İnsanlara hürriyət, millətlərə istiqlal!

Konstitusiyamızın qəbulundan 27 il ötür – Əsas Qanunumuzla bağlı 3 rəy

Tural Abbaslı: “Təbii ki, zamanın tələbi ilə konstitusiyada dəyişikliklər olur”

Qulamhüseyn Əlibəyli: “Milli Məclisə seçkilərdə bu daha çox özünü göstərməlidir”

Ceyhun Məmmədov: “Ehtiyac yaranarsa, əlbəttə, bu məsələyə baxıla bilər”


Bu gün Azərbaycanın yeni Konstitusiyasının qəbulundan 27 il keçir. Hazırkı Konstitusiya Azərbaycan Respublikasının öz müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.

Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlanıb. 1994-cü ildə mərhum prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başlayıb və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olunub.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158(164) maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da sabiq prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya Günü elan edilib.

Nə xoş ki, hazırkı konstitusiyamızda təsbit olunmuş əsas müddəalardan biri ərazi bütövlüyümüz haqda bənd gec də olsa təmin olundu. Bəs reallaşması gecikən başqa maddələr varmı? Gözləntilər nədir? Hazırkı Konstitusiya cəmiyyətə nə verdi, özünü doğrudurmu, yoxsa ona düzəlişlər etməyin vaxtı çatıb? Hansı düzəlişlər?

AĞ Partiya başqanı Tural Abbaslı bir sıra dəyişiklikləri zəruri hesab edir: “Öncəliklə Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edirəm. Hər millətə qismət olmur ki, müstəqil dövlət qursun və dövlətinin qəbul etdiyi konstitusiyası olsun, öz qanunları ilə yaşasın. Təbii ki, konstitusiyamız xeyli dərəcədə mütərəqqi konstitusiyadır. Oradakı maddələr də mütərəqqi maddələrdir. Amma təbii ki, konstitusiyadan daha çox onun maddələrinin necə icra olunmasından söhbət gedir. Mən də o fikirlə razıyam ki, ərazi bütövlüyü məsələsi həllini tapıb və bu çox sevindirici, müsbət bir haldır. Konstitusiyada təsbit olunmuş və hələ də həllini gözləyən xeyli məsələlər var. İnsan haqları, insanların toxunulmazlığı, sərbəst toplaşmaq azadlığı, mülkiyyət hüquqları kimi məsələlər var. Hansı ki, bunların real həyatda realizə olunmaları təmin edilməlidir. Hələ də bu sahədə boşluqlar var. Baxmayaraq ki, konstitusiyada təsbit olunub, amma real həyatda tətbiq olunmur.

Tural Abbaslı: “Azərbaycanda 3-5 məktəbin rusdilli olması problem deyil”

Tural Abbaslı

Təbii ki, zamanın tələbi ilə konstitusiyada dəyişikliklər olur. Bu da olmalıdır və labüddür. Biz 1995-ci ildə qəbul etdiyimiz konstitusiyaya indiyə qədər bir sıra dəyişikliklər etmişik. Düşünürəm ki, indinin özündə də hazırkı konstitusiyaya xeyli dəyişikliklərin olmasına ehtiyac var. Burada proporsional seçki sisteminin bərpası məsələsi var. Digər məsələləri də qeyd etmək mümkündür. Proporsional seçki sisteminin geri qaytarılması getdikcə zərurətə çevrilməkdədir. İstənilən halda Konstitusiya Günü ilə bağlı xalqımızı təbrik edirəm. Bayrağımız daim ucalarda dalğalansın. Dövlətimiz daim müstəqil olsun. Güclü, qüdrətli Azərbaycan hər zaman mövcud olsun”.

Qulamhüseyn Əlibəyli: Siyasi dialoq prosesinin davam etdirilməsi müsbət  haldır

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də dəyişikliklərə böyük ehtiyac duyur: “Konstitusiya qəbul ediləndən bu günə qədər bir sıra dəyişikliklər olunub. Bu dəyişikliklər idarəetməyə müəyyən dərəcədə yeniliklər gətirdi. Amma ümumi prinsiplərdən kənara çıxma məsələləri əvvəlki dəyişikliklərdə öz əksini tapdı. Ümumiyyətlə, konstitusiyada nəzərdə tutulan müddəaların əksəriyyəti ümumi qəbul olunmuş mənada demokratik konstitusiyalara uyğun müddəalar kimi qiymətləndirilə bilər. Praktikada bu konstitusion dəyərdir. Müəyyən müddəalar var ki, praktikada bu tam şəkildə təsbit olunmayıb. Azərbaycan daxilində sosial ədalət tam şəkildə təmin edilməyib. Bu sıraya insan haqları, demokratiya kimi məsələləri də əlavə edə bilərik. İnsan hüquqlarının tam şəkildə müdafiəsində də boşluqlar az deyil. Müəyyən mexanizmlər olsa da, ya düzgün işləmir, ya da ümumiyyətlə, işləmir. Konstitusiyada bir sıra dəyişikləri indiki vaxtda çox zəruri hesab edirəm. Milli Məclisə seçkilərdə bu daha çox özünü göstərməlidir. Proporsional seçki sistemi qarşıdan gələn seçkilərə qədər bərpa edilməlidir. Qalan məsələlərdə də dəyişikliklərə ehtiyac var”.

YAP-çı deputat Ceyhun Məmmədov ehtiyac yaranarsa, dəyişiklikləri istisna etmir: “Hesab edirəm ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası ölkəmizin inkişafına öz töhfəsini verdi. Azərbaycan bu dövrdə reallaşdırmaq istədiyi bir çox məsələləri, planları həyata keçirdi. Ən önəmli məsələlərdən biri də işğal altındakı torpaqlarımızın geri qaytarılması, ərazi bütövlüyümüzün təmin olunması oldu. Bu gün ölkəmiz Azərbaycan konstitusiyası və digər normativ hüquqi aktlarla idarə olunur. Keçən zaman kəsiyində dövlət olaraq qarşımıza qoyduğumuz vəzifələri həyata keçirə bildik. Burada hər birimizin üzərinə böyük vəzifə düşür. Dövlətimizin güclənməsi, möhkəmlənməsi üçün konstitusiyamız böyük töhfələr verdi.

Bütün təxribatların qarşısı alınacaq” - Millət vəkili Ceyhun Məmmədov |  KONKRET

Ceyhun Məmmədov

Zaman-zaman konstitusiyamıza müxtəlif dəyişikliklər edildi. Bu gün Azərbaycan Konstitusiyası əsas qanun kimi ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına, ölkəmizin inkişafına töhfə verir. Şərait və vəziyyətdən asılı olaraq Konstitusiya Aktına əlavə və dəyişiklər edilib. Gələcəkdə əgər ehtiyac yaranarsa, əlbəttə, bu məsələyə baxıla bilər. Bu Azərbaycanın inkişafından, ölkəmizdə keçiriləcək tədbirlərdən bilavasitə asılıdır. Əvvəlki dövrlərdə zatən zamana uyğun şəkildə addımlar atılıb. Gələcəkdə dediyim kimi ehtiyac yaranarsa, niyə də dəyişikliklər edilməsin?”.

 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR