Onlayn ictimai-siyasi qəzet
Bu gün Belarusda prezident seçkiləri keçirilir. 6,9 milyon Belarus seçicisi axşam saat 20:00-dək seçki məntəqələrində səs verəcəklər. Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.
1954-cü il avqustun 30-da doğulan Aleksandr Lukaşenko Mogilyov Dövlət Pedaqoji Universitetini və Belarus Kənd Təsərrüfatı Akademiyasını bitirib.
Prezident kürsüsünü 1994-cü ildən tutur. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015 və 2020-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.
Musavat.com xəbər verir ki, Rusiyanın “Svobodnaya pressa”nəşri hakimiyyəti yenidən əlində saxlayacağı şübhə doğurmayan Belarus prezidentinin buna necə olduğu haqda silsilə yazılar dərc edib. Bu dəfə Rusiya mediası Lukaşenkonun cinayət aləminə, “qanuni oğru”larla mübarizəsi haqda yazıb.
SSRİ-nin dağılmasından sonra mütəşəkkil cinayətkarlıq yenicə müstəqillik qazanmış possovet respunlikalarının bəlası idi. “Müstəqil inkişaf yoluna yenicə qədəm qoymuş Belarusun o vaxtkı gənc rəhbəri seçilmiş Aleksandr Lukaşenko bu çətin işin öhdəsindən gəldi. Hətta o qədər yaxşı gəldi ki, son üç onillikdə Belarusda mütəşəkkil cinayətkarlıqla bağlı problem yoxdur. Halbuki Sovet İttifaqının dağılmasından sonra çoxsaylı mütəşəkkil cinayətkar qruplar və onlara rəhbərlik edən “qanuni oğrular” özlərini Belarusda da görünməmiş azadlıqda hiss etdilər. İnsanlar evdə, küçədə, magistral yollarda, mağazalarda və s. qarət edilir və öldürülürdü. Mütəşəkkil cinayətkarlığa qarşı əsl müharibənin başlanmasının rəsmi səbəbi 1997-ci il oktyabrın 6-da deputat Yevgeni Mikolutskinin öz evinin qarşısında qətli oldu.
Ertəsi gün Belarus prezidenti bəyanatla çıxış edərək, açıq şəkildə mütəşəkkil cinayətkar qrupları Mikolutskinin ölümündə günahkar elan etdi və onları məhv etmək üçün dövlət tədbirlərinə başladı. Bir neçə gün sonra prezident bəyan etdi ki, cinayətkar qruplaşmaların bəzi hakimiyyət nümayəndələri tərəfindən himayə edilməsi faktlarından yaxşı xəbərdardır. Beləliklə, onlara qarşı da müharibə elan edildi. Fərman verildi ki, tutduğu vəzifədən asılı olmayaraq, mütəşəkkil cinayətkar dəstəni təşkil etməkdə və ya saxlamaqda şübhəli bilinən istənilən vətəndaş həbs ediləcək. Mikolutskinin ölümündə cinayətkar qrupların günahı təsdiqlənmədi, lakin bu, cinayətkarlara qarşı barışmaz mübarizənin başlanması üçün əla səbəb oldu”,- deyə nəşr yazır.
Rusiya nəşri yazır ki, Belarus rəhbərliyinin mütəşəkkil cinayətkarlığın liderlərinə qarşı mübarizəsində ən təsirli tədbir “qanuni oğru”ların aradan götürülməsi idi: “1997-ci ildə “Şçavlik” , 1999-cu ildə “Tratsa” , 2000-ci ildə “Lukaş” ləqəbli “qanuni oğru”, eləcə də onların təyin etdikləri “nəzarətçilər”(smotryaşşi) izsiz yoxa çıxdılar. Hakimiyyətin bu gedişi kriminallları bir-birindən şübhələnməyə və haqq-hesab çəkməyə vadar etdi. Kriminal dəstələr bir-biri ilə vuruşmağa başladılar ki, bu da hakimiyyətə bəzi cinayətkarları onların öz əli ilə məhv etməyə imkan verdi. Mütəşəkkil idarəçiliyini itirən cinayətkar qruplar zəifləməyə, kiçik dəstələrə parçalanmağa və ya hətta Belarus ərazisində fəaliyyətlərini məhdudlaşdırmağa başladılar”.
Nəşr yazır ki, 2000-ci ilə qədər Belarusun əsas "qanuni oğruları" aradan götürüldü, onların yerini tutmağa həvəsli olanlar isə ölümdən qorxdular, bundan sonra daha sakit yerlərə köçməyə üstünlük verdilər.
Musavat.com
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ