Onlayn ictimai-siyasi qəzet
Azərbaycan böyük çağırışlarla üz-üzə qalıb; sudan səmərəli istifadə və kənd təsərrüfatında smart texnologiyaların tətbiqi çox önəmlidir
Azərbaycan iqtisadiyyatı ÜDM-in üçdə birini və ixracın 90 faizini təşkil edən neft-qaz sektorundan əhəmiyyətli dərəcədə asılıdır. Mövcud neft ehtiyatlarının azaldığı və daha 25 il kifayət edəcəyinin gözlənildiyi bir şəraitdə kompleks və effektiv dekarbonizasiya səyləri iqtisadiyyatı şaxələndirməyə, yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə rəvac verəcək. Bu fikirlər Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair İqlim və İnkişaf Hesabatında (CCDR) əksini tapıb.
Ölkəyə neft pullarının axını başlanandan bəri Azərbaycanda kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafı baxımdan prioritet sahə olaraq müəyyənləşib. Son 8 ildə aqrar sektora həm də qeyri-neft ixracının artırılması baxımından öncəlikli yanaşma nümayiş etdirilir. Bu sektorda dövlətin çoxsaylı dəstək mexanizmləri, subsidiyalaşma həyata keçirilir, hər il yüz milyonlarla manat dövlət vəsaiti xərclənir. Lakin hələ də sektorun nə ÜDM-də, nə ixracda, nə gəlirlərdə payını əhəmiyyətli şəkildə artırmaq mümkün olmayıb.
Rəsmi statistikaya əsasən, 2023-cü ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 865,5 milyon manat təşkil edib. Bunun 5 milyard 134,0 milyon manatı heyvandarlıq, 5731,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb. Verilən rəsmi hesabatlarda ölkədə buğda istisna olmaqla, əksər kənd təsərrüfatı məhsulları ilə özünütəminatın yüksək səviyyədə olduğu əksini tapır. Lakin əhalinin qida rasionunda üstünlük təşkil edən əsas məhsulların idxalı da davam edir. Yəni istehsal artımı tələb artımını qarşılamır...
İxraca gəlincə, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2 faiz artaraq 733,8 milyon ABŞ dolları təşkil edib. Bu zaman aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 162,7 milyon ABŞ dolları təşkil edib. Aqrar məhsulların ixracında 8,1 faiz artım qeydə alınıb, ixrac həcmi 571,1 milyon dollara çatıb.
On ayda ölkənin ümumi ixracının 29,3 milyard dollar olduğunu nəzərə alsaq, 571,1 milyon dolların nə qədər “yüksək” göstərici olduğunu rahatlıqla söyləmək olar...
Dünya Bankı ekspertlərinə görə, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft iqtisadiyyatı üçün mühüm sahələrdən biridir. Sektor ÜDM-in 8 faizdən az hissəsini əhatə etsə də, ümumi məşğulluğun 36 faizi bu sektorun payına düşür. Sektor təkcə ekstremal hava şəraitinə deyil, həm də ölkədə mövcud su çatışmazlığına çox həssasdır. Sektorun temperaturların artması və su əlçatanlığının azalmasına qarşı müdafiəsi iqlim dəyişikliyinə davamlılığı artırmaq və emissiyaları azaltmaqla məhsuldarlığı yaxşılaşdırmaq üçün suvarma səmərəliliyinin artırılmasını və iqlimə uyğun rasional kənd təsərrüfatı təcrübələrinin tətbiqini zəruri edir.
Son illərdə hamının danışdığı bir problem qlobal iqlim dəyişikliyinin Azərbaycana mənfi təsirləri və onlara qarşı hazırlıq məsələləridir. Qlobal iqlim dəyişmələri ilə bağlı bütün dünyada olduğu kimi Azərbaycanda da yerüstü və yeraltı su ehtiyatlarının həcmi azalıb. Hazırda Arazda, Samurda və digər çaylarda suyun həcmi azalıb. Bu gün Azərbaycanda şirin su ehtiyatlarının cəmi təxminən 2-2.2 faizi içməli su məqsədilə istifadə olunur. Bu fikirləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı APA-ya deyib. “Azərsu” ASC-nin illik olaraq həm yeraltı, həm də yerüstü mənbələrdən il ərzində 600 milyon kubmetrə yaxın götürülən suyu təmizləyib, emal və nəql edərək istehlakçılara çatdırdığını deyən A.Cəbrayıllı qeyd edib ki, səmərəliliyin artırılması istiqamətində də işlər görülür: “Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı tədbirlər planına əsasən, Dövlət Su Ehtiyatları Agentliyi "Azərsu" ASC-nin qarşısına bir sıra məsələlər qoyulub. Su itkilərinin azaldılması, sudan qanunsuz istifadənin qarşısının alınması, eyni zamanda da səmərəli istifadə ilə bağlı təbliğat, təşviqat işlərinin aparılması və sayğaclaşmanın həyata keçirilməsi bizim əsas hədəflərimizdəndir".
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı hesabatına əsasən, 2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında 18-ci yerdə qərarlaşacaq. 2025-ci ilədək isə Azərbaycanın adambaşına ən aşağı təminatlı su ehtiyatlarına malik 13 ölkə arasında qərarlaşacağı proqnozlaşdırılır.
Dünya Bankı Qrupunun “Azərbaycana dair İqlim və İnkişaf Hesabatı”na (CCDR) əsasən Azərbaycanda təsərrüfatların 80 faizi quraq və ya yarımquraq ərazilərdədir, suvarılan bitkilər ümumi kənd təsərrüfatı məhsullarının 80 faizinədək hissəsini təmin edir. Və ölkəmizdə kənd təsərrüfatı artıq ciddi su təhlükəsizliyi problemi yaşayır. Bildirilir ki, əlavə buxarlanma səviyyəsi və suya olan tələbatla əlaqədar, ölkədə istiləşmə dərəcəsi orta hesabla 0,7°C olsa da, yay-yaz vaxtlarında və quraq illərdə vəziyyət daha da kəskinləşir: “Gələcək yağıntı meyllərinin qeyri-müəyyənliyi su sektoruna investisiyalar və bu sektorla bağlı siyasət üçün problemlər yaradır”.
Dünya Bankı ekspertlərinin hesablamalarına görə, proqnozlaşdırılan iqlim dəyişiklikləri əlavə təzyiq amilləri yaradacaq ki, bu da Azərbaycanda yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığının 2051-2060-cı illərədək tədricən, lakin 1995-2014-cü illərin baza səviyyəsindən isə kəskin şəkildə - 30 faizədək azalmasına gətirib çıxaracaq. Kartof, şəkər çuğunduru və meyvələr daha çox təsirə məruz qalacaq. Bundan başqa, hesabatda qeyd olunub ki, Azərbaycanın mərkəzi rayonlarındakı əkin sahələrinin çoxu su qıtlığı ilə üzləşəcək. Bərdə, Ağcabədi, Saatlı, Kurdəmir, Biləsuvar, Netfçala, İmişli, Yevlax, Sabirabad və Salyan və dağlıq ərazilərdəki yağışla qidalanan və suvarma sxemləri ilə təchiz edilməyən Qarabağ, Şəki-Zaqatala və Dağlıq Şirvanda bitkilər daha ciddi təsirlərlə üzləşəcək. Ölkənin cənub əraziləri olan Cəlilabad və Masallı da risk altındadır.
Dünya Bankının nümayəndəsi Andrea Liverani Azərbaycanla bağlı vəziyyəti dəyərləndirərkən deyib ki, sudan səmərəli istifadə və kənd təsərrüfatında smart texnologiyalardan istifadə çox önəmlidir. Onun sözlərinə görə, Azərbaycan hər il 2-3 milyard kubmetr su itkisinə yol verir. Bu rəqəm su itkisi olan bir ölkə üçün kifayət qədər böyükdür. O qeyd edib ki, su ilə bağlı orta qlobal səmərəlilik səviyyəsinə nail olunması ilə hazırda mövcud olan su çəkilmələrinin 7-11 faizini aradan qaldırmaq olar: “Dekarbonizasiya enerji sektorunda su istifadəsinin 80 faiz azalmasına, qənaətə səbəb ola bilər. Bundan başqa, su səmərəliliyi və dekarbonizasiya üçün qoyulan investisiyalar su təhlükəsizliyi ilə bağlı gələcək riskləri kompensasiya edə bilər. Kənd təsərrüfatında da texnologiya yenilənməlidir. Ümumilikdə qeyd edim ki, 2060-cı ilədək bu həll yollarını ərsəyə gətirmək üçün 44 milyard dollar nəzərdə tutulub”.
Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Roland Praysın dediyinə görə, ölkədə mövcud su ehtiyatlarının 30-50 faizi itirilir: “Bu səbəbdən də Azərbaycan üçün su təhlükəsizliyinə sərmayə qoyuluşu böyük məna kəsb edir ”.
R.Prays qeyd edir ki, Azərbaycan tövsiyələri nəzərə alaraq, hədəfləri bəlli edərək gələcək artımlara müəyyən sərmayələr qoyub əlavə gəlir əldə edə bilər: “Xüsusi olaraq qeyd edim ki, Azərbaycanın zəngin bərpa olunan külək və günəş resursları gələcəkdə yaşıl enerji ixracı üçün münbit şərait yaradaraq bir sıra sektorların karbonsuzlaşmasına təkan verə bilər”.
Dünya Bankının hesabatına görə, Azərbaycandakı kiçik və orta fermerlər hələ də ənənəvi əkinçilik təcrübələrindən istifadə edirlər. Eyni zamanda Azərbaycanda fermerlər iqlimə optimallaşdırılmış kənd təsərrüfatının (İOKT) məhsul artımı, torpaqların keyfiyyətinin artırılması və ətraf mühitə təsirin azaldılması ilə bağlı faydalardan məlumatlı deyillər: “Təhsil və məlumatlılığın azlığı daha yüksək məhsuldarlıq potensialını özündə birləşdirən yeni bitkilərin tətbiqini məhdudlaşdırır”.
Hesabatda damcılı suvarma ilə bağlı məsələlərə də toxunulub: “Damcılı suvarmadan istifadə perspektivli olsa da, müəyyən məhdudiyyətlər var. Hazırda suvarılan torpaqların təqribən 57 faizində intensiv səthi suvarmadan, 43 faizində isə çiləmə üsulu ilə suvarmadan istifadə edilir. Damcılı suvarma ən çox çoxillik bitkilər, xüsusilə meyvə ağacları üçün münasibdir. Yəni bu cür suvarma taxıl bitkiləri üçün münasib hesab edilmir. Azərbaycanın dövlət subsidiya siyasəti damcılı suvarmaya görə subsidiyaları əhatə etmir”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi-nin (FAO) rəhbəri Nasar Hayat hesab edir ki, daha az su tələb edən kənd təsərrüfatı sahələri inkişaf etdirilməlidir: “Səmərəliliyə və daha keyfiyyətli məhsula nail olmaq üçün çoxlu araşdırmalar aparılmalıdır. Lakin bu o demək deyil ki, biz susuz məhsul istehsal edə bilərik”.
O bildirib ki, suyu israf etmədən də yüksək məhsuldarlıq əldə edə bilərik: “Təkcə kənd təsərrüfatında su israfının qarşısını almaqla kifayət qədər suya qənaət etmiş olarıq”.
Azərbaycanın kənd təsərrüfatı, iqtisadiyyatın digər sahələri kimi, müasir texnologiyaların tətbiqinə təşnədir. Bu sahə qənaətli və səmərəli suvarma texnologiyalarının kütləvi tətbiqini tələb edir. Bu prosesin gecikməsi nəinki aqrar istehsalın azalması, ərzaq təhlükəsizlyinə təhdidin formalaşması, həmçinin ölkənin mühüm bir hissəsinin böyük su çatışmazlığının ən ağır forması ilə üzləşməsinə gətirib çıxara bilər.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ