İnsanlara hürriyət, millətlərə istiqlal!

İxracımız azalır: necə artıra bilərik - təhlil

 

Ekspert: “Rəqabət təkcə qiymət məsələsi deyil, ən önəmli amillərdən biri keyfiyyətdir”

Ənənəvi enerjidaşıyıcılarının alternativ enerji mənbələri ilə əvəzlənməsi istiqamətində qlobal səviyyədə gedən sürətli proseslər iqtisadiyyatı birincilərdən asılı ölkələr üçün mühüm çağırışlar formalaşdırır. Ənənəvi enerjidaşıyıcıları gəlirindən böyük ölçüdə asılı olan Azərbaycanda da qeyri-enerji ixracının artırılması, iqtisadiyyatın enerjidənkənar sahələrinin inkişafı getdikcə daha artıq, daha böyük zərurətə çevrilir. Hələlik bu istiqamətdə ciddi bir dəyişikliyə nail olunması müşahidə edilməsə də, qeyri-enerji sektorunun inkişafı ilə bağlı müzakirələrin intensivləşməsi proseslərin sürətləndiriləcəyinə ümidləri artırır. 

Hələliksə qeyri-neft-qaz ixracı ümumi ixracımızın cüzi bir hissəsini təşkil edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın fevral sayının ilkin rəqəmlərininə əsasən, 2024-cü ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, yanvar ayında ölkənin ümumi ixracı 100 milyon dollar (ötən ilin yanvarında 1,9 milyard dollar olub), o cümlədə qeyri-neft ixracı 62,5 milyon dollar (284,5 milyon dollar) azalıb. 

Qeyd edək ki, son illərdə Azərbaycan məhsullarının təbliği üçün xarici ölkələrdə çoxsaylı ticarət evləri açılıb, müxtəlif platformalarla əməkdaşlıq qurulub. Bu istiqamətdə fəaliyyətlərin daha da intensivləşdirilməsi nəzərdə tutulur. Lakin o da məlumdur ki, ixracı artırmaq üçün ilk növbədə istehsalı, özü də tələbatlı istehsalı qurmaq lazımdır. Daha sonra isə bazarlara çıxış strategiyası və onun icrasına başlana bilər...

Elman Sadıqov: "2024-cü ildə Yaşıl Enerjinin ÜDM-də ciddi rolu olacaq"

 Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun dediyinə görə, hər bir ölkə daxili tələbatını ödəyəcək məhsulları idxal edə bilmək üçün ixracı artırmağa məcburdur: “Çünki dünyada normal inkişaf edən, inkişaf etmiş və yaxud inkişaf etməkdə olan elə bir ölkə yoxdur ki, bütün məhsullarla özünü təmin etsin. Ticarət dünya iqtisadiyyatı və sisteminin əsas bünövrəsi hesab olunur. Bu mənada bütün ölkələr hazırda daha çox ixrac etməyə can atırlar. Bu, son nəticədə ciddi rəqabətin formalaşmasına səbəb olur.

Dünya ölkələri də əsas iqtisadi siyasətlərini və ticarətlərini bunun üzərində qururlar. Hazırda bir çox ölkələr, ümumiyyətlə, ixracyönümlü siyasət həyata keçirirlər. 1980-ci illərin ortalarına qədər isə bəzi ölkələr idxalı əvəzetmə siyasəti həyata keçirirdilər. Lakin 1980-ci illərin ortalarında baş verən böhranlar bu siyasətin ixracyönümlü siyasətə ciddi bir şəkildə uduzduğunu sübut etdi" (Banco.az). 

Azərbaycana gəlincə, ekspert bildirir ki, ölkə hazırkı dövrə kimi neft məhsulları, qaz ixrac edir: “Lakin hazırda həm istehsalın aşağı düşməsi, həm neft qiymətlərindəki volatillik, həm alternativ enerjinin gəlməsi, yeni texnologiyalar, ekoloji məsələlər, yeni tələblər yeni siyasi konyuktura formalaşdırır. O cümlədən neftə olan tələbin 5-10 il ərzində aşağı düşmə ehtimalı və təklifin isə əksinə, ciddi şəkildə azalmayacağı nəzərə alındıqda, hər bir ölkə, xüsusilə neft-qaz ixrac edən ölkələr öz ixracını daha çox diversifikasiya etməyə, şaxələndirməyə çalışır.

Ən önəmli amillərdən biri də bir ölkənin  bir və ya bir neçə məhsulun ixracından asılı olması ilə bağlıdır. Ölkə nə qədər çox mal, məhsul ixrac edərsə, iqtisadiyyatı daha dayanıqlı olar və müntəzəm valyuta axını əldə edə bilər. Ümumiyyətlə, hər bir ölkədə ən önəmli amillərdən biri də ticarət və  tədiyyə  balansıdır.  Ticarət balansı tədiyə balansının əhəmiyyətli hissəsini təşkil edir. Ticarət balansının müsbət olması ölkəyə valyuta cəlb edə bilmək deməkdir. Əlavə valyuta qazancınız deməkdir. Bu mənfi olduqda  isə fəsadları böyükdür".

Aydın məsələdir ki, rəqabətli məhsul istehsal olunmasa, dayanıqlı ixrac da mümkün deyil. E.Sadıqovun fikrincə, rəqabət təkcə qiymət məsələsi deyil: “Rəqabətədavamlı məhsulun formalaşması üçün ən önəmli amillərdən biri keyfiyyət amilidir. Hər hansı məhsulu istehsal edən zaman işçinin məhsuldarlığı, təhsili kimi amillər nəzərə alınmalıdır. Çünki  qeyri-peşəkar işçi keyfiyyətli mal istehsal edə bilməz. Burada hər bir işçiyə düşən orta məhsuldarlıq, səmərəlilik, başqa sözlə, verimlilik məsələsi ortaya çıxır. Riskərin idarə edilməsi əsas önəmli amillərdən biridir. Bir məhsulun istehsalının maya dəyəri aşağı, keyfiyyətinin yüksək olmasından asılı olmayaraq digər ən vacib amil həmin məhsulun satışı üçün düzgün marketinq siyasətinin qurulmasıdır. Bir məhsulun bazarda yer tutması, müəyyən pay sahibi olması üçün risklərin idarə edilməsi və marketinqin önəmi düşündüyümüzdən daha dərin və daha böyükdür. Bir misal: 2000-ci illərin əvvəllərində Yaponiyanın "Panasonic" şirkəti televiziya istehsalı və onun qlobal bazarda satışında önəmli pay sahibi idi. Şirkət 4K texnologiyası ilə televizor istehsal və ixrac etməyə başlayır. Daxili bazarda yüksək tələb görən bu keyfiyyətli və o zamanın şərtlərinə görə misilsiz görüntü effektinə malik televizorlar digər ölkələrin bazarlarında uğurla satılmır və Cənubi Koreyanın Samsung televizorlarına rəqabətdə uduzur. "Samsung" sürətli bir şəkildə bazarı ələ keçirməyə başlayır. Yaponlar səbəbi araşdırırlar. Səbəb sadə imiş. Yaponiyadan başqa dünyanın heç bir ölkəsi 4K texnologiyasını dəstəkləmədiyi üçün həmin televizorların 4K görüntüsündən faydalana bilmir, faydalana bilmədikləri xüsusiyyətə görə əlavə pul ödəmək əvəzinə daha ucuz və praktik "Samsung" televizorlarına üstünlük verirlər. Yüksək keyfiyyət və nisbətən baha qiymətə olan digər yapon markalı televizorlar da eyni aqibətlə üzləşirlər. Nəticədə "Samsung", LG və digər ölkələrin televizorları bazar paylarını sürətlə artırırlar”.

Uğurlu ixrac üçün zəruri olan digər amil ekspertə görə, qablaşdırma, təqdimatdır. Bundan əlavə, rəqabətədavamlılığı şərtləndirən digər mühüm amil logistika, nəqliyyat, çatdırılmadır: “Burada həm sürət, həm də qiymət önəmli rol oynayır. Bu gün Avropa ölkələrində - İspaniyada, Fransada meyvə Azərbaycandan  daha bahadır. Amma həmin meyvələr baha olmasına baxmayaraq, Ərəb ölkələrinə ixrac olunur, ixrac maliyyəti nisbətən ucuz olduğu üçün hətta rəqabətdə də bizi udur. Mən 2010-2011-ci illərdə bir araşdırma apardım. Bu araşdırma nəticəsində Dubayda oldum və gördüm ki,  Fransadan ixrac edilən, dadı bizim meyvələrdən qat-qat aşağı olan meyvələr bizim meyvələri qiymətdə udur.

Bunun səbəblərini araşdırdıqda məlum oldu ki, məsələ qiymət və keyfiyyətdən daha çox meyvəni vaxtında çatdırmaqla bağlıdır. Bunun üçün də karqo təyyarələrindən istifadə edilir. Bazara vaxtında, sürətli və təzə meyvələrlə giriş satış üçün önəmli faktorlardan biridir. Gəmi ilə də daşıma imkanı kifayət qədər sərfəli deyil. Yəni rəqabət məqsədilə xüsusilə tez xarab olan ərzaq məhsullar üçün ən optimal çatdırılma yolu karqo yük təyyarəsi ilə çatdırılma üsuludur. Bir neçə saat ərzində çatdırılan meyvələr həm bazara təzə daxil olur, həm də onu sürətli şəkildə sata bilərsiniz. Digər tərəfdən, Avropa meyvələrinin dadı olmasa da, qablaşdırma yüksək keyfiyyətli olur. Bu baxımdan məhsulun təqdimatı olduqca önəmlidir". 

E.Sadıqovun sözlərinə görə, hər bir məhsulu istehsala başlamazdan öncə mümkün ixrac bazarlarının araşdırılması keçilməz zərurətdir: “Bu araşdırma nəticəsində istehsal edəcəyin məhsulun satış imkanlarını, bazar payını müəyyənləşdirirsən. Daha sonra həmin bazarlarda məhsulun yer tutması üçün addımlar atılır. Bu, çox vacibdir. Hazırda dünya siyasətində elə bir siyasət yoxdur ki, onun altında iqtisadiyyat olmasın. Yəni iqtisadi marağın olmadığı heç bir siyasət yoxdur. Çünki hər bir siyasətin özünün də bir maya dəyəri, maliyyəti var. Bu gün bir siyasət həyata keçirilib, pul xərclənirsə, deməli, o sahəyə iqtisadi maraq var. İxrac məsələsi zəncir kimdir.  Ümumiyyətlə, məhsulu istehsal etmək üçün istehsal mədəniyyəti formalaşmalıdır.

Burada kültür, adət-ənənə məsələsi də var. Məsələn,  Şəkidə ipəkçilik kültürü var. Amma başqa bir regionda,  ipəkçiliyi inkişaf etdirmək bir az çətin olardı. Bu prinsip ayrı-ayrı ölkələr üçün də keçərlidir. 

Hazırda hamı istəyir ki, xammalı idxal edib ondan məhsul hazırlasın. Amma indi yarımfabrikat məhsulların ixracında ciddi rəqabət var. Biz əgər ixrac məsələsini ortaya qoyuruqsa,  işçi qüvvəsindən tutmuş, səmərəlilik və  digər təşviq mexanizmləri barədə də ciddi düşünməliyik. Məhsulun satışı, davamlı olaraq həmin bazarda özünə yer tutması üçün peşəkar marketinq olmalıdır. Burada dövlətin siyasəti bunu dəstəkləməli,  yeri gəldikdə təmsil etməlidir. Yəni ixrac əslində təkcə sahibkarın, dövlətin öhdəliyində olan bir məsələ deyil. Burada işçinin əməyindən tutmuş,  ixrac edilən ölkənin valyutasının kursuna kimi hamısı təsir edir. Yəni ixracı dəstəkləyən bir deyil, bir neçə amillər toplusu var. Bu amillər toplusu, faktorlar birlikdə bir sinerji təşkil edir.

Biz düşünürük ki, hər şeyi istehsal edib ixrac etmək olar. Amma unutmayaq ki, ixrac böyük bir siyasətdir. İxrac bir yol xəritəsi, bir çox komponentləri özündə birləşdirən siyasətdir. Bu siyasətin uğuru isə komponentlərindən nə dərəcədə səmərəli, peşəkar, məqsədyönlü, dayanıqlı və operativ istifadə edib nəticə əldə edəcəyinizdən asılıdır. Burada önəmli olan əsas məsələ budur".

Dünya SAKİT
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR