İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərimli olmayan elektoratı ilə Qərbi aldada biləcəkmi - sərt reaksiyalar

“Xalqımız Qərbə məkrli niyyətini ölkəmizdə reallaşdırmasına heç vaxt imkan verməyəcək”

AXCP sədri Əli Kərimlinin və onun qeyri-legitim Milli Şurasının Azərbaycan dövləti üçün ən həssas vaxtda təxribatlara başlamaq cəhdləri əslində çox da təəccüb doğurmur. Çünki Əli Kərimlinin xisləti zatən budur. O, fərdi maraqları, şəxsi ambisiyaları üçün bütün milli-mənəvi dəyərləri ayaqlamağa hər an hazır olduğunu son 25 ildə dəfələrlə nümayiş etdirib.

Lideri, mərhum prezident Əbülfəz Elçibəyin səhhətinin ən ağır vaxtlarında onun haqqında ən iyrənc yazıları yazdıran, yaxın dostlarının, silahdaşlarının, hətta yaxın qohumlarının həbsi, faciəsi üzərindən özünə “gün ağlayan”, qrantlar alıb kef edən adamda hansısa dövlətçi, milli şüur, təfəkkür olması mümkün deyil. İnsanın şəxsi keyfiyyətləri nədirsə, siyasi mahiyyəti də məhz o olur. 

Azərbaycan COP29 kimi mötəbər tədbirə hazırlaşır. Belə bir ərəfədə Qərbin anti-Azərbaycan qüvvələri dövlətimizə qarşı hərəkətləniblər. Eyni zamanda Avropa İttifaqı-ABŞ-İrəvan müttəfiqliyinin məqsədi məhz Azərbaycana təzyiqlər göstərməyə hesablanıb. Digər tərəfdən isə İranın hər an müharibəyə cəlb olunması gözlənilir ki, bunun da bütün regiona təsirləri olacaq, kimlərsə Bakıya qarşı təxribatlar da törətməyə çalışacaq. Ölkəmiz üçün kifayət qədər həssas bir dönəmdir. Belə bir vaxtda Əli Kərimli yenə də ənənəvi mahiyyətinə sadiqdir: Bununla əslində Qərbin əsas əlaltısı funksiyasını üzərinə götürməyə, ölkəmizə qarşı məkrli planlar üçün ayrılacaq pullara sahiblənməyə çalışır. Yəni radikallar arasında bu qrantlara əl atanlar çoxdur, Əli Kərimli qabağa düşmək istəyir. Ancaq maraqlıdır ki, Qərbi mitinqlə aldatmaq üçün onun ətrafında heç bir real kütlə yoxdur. Yalnız 15-20 siyasi qrantyeyən dəstəsi ilə mitinq görüntüsü yaratmağa cəhd edə bilər. Bununla onlar Qərbi aldadıb pul ala biləcəkmi? Qərb bu qədər sadəlövhdür?

Elşən Musayev də yenidən parlamentə seçilməyə çalışacaq

 Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev kifayət qədər sərt danışdı: “Əli Kərimli xəyanətdən yoğrulan, milli təəssübkeşliyin nə olduğunu anlamayan, bitmiş, qurtarmış, xərclənmiş adamdır. Ona görə çırpınır, hər mövsüm yeni saxtakarlıqlarla, imitasiyalarla, bəsit tamaşalarla, sərsəm açıqlamalarla gündəmə gəlmək istəyir. "Mən də varam" kompleksinə girir, kimlərinsə əlində oyuncaq olmağı özünə rəva bilir. AXCP sədri avantürizmin elə bir mərhələsindədir ki, oradan geri dönüş yoxdur. Çünki quyunun tam dibinə qədər yuvarlanıb, öz reputasiyasını plintusdan da aşağı səviyyəyə endirib, 5-10 qaragüruhçunun ümidinə qalıb. Bir adam ki, hansısa ölkənin xüsusi xidmət orqanının əlində, ovcunda, cibində, sərəncamında ola, Şuşanın işğaldan azad edilməyinə sevinməyə, bir adam ki, Mark Şvabeni öz saytında reklam edə... Bir adam ki, Cəmil Həsənli kimi səbatsızı, urvatsızı özünə “fəxri sədr” seçə, bir adam ki, Kardaşyanın mənəvi irsindən bəhrələnə, hər əməli ilə ona oxşamağa çalışa, beləsindən nə gözləmək olar? 

Kərimli bəlli dairələrdən  yönləndirilir. O, əmr quludur. Onun yeganə məqsədi növbəti təxribatlara yol açmaq, aranı qatmaq, səs-küy yaratmaq, hansısa formada “ağa”larına xidmət göstərməkdir. Və ağalarının da kim olması hər kəsə gün kimi aydındır. Bu, şüurlu insanın atacağı, ata biləcəyi, atmalı olduğu addımlar deyil. Ancaq beyinsiz adam belə şeyləri, belə rüsvayçılığı gözə ala bilər.

Təbii ki, növbəti mitinq şousu da hər zaman olduğu kimi yenə fiaskoya uğrayacaq.  Çünki bu bədnamların ətrafında kimsə yoxdur. Xalq nifrət edir onlara. Radikallar Azərbaycan siyasətində qəbul olunmur. Belələrinin qatarı çoxdan gedib".

“Xarici fondlar musiqini sifariş edirlər, radikal müxalifət isə aldığı pula görə musiqini ifa etməyə çalışır. Bu baxımdan radikalların 21 aprel tarixli mitinq açıqlaması da onların sifarişçilərinin növbəti məkrli planının tərkib hissəsidir. Planlaşdırılan mitinq ölkəmizdə yaranmış siyasi sabitliyi pozmağa və xalqı hakimiyyətə qarşı çıxarmağa hesablanıb. Bu gün radikallıqla məşğul olanlara  təklif olunmuş siyasi dialoqdan imtina edilməsi də onların ağalarının tələbidir. Çünki onlar üçün siyasi dialoq və sivil yolla siyasi mübarizə yox, radikallıq və cəmiyyətin parçalanması maraqlıdır. Bu baxımdan radikalların cəmiyyətə müraciət etməyə və siyasətdə mövcudluğuna dair mənəvi haqqı yoxdur”.

Bu fikirləri isə deputat Azər Badamov bildirib.

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov 

O qeyd edib ki, dünyada baş verən prosesləri görə-görə xalqı meydanlara çağırmaqla  ölkədəki sabitliyi pozmağa cəhd edilməsi xainlik və düşmənçilikdir: “Xalqımız çox müdrikdir və dünyada baş verən prosesləri yaxşı dəyərləndirə bilir. Belə ki, Qərbin məkrli planlarının reallaşdırılmasına nail olunmuş ölkələrdəki xalqların həyatlarının necə məhv olunduğunu da görürük. Təbii ki, xalqımız ölkəmizdə qazanılmış uğurları yüksək dəyərləndirir və aparılan müstəqil siyasəti dəstəkləyir. Bu baxımdan radikal müxalifətin çağırışlarına qoşulanlar da olmayacaq. Onlar müxtəlif hesabatlarda Azərbaycana qarşı qərəzli açıqlamalar verirlər, ölkə daxilində təmin olunmuş sabitliyi pozmağa çalışırlar və öz müstəqil siyasətini yürüdən ölkəmizi özlərinin əlaltısına çevirmək istəyirlər. Təbii ki, xalqımız Qərbə bu məkrli niyyətini ölkəmizdə reallaşdırmasına heç vaxt imkan verməyəcək”.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu isə bunları deyib: “Hazırda dünyada baş verən ziddiyyətlər kontekstində bəzi imperialist xalqlar öz maraqlarını milli dövlətlər üzərində qurmağa çalışırlar. Milli dövlətlərin müstəqil siyasətinin üzərində təzyiq qurmaqla bu ölkələri özlərinin istismar poliqonlarına çevirməyə cəhd göstərirlər. İmperialistlər bunun üçün bir tərəfdən Azərbaycana qarşı Ermənistanı gücləndirməyə çalışır, digər tərəfdən isə Azərbaycanda olan daxili sabitliyi pozmağa cəhd edirlər. Düşmənlərimiz yaxşı bilirlər ki, əldə etdiyimiz tarixi qələbənin əsasında Azərbaycan xalqının həmrəyliyi, vahid məqsəd uğrunda birləşməsi və xalq-iqtidar birliyi dayanır. Ona görə bu gün birlik və bərabərliyimizi pozmaq üçün ölkə daxilində fəaliyyət göstərən radikal müxalifət qruplarına xaricdən direktivlər gəlir. Ermənistan və Avropa İttifaqının sinxron münasibətləri kontekstində Azərbaycana qarşı edilən təzyiqə paralel olaraq, daxildə də mitinqlər təyin etməklə Azərbaycana, rəsmi Bakıya təzyiq edərək Ermənistanın lehinə münbit şərait yaratmağa, mümkün sülh razılaşmasında Ermənistanın maraqlarını təmin etməyə cəhd göstərirlər. Təəssüf ki, xarici qüvvələrin əlində alətə çevrilən radikal müxalifət imperializmin bu sifarişini insan hüquqları, demokratiya kimi universal dəyərlərlə əlaqələndirərək, həm də ictimai rəyi manipulyasiya edirlər. Şübhəsiz ki, Azərbaycan xalqı bunun fərqindədir. Azərbaycan xalqı əldə etdiyi qələbəni qorumaq əzmindədir. Əminik ki, radikal müxalifətin önümüzdəki günlərdə təyin etdiyi mitinqlər baş tutmayacaq və bu, Azərbaycan xalqının etirazı ilə qarşılanacaq. Nəticə etibarı ilə bu qələbə Azərbaycan xalqının övladlarının qanı, canı hesabına başa gəlib. Xalqımız icazə verməz ki, əldə etdiyimiz bu tarixi zəfəri kimlərsə Azərbaycandan oğurlasın”.

Elçin Mirzəbəyli: Azərbaycan bölgəyə davamlı sülhün gəlməsi üçün bütün  mümkün imkanlardan istifadə edir - AZƏRTAC

Elçin Mirzəbəyli 

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, bütün dövrlərin məğlubu Əli Kərimlinin kumiri Nikol Paşinyanın Brüsselə səfəri ərəfəsində Qərbdən gələn zəng və mesajlarla, açıq və qapalı təlimatlarla “beşinci kolon”un klassik nümayəndələrinin də hərəkətə gələcəyi gözlənilən idi: “Yeni qrant layihələri açıqlanıb. Bu o deməkdir ki, təkcə Nikol üçün yox, həm də onun Azərbaycandakı pərəstişkarları üçün də "fit" çalınıb, ətək göstərilib. Kərimli və ətrafının uzun illərdən bəri “kölgəsinə sığındığı” NED-in (National Endowment for Democracy - Milli Demokratiya Fondu) Direktorlar Şurasının sonuncu iclası martın 22-də keçirilib və sözügedən casus şəbəkəsi əlaqələndiricisinin azərbaycanlı “tərəfdaşları”nın “layihə”lərinə ayıracağı vəsaitlərin miqyası da müəyyənləşib. Beləliklə, 2016-cı ildən üzü bəri adları açıqlanmayan, hüquqi statusları və hansı sahələr üzrə ixtisaslaşmaları bəlli olmayan (azərbaycanlı) subyektlərə, yaxud transsubyektlərə 1,5 milyon ABŞ dollarından çox vəsait ayrılıb. Sizcə, bu vəsaitlər hansı istiqamətləri əhatə edir? “Universal demokratik hüquqlar” çərçivəsində “ümumi siyasi hüquqlar və sərbəst toplaşmaq azadlığının monitorinqi”ni... Zənnimcə, Əli Kərimlinin Nikol Paşinyanın Brüsselə səfərindən dərhal sonra mitinqlərə çağırışının siyasi sifarişçisi kimi maliyyə mənbəyi də bəlli oldu. Əslində ssenari də klassikdir, dəyişməyib. Deməli, bölgəyə yenə də Ermənistan üzərindən müdaxilə etməyə çalışan qüvvələr, hələ də Azərbaycanın bir neçə kəndini işğal altında saxlayan yeni qütbə transfer olunmuş forpostun ətrafında “demokratiyanın inkişafı və islahatlar” üçün ayırdıqları vəsaitlərin qarşılığında yeni “azadlıq adası” mifini formalaşdıracaq, Azərbaycanda isə hərəkətə gətirdikləri nüfuz müvəkkilləri vasitəsilə, onlara verilən təlimatlara uyğun olaraq, qarşıdurma yaratmağa cəhd göstərəcək, sonra isə öncədən quruluş verdikləri səhnəciklərin video-foto görüntülərini, kəsəsi yaradılan süni bəhanələri sosial şəbəkələrin, qlobal medianın trendinə daşıyacaqlar. Bundan sonra isə marığda gözləyən “hüquq-müdafiə təşkilatları”nın illərdən bəri məzmunu dəyişilməyən “hesabatları”, açıqlama və bəyanatları işə düşəcək və nəhayət, “fitin sahibləri” Avropa Parlamentində, Konqresdə, Senatda və mümkün olan hər yerdə səs-səsə verəcəklər".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR