İnsanlara hürriyət, millətlərə istiqlal!

Kompensasiya əvəzinə torpaq təklifi

Ekspertə görə, Ermənistandan Zəngəzur dəhlizindən pulsuz istifadə imkanı yaratmaq da tələb oluna bilər

Ekspertə görə, Ermənistandan Zəngəzur dəhlizindən pulsuz istifadə imkanı yaratmaq da tələb oluna bilər

Son günlər Azərbaycanın Ermənistandan vurduğu ziyanın əvəzinə ərazi tələb edə bilməsi barədə mövzu aktuallaşıb. Prezident İlham Əliyev Milli Məclisin ilk iclasındakı çıxışında da bu mövzuya toxunub.

“Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına milyardlarla dollar vəsait xərcləyir. Ölkəmizə bu həcmdə ziyan vuran Ermənistandır, lakin sözügedən ölkə hələ də bu zərəri kompensasiya etmir. Ermənistan Azərbaycana həm maddi, həm də mənəvi zərər vurub. Ölkənin sərvətlərindən işğal zamanı uzun illər istifadə edərək, gəlir qazanıb, ərazilərimiz talanıb. Bütün bunlara görə əvəz ödəməlidir” deyə, dövlət başçısı bildirib.  

Əlbəttə, belə təzminatın alınması üçün Azərbaycanın əlində lazımi qədər faktlar, sübutlar var. Müvafiq qərar çıxarıldıqdan sonra qarşı tərəf ödəyə bilməsə, məbləğ onun üzərində qalır. Ermənistanın mülkünə, aktivlərinə o iddiaları tətbiq etmək mümkündür. Lakin təzminatı ərazisinin müəyyən hissəsi ilə ödəmək də mümkündür.

Ermənistan son 30 ildə törətdiyi beynəlxalq cinayətə görə mütləq ədalət məhkəməsi qarşısında oturdulmalı və Azərbaycan dövlətinə və vətəndaşına vurduğu zərərləri son qəpiyinə qədər təzminat şəklində qaytarmalı, ya da bunun əvəzində ərazisindən Azərbaycana torpaq verməlidir. Bu əslində beynəlxalq birliyin həll etməli olduğu məsələ kimi ortaya qoyulmalıdır.

Bəs, ermənilər kompensasiya əvəzinə torpaq təklif etsə, haranı istəyə bilərik?

DEPUTAT VÜQAR İSGƏNDƏROV SEKİÇİLƏRİNİN ETİMADINI DOĞRULDUR- AMMA NECƏ? »  IFADETV.COM - İfadə İnformasiya Agentliyi

 Vüqar İsgəndərov

Deputat Vüqar İsgəndərov Ermənistanın hər sahəyə qarşı cinayət törətdiyini qeyd etdi: “30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan misilsiz cinayətlər törədib. Özü də bu cinayətlər təkcə Azərbaycan xalqına deyil, eyni zamanda, yeraltı və yerüstü sərvətlərimizə, xalqımızın daşınan və daşınmaz əmlakına, bir sözlə hər bir sahəyə qarşı törədilib. Dünya savaş tarixində qəbul edilmiş reallıq var. İşğalçı ölkə vurduğu ziyana görə mütləq təzminat ödəməlidir. İndiki halda isə bu tələb Ermənistana qarşı irəli sürülüb və işğalçı ölkə tələbə əməl etməlidir. Yəni Ermənistanın Azərbaycana yüz milyardlarla ziyan vurduğu bəllidir. Eyni zamanda, o da məlumdur ki, Ermənistan bu ziyana görə tələb olunan təzminatı ödəmək iqtidarında deyil. Belə olanda isə Azərbaycanın Ermənistandan vurduğu ziyanın əvəzinə ərazi tələb edə bilməsi barədə mövzu aktuallaşıb.

Hesab edirəm ki, təzminat məsələsi beynəlxalq məhkəmələr vasitəsilə qərarla qüvvəyə minə bilər. Bundan sonra isə sıra təzminatın ödənilməsinə gələcək. Təbii ki, Ermənistanın bu təzminatı ödəmək iqtidarında olmadığı bəllidir. Deməli, o zaman bircə yol qalacaq. Ermənistan təzminatı Azərbaycana müəyyən əraziləri verməklə ödəyə bilər".

YUNESKO Azərbaycanla bağlı sükutu pozdu - sevinək, yoxsa...

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkəmizə vurulan maddi-mənəvi ziyanın əvəzinə Azərbaycanın təzminat tələb etməsi məsələsi artıq bir neçə ildir ki, gündəmdədir: “2023-cü ilin fevralında Enerji Xartiyası Müqaviləsinə əsasən, Ermənistana qarşı enerji resurslarımızın qanunsuz istismarı iddiası ilə də məhkəmə işi qaldırılıb. Bu ilin yanvar ayında isə Haaqadakı Daimi Arbitraj Məhkəməsində bu iş üzrə ilk prosessual iclas keçirilib. Cənab Prezidentin Milli Məclisin 7-ci çağırışının ilk iclasında bu məsələyə yenidən toxunması iş üzrə dövlətimiz tərəfindən ciddi addımların atılacağını göstərir. Bu, qarşıdakı dövrdə təzminat iddiası üzrə bütün mümkün hüquqi proseslər həyata keçiriləcək mesajı da sayıla bilər. Təsadüfi deyil ki, bu prosesin özləri üçün ciddi nəticələr doğuracağından narahat olaraq əl-ayağa düşən Ermənistan indi Azərbaycana qarşı təzminat iddiası qaldırmağı düşünür. Guya Qarabağ ermənilərinin qovulmasına görə Azərbaycan onlara təzminat ödəməli imiş. Halbuki hələ 14 fevral 1995-ci ildə Avropa Şurasının hazırladığı hesabatda qeyd olunurdu ki, 900 mindən çox azərbaycanlı qaçqın və köçkünün təzminat haqqı var, amma və lakin Ermənistan heç zaman onlara görə təzminat ödəməmişdi. Çünki işğalçı - qalib tərəf idi. Bu dəfə isə fərqlidir. Ermənistan kapitulyantdır və müharibə tarixi ən qədim dövrlərdən indiyədək məğlub olan tərəflərin təzminat tələblərini yerinə yetirməyə məcbur edildiyi tarixi faktlarla doludur. Məsələn, 1872-ci ildə Fransa Prussiyaya (indiki Almaniya) məğlub olduğu üçün təzminat ödəməli olmuşdusa, I dünya müharibəsindən sonra əksinə, məğlub Almaniya Fransaya təzminat ödəməli oldu. İraq 1990-cı ildə Küveyti işğalına görə ”Səhrada Tufan" əməliyyatı ilə məğlub edildikdən sonra təzminat ödəməyə məcbur edilib və İraq hökuməti yalnız 2021-ci ildə bu təzminatı (52,4 milyard dollar) tam ödəyib qurtara bilib, yəni 30 ilə. Hətta ərazi təzminat nümunələri də beynəlxalq praktikada mövcuddur. 1946-cı ildən sonrakı müddətdə ABŞ qədim hindu tayfalarına (Amerikanın aborigen əhalisinə) torpaqlarının əllərindən alınması müqabilində maddi təzminat, o cümlədən bir sıra hallarda torpaq təzminatını nəzərdə tutan proqramlar tərtib etməyə başlayıb. Rəsmi üzrxahlıqları da xatırlaya bilərik, Kraliça Yelizavetanın 1995-ci ildə Yeni Zelandiyadakı Maori xalqından üzr istəməsi və törədilən cinayətlərə görə 170 milyon dollar həcmində maddi və torpaq təzminatının ödəniləcəyini elan etməsi xatırlana bilər. Yaponiyanın II Dünya müharibəsində məğlubiyyətindən sonra isə üzrxahlıqları lap çoxdur. 1957-ci ildə isə Yaponiya Baş naziri Nobusuke Birma xalqından üzr istəyərək müharibə cinayətlərinə görə təzminat ödəyəcəklərini bəyan etməsi xüsusilə vurğulana bilər. Almaniya-SSRİ arasında 1939-cu il Molotov-Ribbentrop Paktına görə Polşanın 70 min kv. km ərazisi Sovet İttifaqına (Litva, Belarus və Ukrayna SSR-ə) verildiyi üçün, 1945-ci ildə Almaniya məğlub olduqdan sonra 40 min kv. km ərazini (təxminən bir Niderland boyda ərazi, o cümlədən Silesiya kömür mədənləri və Baltik sahilini) təzminat olaraq Polşaya verməli olmuşdu. Bütün bu üzrxahlıqlar və təzminat ödəmələri dövlətlərin revanşist hisslərdən təmizlənib, cəmiyyətlərini sülh və sabitlik içərisində yenidən inşa etmək istəyindən irəli gəlir. Bu, həmçinin mütləq şəkildə beynəlxalq sistemin təzyiqləri ilə də əlaqələndirilməlidir. Ermənistanın təzminat ödəməsi də yalnız bu kontekstdə mümkün görünür ki, erməni cəmiyyəti həqiqətən sülh və barış istəsin. Lakin hələ ki, bu onlarda müşahidə olunmur. Ermənistanın revanşist hislərini qabardan xarici qüvvələr isə ayrıca bir mövzudur. Ermənistan qarşısında qaldırdığımız təzminat iddiası - 50 milyard dollardan çox, məbləğ olaraq onların dövlət büdcəsi ilə müqayisədə olduqca böyükdür, odur ki, bunun əvəzinə onlar ya bu məbləği qarşıdakı uzun illər üzrə bölməli olacaq, yaxud konsessiya şəklində ödəniş etməli olacaqlar. Məsələn, Zəngəzur dəhlizi üzərində nəqliyyat-kommunikasiya konsessiyaları verə bilərlər ki, bu da qarşıdakı uzun illər üçün (təzminat məbləğinə uyğun olaraq müddət təyin oluna bilər) Azərbaycana yoldan maneəsiz istifadə imkanı təmin edər. Regionumuza həqiqi və davamlı sülh yalnız müharibə cinayətlərinə görə üzrxahlıqlar və ziyanların qarşılanması halında gələ bilər. Necə ki, bu günlərdə Gürcüstan baş naziri Kobaxidze abxaz və osetinlərdən üzr istəyərək, sülh içərisində birgəyaşam niyyətini bəyan etdi, eləcə də bir gün Ermənistan ali rəhbərliyi Azərbaycan xalqından Xocalıya görə üzr istəməli, 30 ildə törədilən dağıntılara və istismara görə cavabdehlik üstlənməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR