Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda da bu istiqamətdə qanun qəbul olunsun...
“Bank hesabınıza müdaxilə zəngləri dələduzluqdur. Bank kartı istifadəçilərinə şübhəli zənglər edən, mesajlar yazan şəxslər bankların adından hərəkət edirlər. Xarici nömrə ilə əvvəlcədən hazırlanan ssenarilərə əsasən cinayətkarlar vaxtın olmaması üçün tələsik kritik suallar verib təşviş, həyəcan yaradırlar: "Hesabda itki riski yaranıb, kartınıza müdaxilə var".
Bu barədə Daxili İşlər Nazirliyinin əhaliyə müraciətində bildirilib. Qeyd edilib ki, əsasən özünü bank əməkdaşı kimi təqdim etmə hallarında kart sahibi heç bir halda şəxsi məlumatları naməlum şəxsə verməməlidir: “Bank kartı sahibi bilməlidir ki, bank kartının üzərində olan 16 rəqəmi, CVV nömrəsini, bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodu istənirsə, dələduzluqdur. Onlar cinayətkar niyyətlərini xaricdən həyata keçirməklə oğurlanan pulu saxta ofşor hesablara köçürüb izi itirəcəklər. Bir daha diqqətə çatdırırıq ki, bu və ya digər hallarla bağlı vətəndaşlar özünü bank əməkdaşı kimi təqdim edərək zəng edən, sosial media üzərindən mesajlar göndərən naməlum şəxslərlə danışıq aparmamalıdır, bank kartı məlumatlarını verməməlidir. Əgər həmin zəngi, mesajı yoxlamaq istəyirsinizsə, ona cavab olaraq deyil, kartdakı nömrədən istifadə edərək banka zəng edin. Unutmayın ki, sizin kart məlumatlarınız kartınızın mənsub olduğu bankda var və bank işçisi heç bir halda bu məlumatları soruşmur”.
Bu arada Rusiya prezidenti Vladimir Putin rusiyalıları telefon və internet dələduzluğundan qorumaq üçün qanun imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qanunda həmçinin beynəlxalq nömrələrdən edilən zənglərin məcburi etiketlənməsi, dövlət qurumlarının, bankların və rabitə operatorlarının əməkdaşlarının messencerlər vasitəsilə vətəndaşlar və müştərilərlə əlaqə saxlamasına qadağa qoyulması nəzərdə tutulur. Bundan əlavə, qorunma üçün şübhəli əməliyyatları təsdiq edə biləcək etibarlı şəxslər institutu tətbiq edilir.
Azərbaycanda bu sahədə qanunvericilik bazası nə yerdədir? Rusiyadakı qanunun oxşarı bizdə də qəbul edilə bilərmi? Mübarizə getdikcə çətinləşir, yoxsa...
Elvin Abbasov
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, kiberdələduzluq beynəlxalq miqyasda artmaqda davam edir: “Ayrı-ayrı ölkələrdə bunların qarşısını almaq üçün müxtəlif meyarlar tətbiq olunur. Rusiyada yeni bir sərəncam imzalanaraq qaydalar tərtib olundu. Vətəndaşlar artıq xarici nömrələrdən dövlət qurumlarının adı ilə müraciət olunduğunda biləcəklər ki, bu, kiberdələduzdur. Azərbaycanda isə heç bir dövlət qurumu, həmçinin böyük korporasiyalar xarici nömrələrlə əlaqə yaratmır. Sosial şəbəkələrdə bütün qurumların hesabı var, lakin müraciətlər və bildirişlər anlıq mesajlaşmalar üzərindən olunmur. Yəni ölkəmizdə belə bir qanun olmasa da, dövlət qurumları xarici nömrələrlə və ya sosial şəbəkələr vasitəsilə vətəndaşlara anlıq mesajlaşma ilə müraciət etmirlər, yalnız sual olarsa, qəbul edir. Yaxşı olardı ki, Azərbaycanda da bu istiqamətdə qanun qəbul olunsun ki, vətəndaşlar dəqiq bilsinlər ki, xarici nömrələrdən gələn zəng, yaxud da internet vasitəsilə anlıq mesajlaşmalar üzərindən gələn müraciətlər dövlət qurumlarının rəsmi müraciət forması deyil. Bu, çox vacib məsələdir. Vətəndaşlar buna tam əmin olsalar, xarici nörmələrdən gələn mesaj və linklərin dələduzlar tərəfindən göndərildiyini biləcəklər”.
Ekspertin sözlərinə görə, dünyada kibercinayətkarlığın miqyası artmaqdadır: “Statistika və proqnozlar göstərir ki, kibercinayətlər astronomik həddə çoxalacaq. Çünki virtual aləmdə gizlənmək və insanları manipulyasiya etmək daha rahatdır.
Bütün cazib mərkəzlər: maliyyə dövriyyələri, biznes işləri internet üzərindən aparılır. Bu isə şərait yaradır ki, cinayətkarlıq kiber müstəviyə keçsin. Gözlənilən odur ki, kibercinayətkarlığın miqyası artacaq.
Burada dələduzluq əsas motiv təşkil edir. Çünki ümumi olaraq fishing və ya başqa dələduzluq növü ilə minlərlə insan bir cəhddə dələduzluğun qurbanı olur. Adətən ölkədaxili nömrələrdən müraciət olunmur. Bütün ssenarilər xarici nömrələr üzərindən qurulur. Buna görə də mən Rusiyada qəbul olunan qanunu dəstəkləyirəm. Vətəndaş xarici nömrədən zəng gələndə, yaxud da dövlət qurumlarının adını daşıyan sosial şəbəkələrdən ona müraciət görəndə başa düşəcək ki, bu bir saxtakarlıq motividir".
E.Abbasov bildirir ki, eskpertlər bu mövzuda daima çağırışlar və sosial şəbəkələr üzərindən müraciətlər edirlər: “Xarici tendensiyalar izlənilir və yerli individual hər hansı incident baş verdiyində ona uyğun təkliflər səsləndiririk. Dövlət qurumları ekspertlərin sosial şəbəkələrdəki mesajlarını izləyirlər və onları dövlət proqramlarına cəlb edirlər. Məsələn, mən ən son magistr ixtisaslarının yeni dövrün çağırışlarına görə tənzimlənməsi ilə bağlı dəvət edilmişdim. Bu cür məsələlərdə dövlət daima ekpertlərə müraciət edir, onlarla işləyir. Çünki sahəvi insanların fikirləri önəmlidir”.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, xarici kiber müdaxilələrlə 2024-cü ildə 16804 fakt üzrə vətəndaşlar aldadılaraq bank kartlarından 22 milyon (22.442.838) manatdan artıq vəsait talanıb. Bildirilib ki, ötən il ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsul vasitələrlə saxta link-keçidlərlə 1027 fakt üzrə 2.043.896 manat, alış-veriş səhifələrində elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1.196.786 manat, özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598.048 manat, mobil telefona kibermüdaxilə yolu ilə 185 fakt üzrə 311.728 manat, bankamatdan pul çıxarılmasına kömək adı ilə 178 fakt üzrə 92.630 manat, oğurlanıb və itirilmiş kartdan 307 fakt üzrə 101.398 manat pul vəsaiti onlayn talanıb.
İnternet resurslarında vətəndaşları aldatmaqla, lotoreya, qumar oyunları və digərlərində qazanc əldə edəcəyi vədi ilə 471 fakt üzrə 2.450.403 manat, alış-veriş saytlarında müxtəlif əşya satışı ilə bağlı 626 fakt üzrə 292.344 manat, telefon satışına görə 292 fakt üzrə 116.219, avtomobil satışına görə 100 fakt üzrə 121.640 manat, işə düzəldəcəyi vədi ilə 336 fakt üzrə 470.734 manat, kredit vədlərinə görə 501 fakt üzrə 139.600 manat, kirayə ev, avtomobil və digər xidmətlərə görə 343 fakt üzrə 82.370 manat olmaqla, digər üsul vasitələrlə 10000-dən artıq fakt üzrə müxtəlif məbləğlərdə pul vəsaitləri xaricdən idarə olunmaqla başqa-başqa xarici hesablara köçürülüb.
Hər bir fakt üzrə aparılan təhlillər və araşdırmalar göstərir ki, aşkar bilinən kiber talama cinayətləri vətəndaşın bank kartına aid şəxsi məlumatların xaricdə olan naməlum şəxslər tərəfindən ələ keçirilməsi nəticəsində baş verib. Saxta xarici nömrələrdən, profil və səhifələrdən naməlum şəxslərin tələblərinə, təkliflərinə, vədlərinə inanan bank kart sahibləri onunla danışan, yazışan naməlum şəxsin niyətlərini yoxlamadan, araşdırmadan şəxsi məlumatlarını veriblər, şübhəli linklərə keçid ediblər.
Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlara çağırış edirik, şəxsi məlumatları, bank kartı ilə əlaqəli onlayn ödənişlər üzrə - mədaxil və məxarici həyata keçirərkən diqqətli olsunlar, şübhə yaradan bütün təkliflərə ehtiyatla yanaşsınlar, naməlum zənglərə, mesajlara cavab verməsinlər, şübhəli linklərə keçid etməsinlər.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ