Onlayn ictimai-siyasi qəzet
Həkim: “Bu cihazla əməliyyat zamanı digər toxumalar zədələnmir”
Azərbaycan səhiyyəsində tarixi hadisə baş verib. İlk dəfə olaraq Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik əməliyyat həyata keçirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb.
Əməliyyatdan əvvəl bütün tibb personalına, o cümlədən həkimlərə “Kangduo” şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib. İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələləri Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev tərəfindən icra edilib. Sonrakı mərhələlər isə Milli Onkologiya Mərkəzinin ixtisaslı həkimləri tərəfindən uğurla davam etdirilib.
Sentyabrın 24-də Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik cərrahiyyə əməliyyatının keçirilməsi prosesi ilə tanış olub. Nazir bildirib ki, pasiyent üzərində icra edilən əməliyyatı izləmək onun üçün xüsusi əhəmiyyət kəsb edir:
“Mən özüm də ixtisasca uroloqam. Robotik cərrahiyyə baxımından müxtəlif təkmilləşdirmə kurslarında da iştirak etmişəm. Bu gün pasiyent üzərində icra olunan əməliyyat radikal prostatektomiyadır. Bu metodun tətbiqi ilə belə bir əməliyyatın həyata keçirilməsi ən az travmatik və orqan qoruyucu üsul hesab olunur. Pasiyentlər bu əməliyyatdan sonra çox qısa bir müddətdə normal həyata qayıda bilirlər. Bu, səhiyyəmiz üçün çox qürurverici hadisə və fərəh hissi yaradan məsələdir. Çox yaxşı haldır ki, radikal prostatektomiya əməliyyatlarında da robotik cərrahiyyə üsulunun tətbiqinə başlanılıb. Əməliyyatı icra edən bütün komanda yüksək ixtisaslı mütəxəssislərdir və onlar müvafiq hazırlıq kursu keçiblər. İnanıram ki, qısa bir müddətdə bu sahə üzrə digər mərkəzlərin mütəxəssislərinin də Milli Onkologiya Mərkəzində hazırlanması həyata keçiriləcək”.
Mərkəzin baş direktoru, akademik Cəmil Əliyev isə bildirib ki, bu, konkret xəstəyə minlərlə kilometr uzaqdan belə anında və yüksək dəqiqliklə təcili yardım göstərmək imkanı yaradır.
Bu yeniliyin milli onkologiya üçün önəmi nədir? Yenilik xəstəliyin inkişafının qarşısının alınmasında, xəstənin durumunun yaxşılaşdırılmasında nə dərəcədə rol oynaya bilər?
Fərid Museyibov
“Yeni Müsavat” qəzetinə danışan onkoloq, tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov deyir ki, robotik cihazdan açıq əməliyyatlar zamanı istifadə xüsusi əhəmiyyət daşıyır: “Açıq əməliyyatda şiş çıxarılarkən müəyyən qan damarları zədələnə bilər. Məsələn, mədə xərçəngi zamanı limfaları tam götürmək mümkün olmur. Onu götürmədikdə isə xərçəngin metastaz vermə vaxtı daha da tezləşir və işlərimizi çətinləşdirir. Robotik cihazla həm işləmək rahatdır, həm də müəyyən şişləri daha dəqiq təmizləməkdə, əməliyyatını aparmaqda asanlıq yaradır. Çünki bu cihazla əməliyyat zamanı digər toxumalar zədələnmir. Çünki əməliyyat daha dəqiqliklə icra olunur və heç nə gözdən yayınmır.
Robotik cərrahiyyədə işıqlandırma sistemi və işlənə prinsipi təminat verir ki, əməliyyatı rahat icra edə bilək".
Onkoloq deyir ki, robotik cihazın maliyyə dəyəri çoxdur: “Çox bahalı aparatdır, lakin səhiyyəmiz üçün çox böyük uğurdur. Elə ölkələr var ki, orada səhiyyə nə qədər inkişaf etsə də robotik cərrahiyə yoxdur. Bunu icra edən mütəxəssislərin də olması vacibdir. Həm cihazın olması, həm də yüksək ixtisaslı kadrlar şərtdir.
Bu cərrahiyənin gələcəkdə digər klinikalarda da aparılması nəzərdə tutulmalıdır. İnkişaf etmiş ölkələrdə digər sahələr inkişaf etdiyi kimi səhiyyə də irəli gedir. Bu baxımdan orada robotik cərrahiyəyə üstünlük verilir. Əsas səbəblərdən də biri də odur ki, onkoloji xəstəliklər tək bizim ölkədə deyil, bütün dünyada sürətlə yayılıb.
Robotik cihazla əmliyyat zamanı xəstə narkoz altında çox qalmır. Məsələn, robot cərrahiyəsinin 3 saata yerinə yetirdiyi əməliyyatı həkimlər normalda 6-7 saata edirlər. Bu da xəstənin bir neçə saat narkozda qalması deməkdir. Bu cihaz xəstəliyin müalicəsini asanlaşdırır, şişlərin çıxarılmasını asanlaşdırır.
Xərçəngin növü çoxdur. Elm onun hamısını müalicə etmək üçün yetərli inkişaf mərhələsində deyil. Çünki xərçəng tək bir orqanda yaranmır və orqanizmin ayrı-ayrı hissələrində fərqli şəkildə olur. Onların hər biri fərqli üsullarla və fərdi müalicə olunur. Elə xərçəng növü var ki, cərrahi üsulla götürülür və bununla da xəstə sağalır. Xəstəliyin digər forması isə əməliyyatdan sonra kimyaterapiya və şüa müalicəsi tələb edir. Elə xəstə var ki, əməliyyatdan sonra kimyaterapiya almasa, 2-3 aydan sonra şiş yenidən yaranıb metastaz verər.
Dünya alimlərinin təqdim etdiyi dərmanlar və peyvəndlər isə metastaz mərhələsi üçün yetərli deyil. Xərçəngin 1-ci və 2-ci mərhələsində müalicə həm xəstə üçün, həm də həkim üçün rahat olur. Pasiyentin müalicələrə xərci nisbətən az çıxır və nəticə əldə olunur. Təəssüf ki, bizim yanımıza gələn pasiyentlərin xəstəliyi 3 və ya 4-cü mərhələdə olur. Xərçəng vaxtında aşkar olunan zaman müalicə olunur. Gecikdiriləndə isə dünyanın heç bir ölkəsində hələ müalicəsi yoxdur".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ