Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin yanvarın 20-də fəaliyyətə başlayacaq yeni administrasiyasının Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi, istefada olan general Keyt Kelloq Kiyevə faktaraşdırıcı səfərini təxirə salıb.
Bu barədə “Reuters” agentliyi Trampa yaxın dörd mənbəyə istinadla məlumat yayıb. Qeyd olunur ki, Kelloqun Kiyev, Roma və Parisə səfəri seçilmiş prezidentin inauqurasiyasından sonraya təxirə salınıb.
Kelloqun Ukrayna rəhbərliyi ilə görüşmək üçün Kiyevə səfəri yanvarın əvvəlinə planlaşdırılmışdı. Kelloqun qrupu Roma və Parisdə də rəsmilərlə görüşlər planlaşdırırdı.
Agentliyin mənbələri Avropaya səfərin təxirə salınmasının səbəbini açıqlamayıblar. Kelloq, eləcə də Ukraynanın Vaşinqtondakı səfirliyinin nümayəndələri şərh verməkdən imtina ediblər.
Tramp seçki kampaniyası zamanı dəfələrlə deyib ki, o, vəzifəyə gəldikdən sonra 24 saat ərzində Ukraynada müharibəni bitirmək üçün bir yol tapa bilər. Bununla belə o, problemi həll etmək üçün az iş görüb. Agentlik yazır ki, buna baxmayaraq, qarşıdurma alovunu tez bir zamanda söndürmək cəhdləri yeni administrasiyanın əsas prioriteti olaraq qalır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Kursk vilayətində aparılan hərbi əməliyyatların ilk beş ayının nəticələrini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Baş Qərargahın teleqram hesabında bildirilib.
Məlumata görə, Kursk əməliyyatının başlanmasından beş ay ərzində Rusiyanın bu istiqamətdə ümumi itkiləri 38 mindən çox olub, onlardan təxminən 15 mini ölüb.
Həmçinin qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı 2024-cü il avqustun 6-da başlayıb və Rusiya təcavüzünə qarşı mübarizənin növbəti mərhələsi olub. 11 illik müharibədə ilk dəfə döyüş əməliyyatları Rusiya ərazisinə keçirilib.
Əməliyyatın əsas məqsədi qarşı tərəfin Sumı vilayətində hücumunun qarşısını almaq və “bufer zona” yaratmaq idi. Bu həmçinin işğalçıları cəbhənin digər istiqamətlərində mövqelərini zəiflədərək Kursk vilayətinə əhəmiyyətli resurslar göndərməyə məcbur edib.
“Rusiya təcili surətdə Şimali Koreyadan kömək istəməyə məcbur olub və Şimali Koreya Rusiyaya təxminən 12 min əsgər göndərib. Onlardan təxminən 4 mini artıq məhv edilib və bölmələrin bir hissəsi döyüş qabiliyyətini itirib”, – Baş Qərargah xatırladıb.
Vurğulanıb ki, ukraynalı hərbçilər əməliyyatlarda 104 tank, 575 zirehli döyüş maşını, 1 104 avtomobil texnikası, 330 artilleriya sistemi, 12 RYAS, 12 HHM vasitəsi, 1 təyyarə, 3 helikopter, 859 pilotsuz uçuş aparatı, 32 xüsusi texnika məhv ediblər.
Əməliyyat zamanı Ukrayna qüvvələri “mübadilə fondunu” əhəmiyyətli dərəcədə artıraraq 860 Rusiya hərbçisini əsir götürüb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Real sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ