Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı casusluq və təxribat hücumlarının artması səbəbindən rus diplomatlarının blok daxilində səfərlərini məhdudlaşdırmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadla yazıb. Nəşr qeyd edir ki, yeni tədbirlər rus diplomatlarından səfərləri barədə Aİ orqanlarını əvvəlcədən xəbərdar etmələrini tələb edəcək. Kəşfiyyat orqanlarının məlumatına görə, diplomatik pərdə altında fəaliyyət göstərən bəzi Rusiya nümayəndələri NATO infrastrukturunun yandırılması, kiberhücumları və təxribatında iştirak edə bilərlər.
Çexiyanın bu təşəbbüsü hazırda müzakirə olunan yeni anti-Rusiya sanksiyalar paketinə daxildir. Avstriya bəzi müddəalara qarşı çıxır və nəşrin yazdığına görə, Macarıstan artıq vetosunu ləğv edib.
Vyana Rusiyada “Raiffeisen Bank”a dəymiş itkilərin kompensasiya edilməsi üçün rusiyalı milyarder Oleq Deripaska ilə bağlı aktivlərə qarşı sanksiyaları ləğv edən bənd əlavə etməyi təklif edir.
Çexiya israr edir ki, məhdudiyyətlər “qarşılıqlılığı bərpa etmək” və Rusiya kəşfiyyatının fəaliyyətindən qorunmaq üçün lazımdır. Yeni sanksiyalar paketi üzrə danışıqlar oktyabrın 8-də davam etdiriləcək.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ