Onlayn ictimai-siyasi qəzet
2025-ci il aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsində, Baysaran vadisində baş verən terror hücumu Hindistan-Pakistan münasibətlərində son illərin ən ciddi gərginliyinə səbəb olub.
Musavat.com xəbər verir ki, turistlərin sıx olduğu ərazidə baş vermiş silahlı hücum nəticəsində 26 nəfər həlak olub. Hadisənin məsuliyyətini "Müqavimət Cəbhəsi" adlı qruplaşma öz üzərinə götürüb. Hindistan rəhbərliyi hücumla bağlı dolayısı ilə Pakistanı ittiham etsə də, buna dair konkret sübut təqdim edilməyib.
Kəşmirin mübahisəli ərazilərində atəşkəs rejimi pozulub, sərhəd boyunca hər iki tərəf əlavə qüvvə və texnika cəmləşdirir. Bu, qarşıdurmanın hərbi müstəviyə keçməsi ehtimalını artırır.
İslamabad hadisəni pisləyərək, məsuliyyət daşımadığını bəyan edib və beynəlxalq ekspertlərin iştirakı ilə şəffaf araşdırma aparılmasını təklif edib. Baş nazir Şahbaz Şərif bildirib ki, Pakistan sülhə sadiqdir, lakin suverenliyə təhdid olarsa, lazımi cavab veriləcək.
Hadisədən cəmi 30 dəqiqə sonra Hindistan rəsmilərinin Pakistanı günahlandırması beynəlxalq ictimaiyyətdə suallar doğurub. Ekspertlər bu addımı Narendra Modinin daxili siyasi uğursuzluqları ört-basdır etmək və millətçi elektoratı səfərbər etmək cəhdi kimi dəyərləndirirlər. 2019-cu ildəki Pulvama hadisəsi ilə paralellər aparılır.
Bəzi analitiklər hesab edir ki, Hindistanın təxribatçı davranışlarını təşviq edən xarici qüvvələr – xüsusilə də Çin və müsəlman ölkələrinin əməkdaşlığından narahat olan dairələr – regionda qeyri-sabitliyi dərinləşdirməyə çalışır.
Pakistanın informasiya və müdafiə nazirləri Hindistanın yaxın 24–36 saat ərzində hərbi əməliyyatlara başlaya biləcəyi barədə etibarlı kəşfiyyat məlumatına sahib olduqlarını bildiriblər. Hücumun Pahalqam hadisəsini bəhanə etməklə ediləcəyi gözlənilir. Pakistan bu təhdidə qarşı suverenliyini qorumaqda qərarlıdır.
Hindistan Cammu və Kəşmirdə 700 minə yaxın hərbçi saxlayır. Beynəlxalq hesabatlara görə, bu qüvvələr bölgədəki əhalinin, xüsusən qadın və uşaqların fundamental hüquqlarını pozur, zorakılıq, həbslər və insan ləyaqətinin alçaldılması geniş yayılıb.
Hindistanın 1960-cı il Hind Su Müqaviləsini birtərəfli pozmağa cəhd etməsi Pakistanın iqtisadiyyatı və su təminatı üçün ciddi təhlükə yaradır. Bu addım həm də beynəlxalq hüquqa və müqavilə öhdəliklərinə açıq hörmətsizlikdir. Pakistan bu məsələyə görə dəfələrlə beynəlxalq tribunalara müraciət edib.
Pakistan Azərbaycanın strateji tərəfdaşı kimi ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləyib. Hazırkı şəraitdə Bakı ilə İslamabad arasında həmrəylik göstərilməsi, eyni zamanda beynəlxalq təşkilatların Hindistanın təxribatçı siyasətinə qarşı sərt mövqe tutması regional sabitlik üçün zəruridir.
Şahanə Rəhimli
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ