İnsanlara hürriyət, millətlərə istiqlal!

Kabel TV-lərdən evimizə soxulan erməni təbliğatı

Ekspert:  “Vaxt yayımının dayandırılması qəliz məsələdir, ona görə ki...”

Bu gün ölkəmizdə dünya telekanallarına kabel televiziyaları vasitəsilə baxılır. Vətəndaşlarımız ölkəmizdə fəaliyyət göstərən müxtəlif kabel televiziyalarına abunə olur, ödəniş müqabilində kanallara baxa bilirlər.

Amma təəssüf ki, bu kanalların bir çoxunda ermənipərəst qüvvələrə meydan verilir. Bu da tamaşaçıların haqlı narazılığına səbəb olur. Sual edirlər ki, Azərbaycanda yayımlanan kabel televiziyalarına kim nəzarət edir, yaxud etməlidir?

Tamaşaçılar Bakıxeber.com-a bildirirlər ki, KATV, Ailə TV və başqa kabel televiziyalarında antitürk proqramlar yayımlanır. Onlardan birinin verdiyi məlumata görə, bir neçə gün əvvəl xarici kanallardan birində “erməni soyqırımı” ilə bağlı film gedib və kabel televiziyası vasitəsilə Azərbaycanda da yayımlanıb. Bir neçə gün əvvəl isə Kino+ kanalında “Erməni mədəniyyəti” adlı erməni cizgi filmi gedib, bura da Göyçə gölünü  salıblar, onu erməni gölü kimi qələmə veriblər. Antitürk filmlər nümayiş olunanda bizim kabel televiziyalar onların yayımını kəsə bilərmi? Azərbaycanda bu məsələ necə həllini tapmalıdır?

Ekspertlər hesab edirlər ki, Azərbaycanda kabel televiziyası şirkətləri bu halın qarşısını ala bilərlər. Onların fikrincə, yayımlanan proqramların siyahısı olur və proqramlarda antitürk materiallar, erməni təbliğatına həsr olunan verilişlər olarsa, Azərbaycan yayımçıları həmin proqramı kəsməlidir.

Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov qeyd edib ki,  adıçəkilən kabel televiziyaları şura tərəfindən verilən platforma operatoru (“Media haqqında” Qanunun 1.1.21-ci maddəsinə əsasən platforma operatoru - proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir) lisenziyası ilə fəaliyyət göstərir. Platforma operatorları (eləcə də multipleks operatorları) retranslyasiya etdikləri xarici kanalların seçimində sərbəstdir və bu məsələdə şuranın müdaxiləsi yolverilməzdir:

“”Media haqqında" Qanunun 1.1.23-ci maddəsinə əsasən retranslyasiya - hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsidir. Əslində burda operatorları da tam qınamaq olmaz, çünki retranslyasiya olunan 100-dən çox xarici kanalın kontentinə nəzarət etmək mümkün deyil. Amma qeyd olunan hallar varsa, həmin kanal hansı operator və ya operatorlar tərəfindən retranslyasiya olunursa, birbaşa onlara müraciət edib, həmin kanalın paketdən çıxarılmasını istəmək olar. Ümumiyyətlə, operatorlar retranslyasiya paketlərini formalaşdırmaqda sərbəstdir. Amma bu yenə də onları məsuliyyətdən azad etmir və diqqətli olub elə kontinentləri çox yayan xarici kanalları paketdən çıxarmaları yaxşı olardı".

Mediada çalışanların çoxu Azərbaycan dilini yaxşı bilmir”- Qulu Məhərrəmli

Qulu Məhərrəmli

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, bu bir qədər qəliz xarakter daşıyır: “Əslində bu, çox çətin məsələdir. Burada iki aspekt var, birincisi odur ki, həmin kabel televiziyası yaradıcı prosesdə iştirak etmir, proqram siyasətini müəyyənləşdirmir, o, yalnız kanalları toplayır, cəmləşdirir, müəyyən paketlər halına salır və onu öz abunəçilərinə təqdim edir.

İkinci məsələ həmin kanallarda yayımlanan verilişlərin məzmunu ilə bağlıdır. Əlbəttə ki, KATV və ya da Ailə TV birbaşa o məzmuna cavabdeh deyil, həqiqətən də yaradıcı işə qarışa bilməz. Bəs çıxış yolu nədədir? Mənə elə gəlir ki, burada çox aydın şəkildə beynəlxalq təcrübədən çıxış edərək, addım ata bilərik. Belə ki, əgər kabel televiziyasının paketində yer almış hansısa televiziya kanalı mütəmadi olaraq Azərbaycan əleyhinə və yaxud Azərbaycan əleyhinə olan dövlətlərin və yaxud kanalların subyektlərin təbliğatını aparırsa, sadəcə olaraq, onu paketindən çıxarda, onunla müqaviləni dayandıra, yayımını aparmaqdan imtina edə bilər.

Yəni kabel televiziyaları bir növ texniki icraçıdır, biznes qurumudur, yaradıcı qurum deyil, proqram siyasəti aparmır. Amma əlbəttə ki, əgər hansısa kanalda Azərbaycan əleyhinə verilişlər, proqramlar varsa, onu paketindən çıxarda bilər. Bunun başqa yolu yoxdur".

Sosial media dələduzluqları artıb: vətəndaşlar necə və niyə tora düşür

Fərhad Mirəliyev 

Tanınmış İT mütəxəssisi Fərhad Mirəliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Öncə qeyd edim ki, xüsusilə Rusiya kanallarında Azərbaycan əleyhinə, antitürk proqramların, filmlərin yayımlanmasının əsas səbəbi budur ki, həmin kanalların rəhbərliyində erməni əsilli şəxslər təmsil olunur və yaxud birbaşa sahibləri ermənidir. Ona görə də onlar əllərində olan təbliğat "maşınından", o cümlədən televiziya, radio, media resurslarından istifadə edərək, öz maraqları çərçivəsində və yaxud Ermənistanın maraqlarına uyğun formada təbliğat apara bilirlər.

Azərbaycanın yerli kabel televiziyası operatorları da Rusiya kanallarını paket olaraq əvvəlcədən razılaşdırılmış, müqavilə üzrə abunəçilərə təqdim edirlər.

Burada yayımın dayandırılması məsələsi bir qədər qəlizdir. Ona görə ki, Azərbaycanda müxtəlif millətlərin  nümayəndələri yaşayır. Ola bilər ki, kimsə həmin verilişlərin yayımının dayandırılmasını tələb etsin, kimsə isə Rusiyada ictimaiyyətin hansı istiqamətə yönlənməsindən məlumatlı olmağını istəyir və yayımının dayandırılmasının əleyhinədir. Yəni burada maraqlar toqquşur. Əlbəttə ki, heç birimiz vətəndaş olaraq Azərbaycan əleyhinə aparılan təbliğatdan məmnun ola bilmərik. Amma həmin antitəbliğata qarşı hansısa addımların atılması, bunun üçün hazırlıqlı olmaq, prosesləri izləmək üçün həmin kanallardan xəbərdar olmaq istəyənlər də var.

Daha bir məsələ, bu məsələdə proqramların məzmununa nəzarət etmək çətindir. Belə çıxır ki, kabel televiziyası operatorları daimi olaraq  məzmunla məşğul olan əməkdaşlar ayırmalıdırlar ki, onlar daimi olaraq televiziya proqramlarını, filmləri izləməli, çeşidləməli ki, hansı saatda hansı proqramın, filmin yayımını dayandırmaq lazımdır, bu da düzgün forma olmur. Ona görə də düşünürəm ki, sadəcə, bu istiqamətdə məlumatlı, xəbərdar olub, əlimizdə olan platformalarda informasiya müharibəsinə davam etməliyik".

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR