Onlayn ictimai-siyasi qəzet
Vəkillər Kollegiyası ilə İctimai Televiziya arasında dava düşüb. Çox maraqlı bir məsələ üstündə: İTV-də nəsə serial gedirmiş, orada vəkil obrazını təhqir eləyiblər, bizim şanlı kollegiya da bunu, türkün sözü, üstünə götürüb.
İndi kollegiya bəyanat verir ki, şərəfli vəkil peşəsini aşağılamaq, alçaltmaq telekanala üz ağlığı gətirmir. O tərəfdən də həmin serialda oynayan aktyor vəkillərin kinodan inciməyini absurd adlandırıb.
Kim haqlıdır? Məndən olsa hər ikisi. Eyni zamanda da heç biri. İzah edim.
Söhbət ondadır ki, yetişmiş, inkişaf eləmiş cəmiyyətlərdə kinonun, ümumiyyətlə, incəsənətin istənilən sahəsinin məhsulunu elə sənət məhsulu olaraq da qəbul edirlər, bundan inciyən-küsən olmur. “Bəyin oğurlanması” filmindəki sualı verən olmur: “Kinolarda doğrudan-doğruya öpüşürlər, yoxsa yalanpışdan?” Ancaq biz inkişaf eləmiş cəmiyyət sayılmırıq. Elə bu cür diskussiyanın ortaya çıxması da bunu isbat edir. Deməli, vəkil peşəsini kinoda təhqir eləmək hələ tezdir.
Üstəlik, İTV o serialda vəkil haqda işlətdiyi ifadələrin yarım faizini müstəntiq haqda işlədibmi? Şübhə edirəm. Bir dəfə “Vətəndaş A” serialı haqda yazmışdım, yenə təkrar edirəm: o filmdə bütün günahlar və çirkin əməllər səlahiyyətsiz bələdiyyənin üstünə yıxılmışdı, sanki hadisələrin cərəyan etdiyi xaraba kənddə icra nümayəndəsi, sahə müvəkkili və sairə orqanlar, dövlət qurumları yerli-dibli yox imiş.
Sözü ona gətirirəm ki, hamıya bir gözlə baxa bilməyəndə çaşlıq və çaş-başlıq yaranması təbiidir.
Ümumiyyətlə, sənət azad olmalıdır, lakin sənət azadlığının altında başqa azadlıqlar da durur. Bunu çox izah edə bilmərəm, çünki mən də azad deyiləm. Ancaq istənilən vəziyyətlərdə hər hansı sənət - keyfiyyətindən asılı olmayaraq - cəmiyyətdə qıcıq oyadırsa, kimlərinsə əsəbi ilə oynayırsa, deməli, lazımdır! İTV Vəkillər Kollegiyasını tərpədib, kollegiya bəlkə müstəntiqləri tərpədəcək, oradan vibrasiya hakimlərə keçəcək və sairə və ilaxır. Bir də gördün hüquqlarımız fəvvarə vurdu. Vallah. Öz canım üçün, şişirtmə eləmirəm. Orqanizmə virus düşəndə, qızdırma qalxır. Xəstəliyin müalicəsi üçün əvvəlcə həb atırsan, sonra iynəyə keçirsən. Yalnız ölülər heç nəyə reaksiya vermir.
Hikmət Rəhimovun “Apatiya” adlı filmi var. Keçən il çıxmışdı. Açığı, mən baxdım, heç bəyənmədim. Ancaq buna reaksiya bildirməyə də ehtiyac duymadım, çünki filmdən başqa nəyə desən oxşayırdı. Sonra isə baxdım ki, hərə bundan bir sicilləmə tənqid yazır. Sən demə, Rəhimov cəmiyyətimizi alçaldırmış, filmdə iyrənc səhnələr var və sairə. O zaman mən, pis çıxmasın, barmağımı dişlədim: əgər bu “kino” kimlərisə qıcıqlandırıb, iyrəndiribsə, deməli, bunun içində nəsə var. Sənət adına!
Sonra Rəhimov daha qızışdı və o filmin ardını çəkib. Buna baxmağa heç həvəsim olmadı. Lakin 1-ciyə baxıb 2-cini də izləyən və yenə söyənlər çıxdı! Heyrətamizdir. Sanki mazoxistdirlər. Bəyənmirsən, niyə baxırsan? Qadın hamamından şikayət edən adamın lətifəsi yadınıza gəlirmi?
O cümlədən kimsə jurnalistləri topdan qabağına qoyub söyəndə şəxsən mənim tüküm belə tərpənmir. Hamıya cavabdeh deyiləm ki? Özünü hansısa peşəyə, hansısa kəndə, rayona, nə bilim, xalq şairinə cavabdeh bilmək yarımçıqlıq əlamətidir. Təklif edirəm inkişaf edək.
Söz kinodan düşmüşkən... Bugünlərdə kino ittifaqımızın sədri Rasim Balayevin hökumətə müraciəti dərc edildi. Uşaq kinosunun inkişafı üçün dövlət proqramı hazırlamağı istəyirdi. Yenə kiflənmiş proqramların həsrətindəyik... Deyir pul verin, animasiya çəkək. Rasim müəllim, vallah, belə müraciətlər yazmasan Beyrək deyərdik sənə...
Keçən il Latviyada çəkilən “Axın” (“Straume”) animasiya filmi dünyada ödülləri yığa-yığa gedir, bir dənə “Oskar”ı qalıb, böyük ehtimal onu da qapazlayacaq (büdcəsi 3 milyon 500 min avrodur - bizdə ildə bütün kinoya hökumət bu qədər pul ayırmır). Latış, fransız və belçikalı adamlar birgə çəkib. Büdcəsi üçün də Avropa Birliyinin kinoya dəstək üçün yaratdığı “Evrimaj” (Eurimages) fondu pul ayırıb. Azərbaycan Qafqazda bu fonda üzv olmayan yeganə ölkədir.
Bu qədər.
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ