Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) uzaqlaşması ciddi nəticələr doğura bilər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni əsilli rusiyalı biznesmen, “Tashir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan danışıb.
Karapetyan Ermənistan iqtisadiyyatının sabitliyinin əsas dayağı kimi Aİİ ilə əlaqələri göstərib və 2024-cü ildə Ermənistanın bu təşkilata üzv ölkələrlə ticarət dövriyyəsinin 12,7 milyard ABŞ dollarına çatdığını vurğulayıb. O, Avropa İttifaqı ilə ticarətin isə 14% azaldığını və 2 milyard dollara düşdüyünü qeyd edib.
Onun sözlərinə görə, Aİİ-dən çıxış Ermənistanın iqtisadi sabitliyini təhdid edə, enerji daşıyıcılarının qiymətinə təsir göstərə və ölkə üçün iqtisadi çətinliklər yarada bilər. O, Rusiya qazının və neft məhsullarının hazırda Ermənistan üçün güzəştli şərtlərlə çatdırıldığını, bu şəraitin dəyişəcəyi təqdirdə isə ölkə iqtisadiyyatının ciddi təzyiqlə qarşılaşacağını bildirib.
Qeyd edək ki, Samvel Karapetyan həm də revanşist mövqeyi ilə seçilən erməni iş adamlarından sayılır. O dəfələrlə Qarabağın ermənilərə məxsus olması ilə bağlı paylaşımlar edib, mesajlar yayımlayıb, çağırışlar həyata keçirib.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ