Onlayn ictimai-siyasi qəzet
Kosmik səyahət üçün nüvə enerjisindən istifadə ideyası kosmos dövrünün lap əvvəlində ortaya çıxıb. Ekspertlərin fikrincə. uzunmüddətli uçuşlar üçün yeganə mümkün variant nüvə enerjisi olub. Lakin nüvə reaktoru olan peykin yerə düşməsi ciddi fəsadlar yarada bilərdi. 24 yanvar 1978-ci ildə Kanadada belə bir hadisə baş verib.
ABŞ əhalisini qorxuya salan sovet peyki
1977-ci il sentyabrın 18-də SSRİ Baykonur kosmodromundan kosmik obyektlərin kataloqunda “10361” nömrəsi verilmiş "Kosmos-954" peykini kosmosa göndərib. Bu cihaz sovet hərbi dəniz qüvvələrinin sifarişi ilə “Əfsanə” layihəsinin bir hissəsi kimi hazırlanıb və ABŞ ilə NATO sualtı qayıqlarının hərəkətinə nəzarət etmək funksiyası daşıyıb. Peyk “Buk” kod adı ilə də tanınan BES-5 atom elektrik stansiyası ilə təchiz edilib. Kütləsi 4 tondan çox “Kosmos-954”də 37 kiloqram “Uran-235” yanacağı olub.
300 gün işləməli olan aparatın işində bir ay sonra texnki nasazlıq yaranıb. 28 oktyabr 1977-ci ildə naməlum səbəbdən peyk Yerdən gələn əmrləri cavabsız qoyub və məlumatların ötürülməsi prosesini dayandırıb. Artıq noyabr ayında kosmosdakı bütün obyektlərə nəzarət edən ABŞ Aerokosmik Müdafiə Komandanlığı “10361”-ci obyektin orbiti tərk etdiyini və Yerə düşmə ehtimalına görə potensial təhlükə yaratdığını qeyd edib.
Kəşfiyyat artıq kosmik gəminin nüvə enerjisi mənbəyi haqqında məlumat almışdı, ona görə də ABŞ Milli Təhlükəsizlik Şurası Energetika Nazirliyinə qəzaya hazırlaşmağı tapşırıb. Dekabrın 19-da yarana biləcək fəlakətin fəsadların aradan qaldırılması üçün xüsusi qrup yaradılıb.
1978-ci il yanvarın 6-da, ola bilsin ki, naməlum göy cismi ilə toqquşma nəticəsində öncə peykin alət bölməsi, sonra cihazın özü tamamilə sıradan çıxıb və Yerə yaxınlaşması sürətlənib.
ABŞ prezidenti Ceyms Karter peykin düşdüyü yeri dəqiq müəyyənləşdirməyi əmr edib, çünki bütün ölkəni səfərbər etmək sadəcə mümkün deyildi. Bir müddət sonra sovet kosmik gəmisinin nəzarətsiz yerə düşməsi haqqında çox məxfi məlumatlar naməlum kanallar vasitəsilə Amerika mediasına sızıb və bu da cəmiyyətdə əsl panikaya səbəb olub.
1978-ci il yanvarın 14-də SSRİ Xarici İşlər Nazirliyi Sovet İttifaqının nüvə reaktoru ilə təchiz edilmiş mülki (hərbi təyinatlı olduğu bildirilməyib) kosmik gəmisini itirdiyini rəsmən etiraf edib. Yanvarın 20-də Pentaqon sovet peyki ilə bağlı hesabat hazırlayıb, burada mülki və hərbi ekspertlər konkret məlumatlar təqdim etmədən hadisənin qitənin şimal hissəsindəki ərazilərə ziyan vuracağı ilə bağlı razılığa gəliblər.
Kanadaya yağan radioaktiv yağış
24 yanvar 1978-ci il səhər saat 6:53-də “Kosmos 954” parçalanmağa başlayıb və Yer atmosferinə daxil olaraq Kanada üzərində radioaktiv yağışın yaranmasına səbəb olub. Peyk Böyük Kölə gölü yaxınlığında yer səthinə düşüb.
ABŞ prezidenti Karter rəsmi olaraq Kanadanın baş naziri Pyer Trüdoya (indiki baş nazir Castin Trüdonun atası) peyk və reaktor qalıqlarının axtarışında kömək təklif edib. Həmin gün amerikalı mütəxəssislər Kanadaya gəliblər. Axtarış əməliyyatının qərargahı Alberta ştatının Edmonton yaxınlığındakı hərbi bazada yerləşib. ABŞ hərbi kəşfiyyatı və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən nəzarət edilən əməliyyatın kod adı “Səhər işığı” olub.
ABŞ və Kanada sovet mütəxəssislərinin köməyindən qəti şəkildə imtina ediblər, çünki söhbət təkcə xilasetmə əməliyyatı ilə bağlı olmayıb, hər kəsin bəxti gətirib, peyk insanların olduğu ərazilərdən uzağa düşüb. Halbuki, peyk göldən bir neçə km kənara düşsəydi, minlərlə insanın ölümünə səbəb olardı.
Digər tərəfdən, ABŞ SSRİ-nin texniki inkişafı haqqında məlumatların toplanması üçün də canfəşanlıq edib. İşlər, peykin dağıntılarının Kanadanın şimal ərazilərinə təxminən 100 min kvadrat kilometr əraziyə səpələnməsi ilə çətinləşib.
Atmosferin sıx təbəqələrində yanmayan çubuqlar, disklər, borular və daha kiçik hissələr şəklində çoxlu sayda fraqmentlər tapılıb, onların bir çoxunun radioaktivliyi icazə verilən maksimum həddi aşıb. Ümumilikdə amerikalılar peykin reaktorundan radioaktiv parçalanma məhsullarının 90%-dən çoxunu toplaya biliblər.
Peykin cəmi 12 iri parçası aşkar edilib ki, onlardan da 10-u radioaktiv (təxminən 200 rentgen/saat təhlükəli şüalanma) olub. Kanada səlahiyyətliləri peykin qəzaya uğraması nəticəsində dəymiş ziyanı altı milyon dollar qiymətləndirib. Çoxsaylı danışıqlardan sonra Sovet İttifaqı məbləğin yarısını ödəməyə razı olub. Sənədin protokolunu Moskvada Kanadanın SSRİ-dəki səfiri Cefri Pirson və xarici işlər nazirinin müavini Nikita Rıjov imzalayıblar.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ