İnsanlara hürriyət, millətlərə istiqlal!

Lisenziyaları ləğv olunan plastik cərrahlar ölkə rəhbərliyinə müraciət etdilər

Bir müddət əvvəl lisenziyası ləğv edilən plastik cərrahlar ölkə rəhbərliyinə müraciət edib.

Musavat.com bildirir ki, bu barədə hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova məlumat yayıb.

"2011-ci ildən əvvəl Azərbaycanda rezidentura təhsili mövcud olmayıb və plastik cərrahiyə ilə ümumi cərrahlar ixtisasartırma yolu ilə qanuni şəkildə məşğul olurdular. Bu həkimlərin fəaliyyətləri o dövrün qanunlarına tam uyğun olub. Lakin son araşdırmalarda saxta yollarla sertifikat alanlarla yanaşı, həmin qanuni təcrübəyə sahib həkimlərin də sənədlərinin ləğvi haqlı narazılığa səbəb olub. Ona görə də onlar AR Mülki Məcəllənin 7.3-cü maddəsinə əsaslanaraq pozulmuş hüquqlarının bərpası üçün ölkə rəhbərinə müraciət ediblər", deyə Qənirə Ataşova bildirib.

Lisenziyası ləğv edilə plastik cərrahlar müraciətlərində qeyd ediblər:

"2011-ci ildən əvvəl ali təhsilini başa vurmuş və rezidentura ilə plastik cərrahiyyə ixtisasının mövcud olmadığı dövrdə ümumi cərrah kimi məzun olmuş, lakin illərdir plastik cərrah kimi fəaliyyət göstərən həkimlərik.

Mövcud qanunvericiliyə əsasən, ixtisas dəyişməsinə icazə verilirdi(maddə 48), lakin Səhiyyə Nazirliyinin 24.01.2025-ci il tarixli əmri ilə qəbul olunmuş qərara əsasən, 10-15 illik təcrübəyə malik olan biz plastik cərrah kimi fəaliyyət göstərən ümumi cərrahların qanunla verilmiş sertifikatları ləğv olunaraq məhdudiyyətlər qoyulmuşdur və bizə təklif olunan cərrahi status bizim bundan sonrakı peşə fəaliyyətimizə uyğun gəlmir".

Xatırladaq ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyaya müraciət edən 82 estetik cərrahdan yalnız 42-si fəaliyyətə rəsmi icazə alıb. Qalan 40-a yaxın tanınmış cərrah isə gözlənilmədən siyahıdan kənarda qalıb.
Ən maraqlısı odur ki, icazə ala bilməyənlər arasında tanınmış, illərlə estetik əməliyyatlar edən və saysız-hesabsız reklamla ad qazanan cərrahlar da var. Onlar aşağıdakılardır:

Mirsaleh Abdullayev – Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının Plastik-estetik cərrahiyyə şöbəsinin müdiri.

Onu da qeyd edək ki, Mirsaleh Abdullayev İkinci Qarabağ müharibəsində yaralı əsgər və zabitlərə tibbi yardım göstərən fədakar həkimlərdən biridir.

Fərid Əliyev – Rinoplastikanın "ulduzu" kimi tanınır.

Svetlana İbadullayeva – İllərdir Bakıda estetik əməliyyat sahəsində tanınan həkim.

Taleh Hüseynzadə – adı bir neçə qalmaqalda hallanıb.

Elnur Mehrail – sosial şəbəkələrdə fəal və çoxsaylı pasiyenti olan cərrah.

Dilqəm Məhərrəmov - “Baku Medical Plaza” klinikasının məşhur plastik cərrahı.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR