Onlayn ictimai-siyasi qəzet
Rəsmi Bakı sözünü deyib, Ermənistan rəhbərliyi isə siyasi oyunbazlıqla, diplomatik manevrlərlə zaman qazanmağa çalışır; deputat: “Görüşün harada keçirilməsindən asılı olmayaraq, hərtərəfli sülh müqaviləsinin imzalanması müşküldür”
Rəsmi Moskva Azərbaycan-Ermənistan münasibətlərində təşəbbüskarlığı yenidən ələ almağa cəhd göstərir. Belə ki, BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərin sualını cavablandırarkən deyib ki, oktyabrda baş tutacaq MDB və ya BRİCS sammiti çərçivəsində Rusiyanın təşəbbüsü və iştirakı ilə üçlü görüş baş tuta bilər.
“Əgər onlardan təklif gələrsə, biz hər zaman bu danışıqları aparmağa hazırıq. Bu, onların öz ixtiyarındadır, görüşmək istəsələr, biz hazırıq”, - Lavrov deyib.
Məlum olduğu kimi, Ermənistan 17 maddəlik sülh müqaviləsindən 4 əsas maddəni çıxarıb, 13 maddəlik sülh müqaviləsi imzalamağı təklif edir. Azərbaycan da mövqeyindən çəkilmək fikrində deyil.
Prezident İlham Əliyev qəti mövqeyini bəyan edərək bildirib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda, Azərbaycanla sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil.
Növbəti prinsipial mövqe isə bugünlərdə BMT Baş Assambleyasının tribunasından səsləndirilib. Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı konstitusiya tələbini yada salıb, Ermənistanın xarici ölkələrdən külli miqdarda silah gətirməsi məsələsinə də toxunub: “Ermənistanın hərbi büdcəsini kəskin artırması, həm ənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığı normallaşma prosesinə xələl gətirir”.
Göründüyü kimi, Azərbaycan tam aydınlığı ilə sözünü deyib. Bütün bunlardan sonra Ermənistanın hər hansı addım atmadan masa arxasında oturması hansısa nəticə verəcəkmi, demək çətindir. Nikol Paşinyan ənənəvi söz oyunu ilə məşğul olur və beynəlxalq sənədlərin daha üstün olduğunu vurğulamaqla yenə də üzərinə düşənlərdən boyun qaçırmağa çalışır. Həmçinin bundan əvvəl Londonda Azərbaycan Prezidenti ilə görüşməkdən də yayınmışdı.
Bəs ekspertlər necə düşünür, Rusiyada keçirilməsi gözlənilən görüş baş tutsa, bu, dalana dirənmiş prosesin yenidən irəliləməsinə töhfə verə bilərmi?
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı məqamlara diqqət çəkdi: “Paşinyan ölkəsini elə bir duruma salıb onun nə istəyib-istəmədiyi heç bir anlam kəsb etmir. Və indi o, bir növ sunqsvanq tarazlığıyı ilə üzləşib. Hansı yöndə atılmasından asılı olmayaraq, istənilən bir addım əleyhinə işləyəcək. Rusiyanın dünya bazarına çıxışına qadağa qoyulan mallarını Ermənistan üzərindən sataraq bu ölkəyə heç nə istehsal etmədən milyardlar qazandırması, Qərbin bənzər hərəkətlər etməsi, yəni Rusiyaya satışına izin verilməyən avadanlıqları hayların alıb ora ötürmələrinə göz yumması da əslində regionda qarşıdurmanın qorunub saxlanması niyyəti ilə Paşinyanla komandasına verilən kökədir. Azərbaycanla əlaqələrin normallaşması yönündə önəmli addım atılacağı təqdirdə isə kötəklə üzləşəcəklər. Çünki Ermənistan üzərində təsiri olan böyük dövlət və güclərin heç biri bu regionda dayanıqlı sülhün yaranmasında maraqlı deyil”. Rusiyada görüş məsələsinə gəldikdə, S.Alıyevin fikrincə, Azərbaycan buna isti yanaşır: “Lavrovun da açıqlamasından göründüyü kimi, baş tutacaq görüşün gündəliyi ora neçə ölkənin təmsilçisinin qatılmasından asılı olmayaraq, ikitərəfli danışıqlar formatı çərçivəsindən kənara çıxmayacaq. Amma bununla yanaşı, görüş Rusiyada baş tutacağı təqdirdə, Paşinyana öncə BMT-dəki son çıxışı xatırladılacaq, sonra da 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın 9-cu maddəsi göstəriləcək. Ermənistanın baş naziri həmin çıxışında Zəngəzur dəhlizində keçidə nəzarəti hər hansı bir üçüncü tərəfin həyata keçirməsi haqda heç bir sənədin olmadığını deyirdi. Üçtərəfli bəyanatın 9-cu maddəsində isə belə yazılıb: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir". Beləliklə, mənim fikrimcə, əgər Paşinyan görüşə razılıq versə, onun qarşısında Zəngəzur dəhlizinin açılması tələbi qoyulacaq". Bölgədə dayanıqlı sülhə gəldikdə, Milli Məclisin üzvü qeyd etdi ki, bu məsələyə yanaşmada Rusiyanın mövqeyi Qərbinkindən çox da fərqlənmir: “Ona görə də Azərbaycanla Ermənistan arasında görüşün harada keçirilməsindən asılı olmayaraq, hərtəfli sülh müqaviləsinin imzalanması müşküldür. Ancaq Azərbaycanın irəli sürdüyü prinsipləri özündə ehtiva edən çərçivə sənədi imzalana bilər ki, bu da sülh demək olmadığı üçün Ermənistandan geosiyasi alət kimi faydalana bilər. Azərbaycana isə bu, bizə qarşı informasiya savaşı aparan gücləri müəyyən dərəcədə zərərsizləşdirmək üçün lazımdır”.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirdi ki, iki ölkə rəhbərinin Kazanda görüşməsi mümkündür: "Ən azı qeyri-formal təmas ola bilər. Rusiya isə bu platformadan istifadə etməklə tərəflərə vasitəçi olmaqla görüş təklif edir. Amma ola bilsin ki, tərəflər vasitəçi olmadan, sadəcə, Kazan şəhərini görüş üçün platforma kimi də qəbul edə bilər. Bütün hallarda sammit çərçivəsində istənilən formatda görüş mümkündür. Ermənistan isə yəqin ki, okeanın o tayından və Avropadan icazə almalı olacaq. O ki qaldı sülh müqaviləsinin bəndlərinin əksəriyyətinin razılaşdırılmasına, bu hələ müqavilə şərtlərinin əsasən razılaşdırılması anlamını vermir. Məsələ müqavilənin həcminin əsas hissəsinin razılaşdırılmasından yox, prinsipial məsələlərin razılaşdırılmasından getməlidir. Ermənistan müqavilə mətninin böyük hissəsinin razılaşdırıldığını əlində bayraq edib və özünü müqaviləni imzalamağa hazır tərəf göstərməklə əslində manipulyasiya ilə məşğuldur”. İcraçı direktor bildirdi ki, əgər Azərbaycana qarşı ərazi iddiası açıq qalırsa, bu halda imzalanan sənədi sülh müqaviləsi adlandırmaq çətin olacaq: “Əgər Ermənistanın imzalayıb, parlamentə ratifikasiya edəcəyi sənədlə konstitusiyası arasında ziddiyyət olacaqsa, istənilən əlverişli məqamda Konstitusiya Məhkəməsi müqaviləni konstitusiyaya zidd olan sənəd kimi ləğv edəcək. Ona görə də rəsmi Azərbaycanın israrlı olması tam əsaslıdır. Yeri gəlmişkən, təklif olunan layihədə istənilən halda sərhədlərin delmitasiyası və demarkasiyası məsələsi də ehtimal ki, tam həllini tapmayacaq”.
Rəsmi Bakı artıq sülhə aparan yolla bağlı sözünü deyib, özü də bir neçə dəfə. Ermənistan rəhbərliyi isə siyasi oyunbazlıqla, diplomatik manevrlərlə zaman qazanmağa çalışır. Heç şübhəsiz ki, silahlanmanı uğurla başa çatdırmaq, toparlanmaq və uyğun məqamda Azərbaycana qarşı genişmiqyaslı təxribatlara əl atmaq üçün. Kəsəsi, haylar yenə də havadarlarının çaldığı havaya oynayırlar...
E.PAŞASOY,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ