Onlayn ictimai-siyasi qəzet
“Bu ilin sonuna qədər manatın 1.70 məzənnəsi ilə dollara bağlı rejimi davam edəcək. Manatın dollara qarşı məzənnəsində hansısa dəyişiklik ehtimalı çox aşağıdır. Fiksə edilmiş rejimdə valyuta qərarlarında təkcə iqtisadi yox, həm də siyasi amillər rol oynayır. Amma indiki şərtlər — neftin qiyməti, tədiyə balansı və dövlət büdcəsinin icrası göstərir ki, hələlik manatın ucuzlaşdırılmasına ehtiyac yoxdur”.
Bunu Musavat.com-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli manatın məzənnəsi ilə bağlı gözləntilərdən danışarkən deyib.
O əlavə edib ki, bu, hələ manatın tam sabit qalacağı anlamına gəlmir:
“Dollar hər gün digər valyutalara nisbətdə qalxıb-düşür. Məsələn, ilin əvvəlində dollar avroya qarşı 13 faiz ucuzlaşmışdı və avtomatik olaraq manat da 13 faiz ucuzlaşmış sayılırdı. Lakin bu ucuzlaşma sürəti getdikcə zəifləyəcək və əvvəlki kimi sürətli olmayacaq. Dolların 6 ayda 13 faiz ucuzlaşması artıq fantastik idi”.
Ekspert qeyd edib ki, manatın ucuzlaşması ölkədə bütün məhsulların, xüsusilə də idxal olunan malların qiymətinə birbaşa təsir edər. Xalid Kərimli manatın ucuzlaşmasının kredit borcu olanlara da ikiqat təsirindən danışıb:
“Əgər manat dəyər itirərkən vətəndaş öz gəlirlərini artırmağı bacarırsa, o halda vəziyyəti yaxşılaşa bilər. Amma gəlirlər artmazsa, qiymətlər qalxacaq və bu da vətəndaşın büdcəsinə mənfi təsir edəcək, kreditlərini ödəməkdə çətinlik yaradacaq. Ona görə də banklar hazırda ehtiyatla borc verirlər”.
Şahanə Rəhimli
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ