Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda danışıqlar aparan Rusiya və ABŞ nümayəndə heyətləri ilə görüşü planlaşdırılmayıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının jurnalistlərə təqdim etdiyi məlumatlar təsdiqləyir.
Məlumatda bildirilir ki, 10 aprel tarixində Ərdoğan Ankarada olacaq və İndoneziya prezidenti Prabovo Subiantonun Türkiyəyə rəsmi səfəri ilə əlaqədar tədbirlərdə iştirak edəcək. Onun proqramında digər görüşlər və ya iclaslar nəzərdə tutulmayıb.
Bundan əlavə, TASS-ın Ankaradakı mənbəsinin verdiyi məlumata görə, İstanbulda görüşən nümayəndə heyətləri əvvəlcədən müəyyən olunmuş formatda ikitərəfli mühüm məsələləri müzakirə etməyi planlaşdırıb.
Rusiya və ABŞ nümayəndə heyətlərinin ikinci raund danışıqları yerli vaxtla saat 10:00-da İstanbulda, Rusiyanın Baş Konsulluğunun binasında başlanıb. Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə Dövlət Katibinin Avropa və Avrasiya işləri üzrə müavini Sonata Kulter rəhbərlik edir.
Qeyd edək ki, əvvəlki Rusiya-ABŞ danışıqları 27 fevral tarixində İstanbulda ABŞ-nın Baş Konsulunun iqamətgahında keçirilib və altı saatdan çox davam edib. Rusiya Xarici İşlər Nazirliyinin yekun bəyanatında bildirilib ki, "müzakirələr məzmunlu və işgüzar şəraitdə keçib". Nazirlik əlavə edib ki, "bu kanalda dialoqu davam etdirmək barədə razılığa gəlinib".
Türkiyənin “Anadolu” agentliyi hazırkı görüşdən görüntüləri yayıb.
@@TVmusavat/112633@@
İqbal RZAYEV,
Musavat.com
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ