İnsanlara hürriyət, millətlərə istiqlal!

Kütləvi məzarlıqda tapılan insan qalıqları - dinimiz onlarla bu cür davranmağı diktə edir

Rəsul Mirhəşimli: “Erməni vəhşiliyinin qurbanı olan soydaşlarımızın dəfninin gecikdirilməsi onlara qarşı sayğısızlıq və dinin göstərişlərinin gecikdirilməsi sayıla bilməz”

Erməni işğalından azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların tapılması davam edir. Xəbər verildiyi kimi, xalqımıza qarşı erməni vəhşiliyinin və aşırı qəddarlığının növbəti sübutu Şuşada, Şuşa həbsxanası yaxınlığında tapılıb.

Aşkar olunan insan qalıqlarının 1-ci Qarabağ müharibəsi zamanı itkin düşən mülki şəxslərə və hərbçilərimizə aid olduğu şübhə doğurmur. Və onların hamısı əlbəttə ki, müsəlman idilər.

Odur ki, sual yaranır: kütləvi məzarlıqlarda tapılan insan qalıqları ilə bağlı dinimizin tövsiyəsi nədir? Şəriətə görə, dünyasını dəyişən müsəlman şəxs gün batana kimi və ya uzağı, ertəsi gün torpağa tapşırılmalıdır. Bəs tapılan insan qalıqları kimə məxsusluğu dəqiqləşməmiş olsa belə, uzun müddət badırılmamış saxlana bilərmi? Onlara, həlak olan soydaşlarımızın ruhuna münasibət, ehtiram necə olmalıdır?

ILK XƏBƏR: RƏSUL MİRHƏŞİMLİ - 55

Rəsul Mirhəşimli

Mövzu ilə bağlı ilahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a dedi ki, dünyasını dəyişən insanın dəfn edilməsi dinimizin göstərişləri sırasındadır: “Bu dünyada həyatı bitən insanın dəfni və bu qaydaları bizə Qurani-Kərimin ayələri öyrədir. Bu ayələrdən biri də "Maidə" surəsinin 31-ci ayəsidir. İlahi hikmət dünyasını dəyişən insanın torpağa basdırılmasını ortaya qoyur. Ölənlərin dəfni ətraf mühitin təmizliyi, sağlamlığı, insan ləyaqətinin qorunması və ölümü xatırlatmaq kimi bir çox hikmətləri özündə daşıdığından və bir mənada geridə qalanların son borcunu, mərhumun yeni həyatın başlanğıcını simvolizə edir. Dəfnin forması və üsulu fiqh kitablarında ətraflı izah edilir. Bu qaydaları da xalqımız hərtərəfli qaydada bilir.  Lakin bu mövzuda mövcud bilik və üsullar prinsip və məqsəd baxımından eyni olsa da, yerli mədəniyyət və adət-ənənələrdə baş verən dəyişikliklərə görə zaman-zaman fərqlənə bilər. Lakin Qarabağda baş verən kütləvi qətliam ermənilərin soydaşlarımıza qarşı törətdiyi vandalizm aktlarının bir hissəsidir. Ermənilər Qarabağ müharibəsi zamanı əsir və girov götürdüyü azərbaycanlılara misli görünməmiş işgəncələr verərək, öldürüb və erməni vəhşiliklərinin izini itirmək üçün soydaşlarımızı kütləvi şəkildə torpağa basdırıblar. Qarabağın işğaldan azad olunmasından sonra ermənilərin törətdiyi bu cinayətkarlıq və vəhşilik aktları ortaya çıxıb. Bu müddət ərzində ermənilərin Qarabağda törətdiyi vəhşiliklərinə aid faktlar ortaya çıxıb, kütləvi məzarlıqlar tapılıb".

İlahiyyatçı əlavə edib ki, Qarabağ ərazilərində tapılmış kütləvi məzarlıqlardakı insanların cənazələrinin ətraflı öyrənilməsi, onların kimliklərinin bilinməsi və baş verən cinayət faktının araşdırılması üçün vaxt lazım olacaq: “Bu baxımdan, həmin məzarlıqlardakı insanların dəfn edilməsi təbii olaraq, gecikdirilə bilər. Bu vəhşilik aktı ilə bağlı cinayət işinin başladılması, baş verən vandalizm faktı barədə dünya ictimaiyyətinin məlumatlandırılması lazım gələcək. Buna görə erməni vəhşiliyinin qurbanı olan soydaşlarımızın dəfninin gecikdirilməsi onlara qarşı sayğısızlıq və dinin göstərişlərinin gecikdirilməsi sayıla bilməz. Çünki baş verənlər istisna hallar sırasında özünü göstərən faktdır.

Erməni toplumu qəddarlığı və vəhşiliyi özünə həyat tərzi seçmiş toplumdur. Dünya sivilizasiyaları inkişaf etdikcə ermənilərin vəhşilik və vandallıqları mədəni dünyanın inkişafı ilə tərs mütənasiblik təşkil edir. Bu vəhşilik erməni toplumunun genetikasına hopmuş xəstəlikdir, belə görünür ki, erməni toplumu bu xəstəlikdən heç zaman qurtula bilməyəcək. Məqsədi işğalçılıq olan erməni toplumunun bu vəhşiliklərdən qurtulması mümkün də deyil. Buna görə də azərbaycanlılar unutqan olmamalı, xalqımıza qarşı törədilən bu qədər geniş vandallıq aktlarından nəticə çıxarmalıdır.

Təəssüf ki, Qarabağda törədilən erməni vandallığını görən beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti susur, bir çox hallarda isə baş verənlərə ikili standartlarla yanaşır. Dünya bu məsələlərdə nə qədər susqun olsa da, bizə düşən bu dəhşətli cinayət faktlarını beynəlxalq təşkilatlara çatdırmaqdır. Bu baxımdan da həmin faktların araşdırılması bir qədər vaxt alacaq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR