İnsanlara hürriyət, millətlərə istiqlal!

Korsika Parisdən muxtariyyət istəyir, fransız səfir “artsax” dərdi çəkir

Fransadan muxtariyyət istəyən Korsikada iğtişaşlar səngimir, fransız siyasətçilər isə Qarabağdakı separatçılar üçün dəridən-qabıqdan çıxırlar; deputat: “Lap istəyirlər Marseli “martsax” adlandırsınlar”

Son günlər Fransadan muxtariyyət tələb edən Korsika adasında vəziyyət pisləşib, nümayişçilərlə polis arasında iğtişaşlar səngimir. “Yeni Müsavat” yazır ki, prezident Emmanuel Makron muxtariyyət məsələsinin müzakirəsi ehtimalını istisna etməyib. Ölkənin daxili işlər naziri Jerald Darmanen də muxtariyyət məsələsinin müzakirəsinə vəd verib. Təbii ki, prezident seçkilərinə sayılı günlər qalmış bir vaxtda Korsika adasında baş verənlər Makronun qələbə şanslarını kifayət qədər kölgələyir.

Amma belə bir vaxtda Fransa hakimiyyəti təmsilçiləri öz problemlərini deyil, ölkə sərhədlərindən min kilometrlərlə uzaq Qarabağla bağlı “narahat” olur, bəyanatlar verirlər. Bir sözlə, hər zaman olduğu kimi, ifrat ermənipərəst siyasətdən əl çəkmək istəmirlər. Misal üçün, Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyonun son günlər verdiyi açıqlamalara diqqət yetirmək lazımdır. Səfir yenə də diplomatik sərhədləri aşaraq, keçirdiyi görüşlərdə bəyan edib ki, Azərbaycan “artsax” ətrafında vəziyyəti  gərginləşdirir, ona görə “problemin həlli üçün” Minsk Qrupu çərçivəsində səylər artırılmalıdır. 

Fərrux kəndi ətrafında yaranan vəziyyət də səfirin keçirdiyi görüşlərdə əsas müzakirə mövzusu olub. Ermənistan Fransa səfirini hər vasitə ilə inandırmağa çalışır ki, guya Azərbaycanın məqsədi bir nəfər də olsun erməninin Qarabağda qalmamasıdır. Ancaq Fransa niyə öz daxili problemlərini həll etmək əvəzinə “artsax” ermənilərinə dəstək çıxır? Bakı Parisə “Korsikaya muxtariyyət ver” tələbi səsləndirsə, Fransaya xoş olarmı?

Əslində muxtariyyət məsələsi daha çox qabardılan dövrlərdə Prezident İlham Əliyev Fransaya səslənərək Marseldə onlara bu statusu verməyi tövsiyə etmişdi. Ölkə başçısı demişdi ki, Qarabağ erməniləri üçün belə ürəkləri yanırsa, onlara Marsel şəhərində bu hüquqları versinlər. Di gəl, Fransanın özünün Korsika dərdi ilə məşğul olmaq əvəzinə, heç bir ölkənin, eləcə də Ermənistanın “müstəqilliyi”ni tanımadığı terrorçu “artsax respublikası” üçün dəridən-qabıqdan çıxması qətiyyən başadüşülən deyil. Niyə fransız siyasətçilər Araik və onun bandası uğrunda belə mövqe sərgiləyirlər?

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə 

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, onların narahatlığının səbəbi ilk növbədə Fransada zəngin, təşkilatlanmış erməni lobbiçiliyinin olmasıdır: “Həmin erməni təşkilatları Fransada korrupsiyaya qurşanıblar və lobbinin vəsaiti seçki zamanı istifadə edilir. Ona görə Fransanı uzaqlarda baş verənlər daha çox maraqlandırır, nəinki öz daxili işləri...”

A.Mollazadənin sözlərinə görə, Azərbaycan münaqişəni həll edib, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edib, Minsk Qrupunun yerinə işləri görüb: “Fransanın daxili problemləri bizi çox da maraqlandırmır. Gedib öz işləri ilə məşğul olsunlar. Lap istəyirlər Marseli ”martsax" adlandırsınlar, onsuz da şəhərin meri ermənidir, bizi maraqlandırmır".

Qulamhüseyn Əlibəyli: Rayonlarımızın bərpa işlərində digər partiyalar da  dövlətə dəstək olmalıdır - YouTube

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Fransa siyasətçilərində ikili standartlarla yanaşmalar adiləşib: “Ümumiyyətə, Avropa siyasətində bu artıq normaya çevrilib. Təbii ki, erməni diasporunun Fransada gücü və onların siyasətinə təsiri öz sözünü deməkdədir. Ona görə fransız siyasətçilər bunu nəzərə alaraq ermənilərin maraqlarından çıxış etməli olurlar. Qarşıdan seçkilər gəlir deyə daha çox ermənilər üçün can yandırırlar. Bununla Fransadakı 400 min erməni seçicisinin səsini, erməni lobbisinin pulunu qazanmağa çalışırlar”.

Partiya sədri belə problemlərin İspaniyada, Belçikada da olduğunu qeyd etdi: “Tərəflər özləri separatçılıq meyllərinin güclənməsinə imkan verməməlidir. Buna dəstək verəndə öz daxillərində bu cür separatizm baş qaldırır. Azərbaycanın da arqumenti ola bilər ki, onda siz də Korsikaya muxtariyyət verin. Necə ki, Prezident Marseli göstərmişdi. Üstəlik, Korsika 200 ildən çoxdur Fransa sərəncamındadır, əvvəl İtaliyada olub, indi biz beynəlxalq aləmdə onlara muxtariyyət verilməsi kimi bir məsələni gündəmə gətirə bilərik. Ona görə rəsmi Paris və fransız diplomatlar bilməlidirlər ki, ölkələrin ərazi bütövlüyünə hörmət etmək lazımdır”.

Q.Əlibəyli bildirdi ki, Qarabağın dağlıq hissəsi Azərbaycanın ayrılmaz hissəsidir, suveren ərazilərimizdir: “Beynəlxalq hüquqla ərazi bütövlüyümüz tanınıb, BMT və beynəlxalq təşkilatlar Qarabağı Azərbaycan ərazisi kimi qəbul ediblər. Bu ərazilərdə 20-25 min erməniyə muxtariyyət vermək heç bir halda mümkün olmayacaq. Azərbaycan statusun gorbagor olduğunu bəyan edib və Brüsseldə keçirilən 6 aprel görüşündə də bu haqda heç bir söhbət açılmadı. O baxımdan Fransanın Ermənistandakı səfiri öz ölkəsinin Korsika dərdini çəksin”.

Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev

 Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin sözlərinə görə, Fransa uzun müddətdir ermənipərəst siyasət yürüdür: “Baxmayaraq ki, Fransa-Azərbaycan arasında iqtisadi əlaqələr yaxşıdır, onların ölkəmizdə 60 şirkəti fəaliyyət göstərir, hətta Ermənistanla bu səviyyədə iqtisadi əlaqələri yoxdur, amma siyasi məsələlərə gələndə onların tərəfini saxlayırlar. Bunun bir səbəbi də erməni lobbisinin güclü olmasıdır və Fransada təsirləri mövcuddur. Onlar hər seçki ərəfəsində aktivləşirlər. Amma Fransa özü işğalçı, istismarçı dövlətdir, Afrikada hərbi cinayətlər edib, Ruanda, Əlcəzairdə vəhşiliklər edib, di gəl ki bunların heç birini demirlər. Sadəcə, Ermənistanı müdafiə etmək adı ilə bölgədə görünməyə çalışırlar”. Partiya sədri qeyd etdi ki, rəsmi Parisin ermənipərəst siyasətinə dəfələrlə etirazımız olub: “Amma Bakıdakı bəzi qərbpərəst siyasətçilər, Avropanın buradakı əlaltıları heç səslərini çıxarmırlar. Fransızlarla burada çaxır içənlər onların bu siyasətinə etiraz bildirmirlər. Bax, həm də belələrinə təpki göstərməliyik”. 

Qeyd edək ki, Korsikada bir prefekti öldürməkdə ittiham edilərək məhkəmə tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş yerli millətçi İvan Kolonnaya dəstək nümayişləri davam edir. Martın əvvəlində Kolonna başqa bir məhbus tərəfindən döyülərək ağır vəziyyətdə xəstəxanaya aparılıb. Ona dəstək aksiyaları polislə nümayişçilər arasında toqquşmalarla müşayiət olunub, 90-dan çox insan yaralanıb. Onlardan 70-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Aralıq dənizində yerləşən Korsika adası Fransanın 18 bölgəsindən biridir. Onun xüsusi statusu var - Korsikanın ərazi icması. 2011-ci ilə qədər bölgədə əhali sayı 314 min nəfər təşkil edib.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR