Onlayn ictimai-siyasi qəzet
Putinin Bakıya yenidən zəngi və Naxçıvana nəqliyyat dəhlizinin açılmasının xüsusi vurğulanması onu göstərir ki, Rusiya Ermənistan hökumətini “özbaşına” buraxmaq fikrində deyil
Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova son brifinqdə belə deyib. O qeyd edib ki, üçtərəfli işçi qrupda iş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişləri çərçivəsində həyata keçirilir.
Mariya Zaxarova
“Biz "Zəngəzur dəhlizi" ideyası ilə bağlı İran tərəfinin müəyyən narahatlığını görürük, bu narahatlığa aydınlıq gətirilməsi üçün Tehrana müraciət etmək lazımdır. Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi isə aydındır və yaxşı məlumdur. Biz ondan çıxış edirik ki, müvafiq razılaşmalar tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçiriləcək ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab versin. Zaxarova əlavə edib ki, Rusiya dövləti Azərbaycan, Ermənistan və Rusiyanın əldə etdiyi üçtərəfli razılaşmaların hələ də alternativi olmamasından çıxış edir. “Qeyd edilən razılaşmalar sülh müqaviləsinin işlənib hazırlanması, sərhədin delimitasiyası, demarkasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması və vətəndaş cəmiyyəti xətti üzrə əlaqələrin inkişafı da daxil olmaqla, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının bütün əsas istiqamətlərini əhatə edir”, - deyə Rusiya XİN sözçüsü bildirib.
Avqustun 28-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə telefon söhbətində Naxçıvana nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb. Bununla əlaqədar, Rusiya tərəfi müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında Bakıya və İrəvana hər cür yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Məlumdur ki, Rusiya prezidenti ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyanla da telefonla danışıb. Kremlin rəsmi məlumatında da qeyd olunur ki, Putin Paşinyana Rusiyanın Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin demarkasiyası və delimitasiyasında, həmçinin nəqliyyat və logistika əlaqələrinin açılmasında yardım etməyə hazır olduğunu deyib. Ermənistan mediası bu zənglə bağlı iddia edib ki, Paşinyan Putinin sülh danışıqlarının Moskvada davam etdirilməsi istəyini, həmçinin nəqliyyat və logistika əlaqələrinin Rusiyanın iştirakı ilə (Zəngəzur dəhlizində FTX-nin dayanması) açılmasını qəbul etməyib. Bu iddiaların nə qədər doğru olduğu bilinmir, amma bəllidir ki, Rusiyanın indiki təklifləri Ermənistanın mövcud maraqlarına uyğun gəlmir. Moskvanın təklifini Paşinyanın qəbul etməyəcəyi məlum məsələ idi. Çünki Paşinyan hər bir vasitə ilə Rusiyadan uzaqlaşmağa və Qərbə yaxınlaşmağa çalışır. Bu baxımdan Zvartnos hava limanından Rusiya hərbiçilərini çıxartdı. Hətta Zəngəzur dəhlizi açılacağı təqdirdə də Paşinyan bu dəhlizə nəzarəti Rusiyaya vermək niyyətində deyil. Putinin Bakıya yenidən zəngi və Naxçıvana nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılmasının xüsusi vurğulanması onu göstərir ki, Rusiya Ermənistan hökumətini “özbaşına” buraxmaq fikrində deyil. Ermənistanda bir çoxları vurğulayır ki, Rusiya özü 10 noyabr razılaşmasını pozub, xüsusilə Qarabağdan könüllü gedən ermənilərin məsələsi ortaya atılır. Hətta o da vurğulanır ki, bu, rəsmi razılaşma deyil, sadəcə, niyyətlərin bəyanıdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçən kommunikasiyalara gəlincə, təəssüf ki, baş nazir Nikol Paşinyan tərəfindən imzalanan sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir”, deyəndə məhz bu “cığallığı” nəzərdə tuturdu. Ermənistanın Lavrova sərt etirazına cavab verən Zaxarova isə bildirib ki, bu, Rusiyanı öz səhvlərinə görə günahlandırmaq üçün növbəti cəhddir: “Bu, rəsmi İrəvanın öz səhv strateji hesablamalarını başqalarının, indiki halda Rusiyanın üzərinə atmasının növbəti nümunəsidir”.
Zaxarova deyib ki, beynəlxalq yüklərin tranziti və gömrük nəzarəti məsələləri həll olunub. Amma sərhəd nəzarəti məsələlərində erməni tərəfinin etirazı səbəbindən dəmir yolu xətlərinin işə salınması ilə bağlı yekun razılığa gəlmək mümkün olmayıb. Onun sözlərinə görə, İrəvan əvvəllər razılaşdırılmış mövqelərindən geri çəkilib, Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə bağlı qarşılıqlılıq prinsipində israr etməyə başlayıb, Rusiya sərhədçilərinin təkcə Ermənistan yox, həm də Azərbaycan tərəfində olmasını istəyib.
Son günlər Zəngəzur dəhlizi ətrafında Rusiya ilə Ermənistan arasında gərginlik sezilməkdədir, Lavrovdan sonra Zaxarovanın da üçtərəfli bəyanatın əsas sənəd olduğunu deməsi Ermənistanın narahatlığını artırıb. Rəsmi Moskva 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmanın icrasını tələb etdikcə, Ermənistan daha çox küncə sıxılır. Eyni zamanda görünən həm də odur ki, Qərb iki il əvvəl Ukraynanın timsalında Şərqi Avropada etdiklərini indi də Cənubi Qafqazda təkrarlamaq, Rusiyaya qarşı Ermənistan üzərindən növbəti cəbhə açmaq niyyətindədir.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Nikol Paşinyan Vladimir Putinlə danışıqlarda siyasi sövdələşmə təşkil etməyə çalışır: “O, Rusiya liderini Ermənistana qarşı siyasətini sərtləşdirməməyə inandırmaq istəyir. Paşinyan Rusiya rəhbərliyini hər hansı sərt qərarlar qəbul etməkdən çəkindirməyə can atır. Paşinyan Kremlə qarşıdır, amma Ermənistanın əhalisi Rusiya tərəfdarıdır, buna görə də bir tərəfdən Paşinyanla mübarizə aparmalıyıq, digər tərəfdən isə onu Rusiyadan çox da uzaqlaşmağa qoymaq olmaz. Moskvanın yumşaq siyasəti, İrəvanla təmaslarda dəqiqlik buna görədir. Hər hansı antierməni hərəkətlərin qarşısını almaq istəyindən Rusiya səbr edir. Yəni Ermənistan rəhbərliyi Moskvanın əvvəlki Rusiya-Ermənistan münasibətlərini qoruyub saxlamaq istəyi ilə oynayan bir hiyləgərlik nümayiş etdirən Nikol Paşinyanı hələ cəzalandırmır. Paşinyan isə Vladimir Putinlə danışıqlarda hamını aldada biləcəyini zənn edir. Amma belə deyil...”
Orxan ƏLİYEV,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ