İnsanlara hürriyət, millətlərə istiqlal!

Liz Trassa BÖYÜK ŞOK - Ruslar onun şəxsi mesajlarını ƏLƏ KEÇİRDİ

Böyük Britaniya hökuməti keçmiş baş nazir Liz Trassın xarici işlər naziri olduğu müddətdə telefonundakı məlumatların hakerlər tərəfindən ələ keçirilməsi ilə bağlı iddialarla üzləşib.

Musavat.com BBC-ə istinadən xəbər verir ki, Trassın Ukrayna müharibəsi məsələsi də daxil olmaqla xarici liderlərlə danışıqları və şəxsi mesajları ələ keçirilib.

Keçmiş baş nazirin telefonundakı məlumatların ələ keçirilməsində Rusiyaya işləməkdə şübhəli bilinən agentlərin əli olduğu iddia edilir. Bildirilir ki, həmin məlumatlar arasında Trass ilə maliyyə naziri Kvasi Kvartenq arasında baş nazirlik dövründəki yazışmalar da var.

Britaniya mətbuatı kibertəhlükəsizlik hücumunun təfərrüatlarının o vaxtkı baş nazir Boris Conson və Nazirlər Kabinetinin katibi Saymon Case tərəfindən gizlədildiyini yazır.

Hökumət mediada yayılan iddiaları şərh etməyib.

Məsələ ilə bağlı açıqlama verən İcmalar Palatasının Müdafiə Seçki Komitəsi kiberhücumların Rusiya tərəfindən daimi təhdid olduğunu və hökumətin onların qarşısını almaq üçün sərt tədbirlər gördüyünü bildirib.

"Bu, Rusiyadan gələn daimi təhdiddir. Onlar bu kiberhücumlarda və hakerlikdə getdikcə daha yaxşı olurlar. Biz bunun baş verməməsi üçün ən sərt tədbirləri görürük. Kəşfiyyat və təhlükəsizlik komitəsi daha çox araşdırma aparmalıdır" - Müdafiə Seçki Komitəsinin sədri Tobias Ellvud bildirib.

Müxalifətdə olan Liberal Demokrat və İşçi Partiyası isə iddiaları “son dərəcə ciddi” adlandırıb və hökuməti araşdırma başlatmağa çağırıb.

Leyboristlər Partiyasından olan deputat Yvette Kuper deyib ki, bu, Britaniyaya zərər vurmaq istəyən ölkələrin təhdidlərinin ciddiliyini göstərir.

"Belə bir hücumun aşkarlanması bizim kəşfiyyat və təhlükəsizlik orqanlarımız tərəfindən çox ciddi qəbul edilməli olan milli təhlükəsizlik məsələsidir. Bu məlumatların niyə və necə sızdığı ilə bağlı ciddi təhlükəsizlik sualları da var və bunlar təcili araşdırılmalıdır”, - Kuper bildirib.

Liberal Demokratlar Partiyasının Xarici Əlaqələr sözçüsü Layla Moran iddia edilən hücumun niyə daha əvvəl ictimaiyyətə açıqlanmadığını soruşub: "Həqiqəti üzə çıxarmaq üçün təcili olaraq müstəqil araşdırmaya ehtiyacımız var. Liz Trassın liderliyə namizədliyini qorumaq üçün bu məlumatın ictimaiyyətdən gizlədildiyi ortaya çıxarsa, bu, bağışlanası bir şey olmaz".

Qeyd edək ki, Liz Trass Böyük Britaniya hökumətinin ən qısamüddətli baş naziri olub. Cəmi 45 gün baş nazir postunu tutan Trass bundan əvvəl Xarici İşlər Naziri vəzifəsində çalışıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR