İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT Ermənistanla dialoqa hazırdır: Paşinyan isə...

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana bərabərhüquqlu tərəfdaş kimi baxmaqda davam edir və bütün məsələlər üzrə dialoqa hazırdır”.

Musavat.com xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov "Müttəfiqlər. KTMT" ictimai-siyasi nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, Ermənistan nümayəndələri KTMT-nin Rusiya, Qazaxıstan və Qırğızıstanda keçirilən silsilə birgə təlimlərində iştirak etməyiblər. Bununla belə, KTMT rəhbərliyi hələ də Ermənistana təşkilat formatında bərabərhüquqlu tərəfdaş kimi baxır.

“Biz İrəvanlı həmkarlarımızla cari məsələlərin bütün spektri üzrə dialoqa hazırıq”, - o qeyd edib.

Qeyd edək ki, Ermənistan “suverenliyinə təhdid yaratdığı üçün” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib. O vurğulayıb ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır.
O, həmçinin bəyan edib ki, ölkəsi bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır.

Paşinyan əlavə edib ki, ölkəsi Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarət dövriyyəsini azaltmağı və ya iqtisadi əlaqələri kəsməyi planlaşdırmır.

Onun sözlərinə görə, Ermənistan Aİ və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməklə iqtisadi əlaqələrini şaxələndirməyə çalışır, lakin bu, tərəfdaşları əvəz etmək deyil, tamamlamaqdan gedir. Paşinyan qeyd edib ki, şaxələndirmə mərhələli prosesdir və vaxt tələb edir.

Eyni zamanda, baş nazir vurğulayıb ki, əgər Ermənistan Aİ-yə daxil olmaq üçün ən kiçik fürsət görsə və bununla bağlı potensial riskləri idarə edə biləcəyini başa düşsə, şübhəsiz ki, bu şansdan yararlanacaq.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR