İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-də əsgər qiyamları - pulsuz iş, çatışmayan ərzaq və yalan vədlər

II dünya müharibədən sonra sovet ordusunda vaxtaşırı qiyamlar baş qaldırıb, çünki əsgərlər hökumətdən və onlarla bağlı qərarlardan narazı qalıblar. İlk narazılıq 1955-ci ilin payızında, Müdafiə Nazirliyinin hərbi tikinti hissələrində başlayıb. Xidmət müddətinin daha bir il uzadılması əmri “tikinti batalyonu” əsgərləri arasında hiddət doğurub.

Müharibədən sonra Sovet İttifaqına təcili olaraq ucuz işçi qüvvəsi lazım olub. Çünki hökumət daşınmaz əmlak tikintisi planlarını yerinə yetirmək üçün pulsuz əsgərlər və hərbçilərdən maksimum istifadə etmək istəyib.

1953-cü ildə Stalinin ölümü və “qüdrətli” Lavrenti Beriyanın süqutu sovet cəmiyyətini bürümüş xofu azaldıb. 1950-ci illərin ortalarında bu ürkək dəyişiklik küləyi kazarmalara çatıb və görünməmiş bir hadisə ilə nəticələnib: açıq əsgər üsyanları. 1955-ci ilin payızında ənənəvi olaraq ən çox hüquqsuz hesab edilənlər - hərbi tikinti işçiləri Uralda və Sibirdə üsyan qaldırıblar.

O vaxta qədər sovet ordusunun hərbi geyimli qullar ordusu olub - əməyi ilə “kommunizmin böyük layihələrini” quran 730.000 çağırışçı. Əsgərləri mülki işçilər kimi işlədiblər, amma əməkhaqqı verməyiblər.

srtro.JPG (49 KB)

Sovet ordusunda hərbi və mülki infrastruktur quran çoxsaylı tikinti bölmələri olub. 1950-ci illərdə pulemyot əvəzinə kürəklə silahlanmış belə birliklərdə hər il bir milyona qədər əsgər xidmət edib. Hamı dövlətin məqsədlərinə çatmaq üçün işlə məşğul olduqlarını düşünüb. 1955-ci ildə tikinti qoşunlarında köklü dəyişikliklər baş verib. Tikinti işçiləri sabit əməkhaqqı almağa başlayıblar, ancaq bu, hərbçi-fəhlələrə aid olmayıb.

Eyni zamanda, ölkədə tikinti işçiləri baxımından ciddi çatışmazlıq yaşanıb. Hökumət problemi həll etmək üçün kəskin tədbirlər görməyə qərar verib. Bundan sonra “tikinti batalyonu”nun bütün üzvlərindən əlavə bir il xidmət etmələri tələb olunub. Dəyişikliklər təkcə çağırışçılara deyil, hərbi xidmətdə olanlara da təsir edib. Qərar gözlənilməz nəticələr verib. Ölkənin hər yerində iğtişaşlar başlayıb, “tikinti batalyonu” əsgərləri yalnız bir tələb irəli sürüblər: köhnə qanuna görə tərxis olunmaq.

Sözügedən ilin sentyabr ayının əvvəlində “tikinti batalyonu”ndan olan 250-dən çox “çağrışçı” Sverdlovsk vilayətindəki tikinti idarəsinin rəhbərliyinin xidmət müddətinin bir il uzadıldığına dair göstərişinə inanmayıb. Krasnouralskda əsgərlərə müvafiq əmr göstərildikdə isə iğtişaş baş verib. Üsyançıların əksəriyyəti qəzəblənib və bu, qırğınlara və iğtişaşlara səbəb olub.

Alayın bütün mebelləri sındırılıb. İğtişaş zamanı xəsarət alan və baş verən hadisələrə görə cəzalandırılan olmayıb. Bununla belə, tikinti bölməsinin iş şəraitində müəyyən problemlər aşkarlanıb. Bunlara ərzaq çatışmazlığı, hamamların və rahat yataq yerlərinin olmaması, mövsümi ayaqqabı çatışmazlığı və tikinti sahələrində yüksək xəsarətlər daxildir. Hökumət hərbçilərin iş şəraitini yaxşılaşdırmaqla “söhbəti” bağlamaq istəyib.

stroy.jpg (103 KB)

Bir neçə gün sonra Kemerovoda əsgərlər üsyana qalxıblar. Onlar daha bir il xidmət edəcəklərini biləndə tikinti trestini darmadağın ediblər. İğtişaşlar zamanı “tikinti batalyonu”nun əsgərləri Müdafiə Nazirliyinin müvafiq əmrini göstərən komandirə hücum ediblər.

Üç gün davam edən üsyanda yerli sakinlər də iştirak ediblər. Sentyabrın 13-də “Ximik” stadionuna 2000 nəfər toplaşıb. Nəhayət, hərbi və mülki hakimiyyətdə olanlar, o cümlədən Moskvadan gələn “Sibstroy”un rəhbəri hərbçilərlə danışıb. Lakin camaat yenə də sakitləşməyib.

Bəziləri bu aksiyalardan Amerikanın xəbər tutacağı haqda şüar qışqırıb. Trest rəhbəri Stepanenko döyülsə də, işdən çıxarılma əmrini imzalayıb. Əsgərlər məqsədlərinə çatıblar. Onların hamısı gözlədikləri tarixdə tərxis olunublar. Lakin üsyançılardan beşinin bəxti gətirməyib. Onların hər biri bir il müddətinə məcburi əmək cəzasına məhkum edilib, nəticədə 1 il artıq xidmət yerinə 1 il cəza çəkiblər.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR