və sülh sazişi imzalamaq səylərini dəstəkləyir”. “Yeni Müsavat” xatırladır ki, bunu Fransa Prezidenti Emmanuel Makron mayın 16-da Avropa Siyasi Birliyinin sammitinin plenar iclasında çıxışı zamanı belə deyib.

Yada salaq ki, Albaniyada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısı çərçivəsində Makron Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlaşaraq görüşüb. Bu da faktdır ki, Fransa 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı bir sıra qərəzli bəyanatlar verib, mövqelər sərgiləyib. O sırada BMT TŞ-də ölkəmiz əleyhinə qətnamə qəbul edilməsinə üç dəfə cəhd edib.

Bəs Tiranada olan görüşdən sonra Yelisey sarayının Bakıya münasibəti yaxşıya dəyişə bilərmi? Əslində bu haqda ən azı o halda danışmaq olar ki, Fransanın ölkəmizdəki səfiri də digər əcnəbi diplomatlar kimi Şuşaya ayaq basacaq. Bu isə görünmür. Hələ harasıdır, Fransanın Ermənistandakı səfiri utanmazcasına Şuşanı erməni ağzı ilə, uydurma “Şuşi” adlandırır...

Azər Badamov: Azərbaycan Ordusu ilkə imza ataraq müasir dünya tarixində  yeni bir qəhrəmanlıq səhifəsi yazıb - AZƏRTAC

Azər Badamov

“Yeni Müsavat”a danışan deputat Azər Badamov Makronun hərəkətlərini növbəti oyun kimi qəbul edir: “Fransa prezidentinin ölkəmizə münasibəti üzdə görünən kimi deyil. O, Tiranada Prezident İlham Əliyevlə özünü səmimi göstərmək istəsə də, içindəki erməni sevgisi davam etməkdədir. Əgər bir dövlət başçısı ölkələrarası münasibətlərə səmimi yanaşırsa, onun hərəkətləri saxta olmamalıdır. Avropa Birliyinin sammitində etdiyi çıxışında Makron Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini bildirir. Bu həqiqətən belədirsə, Ermənistanı silahlandırmaqda məqsədiniz nədir? Makron həqiqətən sülhün və əməkdaşlığın tərəfdarıdırsa, Ermənistanı həm silahlandırmaqdan, həm də silahlanmasından çəkindirməlidir. Bir ölkə millitarizasiyaya üstünlük verirsə, bu onun sülh niyyətlərindən uzaq olduğunu göstərir. Bu baxımdan Makronun Tiranadakı təbəssümlü hərəkətlərinin həm də saxta olduğunu düşünürəm”.

Deputatın fikrincə, Prezident İlham Əliyev Tiranada sammitdə iştirak edən liderlər arasında özünün səmimiyyəti ilə fərqlənirdi: “Hamı cənab Prezidentlə görüşməkdə və ünsiyyət yaratmaqda maraqlı idi. Hətta Paşinyan da dövlət başçımızdan bir yerdə kofe içməyi və məsələləri müzakirə etməyi xahiş etdi. Bütün bunları görən Makron dövlət başçımıza yaxınlaşır və özünün də səmimi olduğunu nümayiş etdirməyə çalışdı. Bir daha qeyd etmək istəyirəm ki, Makronun hakimiyyətində regionumuzda yaratdığımız reallığa səmimi münasibət varsa, Ermənistandakı səfiri "Şuşi" deməməli, Azərbaycandakı səfiri isə bütün ölkələrin səfirləri ilə bir yerdə Şuşaya getməlidir. Əgər bunların heç birini müşahidə etmiriksə, Makronun təbəssümlü hərəkətlərini oynadığı növbəti teatr kimi qəbul edirəm".

Rəşad Bayramov: “Ermənistan prezidenti manipulyasiya ilə məşğuldur” -  Azərbaycan Milli İstiqlal Partiyası

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Fransa rəhbərinin bəyanatını səmimiyyətdən çox-çox kənar sayır: “Fransanın və daha konkret desək, Makron və onun hakimiyyətinin Azərbaycana münasibəti ortadadır. Makron hakimiyyətinin Azərbaycana münasibəti hər zaman mənfi olub və xüsusilə də Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək uğrunda hərbi əməliyyatlara başlayandan sonra mənfi münasibətlər açıq şəkildə özünü göstərməyə başlayıb. Makron İkinci Qarabağ müharibəsi başlananda açıq şəkildə işğalçıların tərəfini tutan mövqe ortaya qoymağa başladı və dəfələrlə Azərbaycan əleyhinə bəyanatlar verərək, hətta ölkəmizə qarşı sanksiyaların qəbul edilməsi üçün də cəhdlər etdi. Avropa institutlarındakı mövqeyindən istifadə edən Fransa təkcə özü deyil, Avropa İttifaqının ayrı-ayrı qurumlarını ölkəmiz əleyhinə kampaniyada iştiraka cəlb etdiyini də hər birimiz görmüşük. Xüsusilə də Azərbaycan xüsusi xidmət orqanlarının Fransanın casus şəbəkəsini ifşa etməsi Makronu daha da azğınlaşdırdı və iş o yerə gəlib çatdı ki, rəsmi Paris Yeni Kaledoniya və dənizaşırı ərazilərdə Fransa zülmünə qarşı ayaqlanmada da Azərbaycan izləri axtarmağa başladı”.

R.Bayramov görə, Fransanın Azərbaycan qərəzinin həddi və ayrı-ayrı rəsmilərinin bəyanatları, Fransanın Ermənistandakı səfirinin davranışları, eləcə də ölkəmizdəki Fransa səfirinin hələ də Şuşaya səfər etməməsi onu deməyə əsas verir ki, Makronun “Fransa Azərbaycan və Ermənistanın yekun sülhə nail olmaq və sülh sazişi imzalamaq səylərini dəstəkləyir” bəyanatı səmimiyyətdən çox-çox uzaq bəyanatdır: “Əksinə, Fransanın bütün addımları onu göstərir ki, Makron hakimiyyəti hələ də Azərbaycan və Ermənistan arasında gərgin münasibətləri özlərinin Cənubi Qafqaz maraqlarını təmin etmək üçün bir fürsət olaraq görürlər. Sadəcə, Makron Avropa İttifaqının Azərbaycana olan ehtiyacı fonunda Aİ rəhbərliyinin Azərbaycanla münasibətləri düzəltmək üçün etdiyi cəhdləri və faktiki olaraq təkləndiyini gördüyü üçün bu şəkildə bəyanatla çıxış etmək məcburiyyətində qalıb”.

Partiya rəsmisi hesab edir ki, Azərbaycan özünün prinsipial mövqeyi ilə Aİ-yə rəsmi Bakıya nəyisə diqtə etməyin mənasız olduğunu, qarşılıqlı əməkdaşlığın diqtəyə yox, dialoqa və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanmalı olduğunu qəbul etdirə bildi: “Ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm oyunçulardan biri olması, eləcə də Avropa üçün vacib olan tranzit imkanları Avropa İttifaqını Azərbaycanla münasibətlərə yenidən baxmağa məcbur etdi. Bunun ən bariz sübutu Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tiranada baş tutan 6-cı sammiti və orada ölkə başçısına olan münasibətdir. Odur ki, Makronun həmin tədbirin plenar iclasında başqa mövqedən çıxış etməsi faktiki olaraq mümkünsüz idi və Makron da Avropa İttifaqı liderlərinin Azərbaycana olan münasibəti fonunda özünü sülh istəyən tərəf kimi göstərmək məcburiyyətində qaldı. Əgər Makron həqiqətən də Azərbaycanla Ermənistan arasında sülhdə maraqlıdırsa, o zaman bunu real addımlarla sübut etməlidir. Məsələn, Ermənistanı silahlandırmağı dayandırmalı, "kiçik bacı"sını Zəngəzur dəhlizinin açılmasına, konstitusiya dəyişikliyi etməyə və Minsk Qrupundan imtinaya inandırmalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR