Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İranın SEPAH-a yaxın “Tabnak” nəşri Rusiya, İsrail, Türkiyə, Azərbaycan və Ermənistanla bağlı geniş məqalə dərc edib. Yazıda Tehranın son geosiyasi narahatlıqları, həmçinin Cənubi Qafqazda dəyişən güc balansı ətraflı təhlil olunub.
Nəşr qeyd edir ki, Moskva iyunda baş verən İran–İsrail müharibəsi zamanı İslam Respublikasını real şəkildə müdafiə etməyib. Bu isə Tehranın Rusiyadan məyusluğunu daha da artırıb. Məqalədə vurğulanır ki, Rusiya açıq şəkildə yeni dəhliz – “Tramp marşrutu” layihəsinə qarşı çıxmayıb, bu isə Tehranda ciddi suallar doğurub: “Rusiya hələ də etibarlı tərəfdaşdırmı?”
“Tabnak” yazır ki, Bakı–Naxçıvan əlaqələrinin onilliklər boyu yalnız İran ərazisindən keçməsi Tehrana mühüm geosiyasi təsir imkanı verirdi. Lakin “Tramp marşrutu”nun reallaşması İranı həm böyük tranzit gəlirlərindən, həm də Azərbaycan üzərindəki bu təsirdən məhrum edəcək. Layihənin həyata keçməsi isə Türkiyənin Qafqazdan Orta Asiyaya qədər mövqeyini gücləndirəcək.
Mütəxəssislər hesab edirlər ki, bu proses eyni zamanda Rusiyanın da Cənubi Qafqazdakı təsirini zəiflədəcək. Lakin Moskvanın açıq dəstəyinə baxmayaraq, Tehranda “Rusiyanın ikili oyunu” ilə bağlı şübhələr artır.
İran üçün başqa bir narahatlıq isə Azərbaycanın İsraillə dərinləşən hərbi və kəşfiyyat əməkdaşlığıdır. “Tabnak” yazır ki, bu əməkdaşlıq regionda İranın təhlükəsizlik maraqlarını birbaşa hədəfə alır. Bundan əlavə, İranda yaşayan 18 milyondan çox azərbaycanlının (əslində isə 30 milyondan çoxdur-Musavat) mövcudluğu Tehranda separatçılıq qorxularını gücləndirir. “Cənubi Azərbaycan”, “Böyük Azərbaycan” kimi ideyaların İsrail və Qərb dairələrində təbliği rəsmi Tehranın həssaslığını daha da artırır.
Məqalədə həmçinin bildirilir ki, Tehran bu şəraitdə Ermənistanla münasibətləri gücləndirməyə çalışır. Prezident Məsud Pezeşkiyan avqust ayında İrəvana səfər edərək Nikol Paşinyanla “Tramp marşrutu” barədə müzakirələr aparıb və 10-dan çox sənəd imzalayıb. Bununla belə, Ermənistanın Qərbə doğru meyillənməsi İran üçün ciddi məhdudiyyətlər yaradır. İrəvan balansı qorumağa çalışsa da, ABŞ dəstəyini itirməmək üçün Tehrana ehtiyatla yanaşır.
İran rəsmiləri açıq şəkildə bəyan ediblər ki, “Tramp marşrutunu” sadəcə izləməklə kifayətlənməyəcəklər. Onların fikrincə, ABŞ və NATO-nun bölgədə artan təsiri həm İran, həm də Rusiya üçün ciddi təhlükədir.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ