İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT sülhməramlıları İrəvana girə bilərmi?

Ekspertlərə görə, Ermənistana hərbi müdaxilə edilsə, durum daha da qəlizləşəcək...

Son günlər KTMT-nin Ermənistana müdaxilə ehtimalı gündəmə gəlib. Müşahidəçilərə görə, bir neçə gün əvvəl Kremlin sözçüsü Dmitri Peskov Ermənistanda müxalifətin mitinqlərini İrəvanın daxili işi adlandırsa da, ardınca maraqlı fikirlər işlədib: “Ermənistan bizim dostumuzdur. Ona görə də, əlbəttə, biz maraqlıyıq ki, ən qısa zamanda bu dövr bitsin və yenidən sabitlik dövrü başlasın”.  Peskovun bəyanatını məhz KTMT ssenarisi üçün zəmin hazırlanması kimi izah edənlər də var.

Yada salaq ki, bir neçə ay əvvəl Qazaxıstanda da oxşar hadisələr baş vermişdi. Əvvəlcə aksiyalar başlamış, ardınca KTMT-nin sülhməramlı kontingenti Qazaxıstana girmiş, ardınca isə Nursultan Nazarbayev hakimiyyətdən uzaqlaşdırılmış, hakimiyyət Kasım-Jomərd Tokayevin əlində cəmləşmişdi. O halda KTMT-nin qoşunları Ermənistana girərsə, bu, Nikol Paşinyan hakimiyyəti üçün yaxşı nəsə vəd etmir.

Onu da qeyd edək ki, KTMT-nin sülhməramlılarının Qazaxıstana göndərilməsi barədə qərarı hazırda quruma rəhbərlik edən baş nazir Nikol Paşinyan elan etmişdi...

İndi necə, bu qərarı verən erməni baş nazir həmin qüvvələri aksiyalar hakimiyyəti üçün təhlükəli hala gələrsə, öz ölkəsinə çağıra bilərmi?

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov hesab edir ki, KTMT-nin Ermənistana daxil olması vəziyyəti daha da gərginləşdirə bilər: “Paşinyan əslində Qərbin layihəsidir. Onun hakimiyyətə gətirilməsi Rusiyanın Ermənistandan çıxarılması üçün idi. Eynilə Saakaşvili layihəsi kimidir. Amma bütün layihələri kimi, bu layihəsində də Qərb işini tamamlamadı. Yəni geosiyasi vəziyyət gərginləşən kimi cəsarət həbləri ilə ortaya çıxardığı liderləri meydanda tək qoydu. Sanki bir uşaq dalaşır və onun dostunun işi ancaq yerdən ona daş verməkdir. Paşinyan da İkinci Qarabağ müharibəsi avantürasına girdi. Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini darmadağın  etdi. Bu da Paşinyanın üzərində Rusiya təsirini gücləndirdi. Onun özünə qalsa, Rusiyanın təsirindən çıxmaq istəyər. Amma görünən odur ki, Rusiya da xarici siyasətində müəyyən dəyişikliklər edib. Bu da nədir? Qazaxıstana daxil olduğu kimi girib durumu dəyişmək istəyir. Amma ona da tam enerjisi çatmır ki, işini sona çatdırsın. Çünki Türkiyə, digər böyük aktyorlar Rusiyanın planlarını pozur. İndi də KTMT Ermənistana müdaxilə etsə, durum daha da qəlizləşəcək. Bu, Türkiyəyə əsas verəcək ki, Azərbaycana hərbi yardımını artırsın. Hətta konkret olaraq hərbi mövcudluğunu burada artırsın. Əgər Rusiyanın yanaşması ”batıramsa, sizi də batırım" tərzindədirsə, o zaman KTMT Ermənistanda nəsə edə bilər. Amma bu, daha çox “könül bulandırma” formasında təzahür edər. Paşinyanın durumu odur ki, yuxarı bığdır, aşağı saqqal. Əslində ona bir şey tövsiyə edərdim. Kömək üçün Azərbaycana müraciət etsin. Azərbaycanla sülh imzalasın, Qarabağ sözünü ağzına almasın, Araik təlxəyinin qəbul edilməsinə son qoysun. Azərbaycanla Türkiyə də humanitar xüsusi əməliyyatla regional təhlükəsizliyi təmin etmək üçün bütün regional sülh düşmənlərini zərərsizləşdirsin".

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

 Elşən Mustafayev 

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Paşinyanın bu addımı atacağını düşünmür: “Ermənistanda Paşinyan əleyhinə müxalifətin etirazlarının kənardan idarə olunması şübhəsizdir. Bütün aksiyalarda Rusiya izinin olması hiss olunacaq dərəcədə görünür. Bu cür cəhdlər indiyədək bir neçə dəfə olub. Onlardan ən böyüyü 44 günlük müharibədən sonra baş vermişdi. Hazırkı aksiyalar əvvəlkilərdən heç nəyi ilə fərqlənmir. Aksiyalara qoşulan insanların azlığı, yenidən müharibəyə başlamaq çağırışları, öndə olan əsas liderlərinin, keçmiş hakimiyyətin təmsilçilərinin nüfuzlarının olmaması hadisələrin nəzarətdən çıxmasına hələ ki imkan vermir. Odur ki, hazırkı durumda onların nəyəsə nail olmasına şübhə ilə yanaşıram. Əgər etirazlar iğtişaşlara çevrilərsə, ölkədə sabitlik yaratmaq məqsədilə KTMT-nin işə qarışacağı perspektivinə baxsaq, bu yalnız Paşinyanın iradəsi ilə baş verə bilər. Qazaxıstanda KTMT prezident Tokayevin dəvəti ilə ölkəyə daxil olmuşdu. Ermənistanda isə Paşinyanın belə bir dəvəti etməsi inandırıcı görünmür. Çünki Paşinyan etirazçıların gizli şəkildə Rusiya tərəfindən dəstəkləndiyini bilir, özünün rəsmi Kreml tərəfindən arzuolunmaz olduğunu yaxşı anlayır və dəvət olarsa, ondan sonra o, ya birmənalı şəkildə Rusiya istiqamətinə üzünü çevirməlidir, ya da hakimiyyətdən uzaqlaşdırılmalıdır. Ona görə də ölkəyə kənardan açıq müdaxilə həddinin olacağına inamım azdır. Əgər hazırkı hakimiyyətin iradəsi xaricində bu baş verərsə, artıq ölkəyə hərbi müdaxilə kimi qəbul olunacaq. Dediyim kimi, müxalifət zəif, liderlərinin isə xalqın əksər hissəsi arasında nüfuzu olmadığından nəyəsə nail olmaları imkansız görünür. Etirazların əsas tələbinin Paşinyanın qətiyyətsiz olması səbəbindən istefası, Qarabağda yenidən həbi əməliyyatların başlaması olması əhalinin böyük kəsimi tərəfindən nəinki qəbul olunmur, 44 günlük müharibənin nəticələri ortada olduğundan hətta etirazlarla qarşılanır. Bunları nəzərə alaraq düşünürəm ki, Paşinyan KTMT qoşunlarını daxili problemləri çözmək adı altında ölkəyə gəlməsinə imkan verməz. Ona görə ki, bu onun qısa müddətdə hakimiyyətdən getməsinə səbəb olar. Eyni zamanda lazım olan zamanda rahat şəkildə etirazçılara kəskin güc nümayiş etdirib, onların liderlərini həbsə ata da bilər ki, bu təcrübəni artıq bir dəfə tətbiq edib”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR