İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin iki slavyanın müharibəsində ehtiyatlı mövqeyi - Rusiyadan çəkingənlik, yoxsa...

Tel-Əviv Ukraynaya hücumu işğalçılıq adlandırmır, sanksiyalara qoşulmur; ekspertlər bunu həm İsrailin vasitəçilik niyyəti, həm İran faktoru ilə əlaqələndirir - rəylər

Rusiya-Ukrayna müharibəsində bəzi ölkələr açıq tərəf saxlamağa üstünlük vermirlər. Onlardan biri də İsraildir və müttəfiqi ABŞ-dan fərqli olaraq, Rusiyanın hərbi təcavüzünü sərt şəkildə pisləmir. Çünki rəsmi Tel-Əviv daha çox vasitəçi olmağı üstün tutur.

“Yeni Müsavat” xatırladır ki, hadisələrin hələ ilk günündə, yəni fevralın 24-də İsrail Xarici İşlər Nazirliyi bəyanat yayaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmiş, ölkənin şərqində baş verən hadisələrdən narahatlıq ifadə etmişdilər. Bəyanatda həmçinin bildirilirdi ki, İsrail Ukraynaya humanitar yardım göstərməyə hazırdır və bu mövzuda rəsmi Kiyevlə danışıqlar aparır. Amma Tel-Əvivin bu yanaşmasını yetərli saymayanlar var və İsrailin tutduğu mövqeni tənqid edirlər, Rusiyanı işğalçı adlandırmasını gözləyirlər.

Halbuki yəhudi dövləti iki slavyan ölkəsinin müharibəsini dayandırmaq üçün danışıqlara çağırır. Hətta növbəti Ukrayna-Rusiya danışıqlarının Qüdsdə keçirilməsi nəzərdə tutulur. Elə İsrailin bu müharibə ilə bağlı birmənalı mövqe bildirməməsi də vasitəçilik missiyasını üzərinə götürməsi ilə əlaqələndirilməlidir. Necə ki, Türkiyə də real vasitəçi olmağa namizəddir. Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin ilk görüşünə Türkiyənin ev sahibliyi etməsi buna bariz nümunədir. O da istisna deyil ki, İsrail və Türkiyə bu məsələdə sinxron hərəkət etmiş ola bilərlər. İsrail prezidentinin martında 9-da Ankaraya səfəri bu ehtimalı gücləndirir ki, tərəflər arasında birgə fəaliyyət haqda razılaşma əldə edilib. Bu baxımdan belə qənaətə gəlmək olar ki, İsrail Rusiya ilə münasibətlərini də nəzərə alaraq, bu müharibədə daha çox barışcıl mövqedə dayanmağa çalışır?

Yeri gəlmişkən, Ukrayna prezidenti Volodimir Zelenski televiziya ilə çıxışında Ukraynaya verdiyi dəstəyə görə İsrailə təşəkkür etsə də, baş nazir Naftali Bennetin Rusiyaya səfərindən bəhs etməyib. Əslən yəhudi olan Zelenski ABŞ prezidenti Co Baydenlə və bir neçə dəfə Bennetlə danışdığını da deyib. İsrailin isə həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yaxşıdır və minlərlə ukraynalı yəhudi qaçqını qəbul etməyə başlayıb. İsrail hökuməti daha on minlərlə yəhudinin Ukraynadan çıxarılmasına hazırlaşdığını bildirib. Lakin İsrail Ukraynaya hərbi yardım təklif etməyib. İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Ukraynada təxminən 2000 israilli qalıb və hökumət onları oradan çıxarmağa çalışır.

Siyasiləşdirmək istəmirlərsə, buyurub 3-7 mərasimində iştirak etsinlər" — Qabil  Hüseynli - xeberler

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İsrail çox çəkingən və qorxaq siyasət aparır: “Rusiyaya qarşı sanksiyalar siyasətində də iştirak etmir. Zelenskinin dünya yəhudilərinə müraciətindən sonra fəallaşdılar, sonra geri çəkildilər. Məncə, bu, İsrailin biganəliyidir. Gözüdönmüş bir dövlət suveren ölkəyə qarşı istədiyi hərəkəti edir, İsrail isə əslən yəhudi olan Zelenskinin çağırışlarına diqqət yetirmir”. Q.Hüseynlinin fikrincə, Tel-Əviv sanksiyalarda iştirak etməli, cəsarətli siyasət yürütməli idi ki, Rusiyanı bir qəlibə salmaq mümkün olsun: “Misal üçün, Türkiyə Ukraynaya ”Bayraktar" verir, amma İsrail heç bir hərbi yardım etmir. Bu da başadüşülən deyil".

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

Ramiyə Məmmədova

Siyasi şərhçi  təklif edir ki, bunun üçün ilk növbədə Rusiya-İsrail əlaqələrinə diqqət etmək lazımdır. Onun fikrincə, bundan əlavə, İran problemi olan İsrailə Ukraynaya görə Rusiya ilə münasibətləri pisləşdirmək qətiyyən lazım deyil. Ekspert istisna etmir ki, hətta gələcəkdə Moskva bundan istifadə edə, hər zaman yaxşı əlaqələri olduğu İrana İsraillə qarşıdurmada altdan-altdan dəstəyini verə bilər: “Bütün bu amilləri nəzərə alan Tel-Əviv ABŞ və NATO-nun siyasətinə açıq şəkildə qoşulmur, sanksiyalarda iştirak etmir, Ukraynaya silah vermir, yalnız insani faktor baxımdan humanitar dəstək göstərə bilir. Üstəlik, dediyim kimi, Rusiya-İsrail əlaqələri rəvandır və hər hansı anlaşılmazlıq yoxdur”.

Təhlilçi bu münasibətlərə Türkiyəni də daxil etməyi vacib sayır: “İsrail prezidenti 14 il sonra Ankaraya getdi və münasibətlərin yaxşılaşması üçün yeni tarixi fürsət yarandı. Hazırda İsrail-Türkiyə-Rusiya əlaqələri inkişafa qədəm qoyur. Ona görə həm Ankara, həm Tel-Əviv Ukrayna müharibəsində daha çox barışıq əlini uzadır, danışıqlar masasına dəvət edir və məkan olaraq öz ölkələrini təklif edirlər. Düzdür, bu ölkələrin Suriya böhranında mövqeləri toqquşurdu. Xüsusən Rusiya İranla koordinasiyalı hərəkət edirdi, Əsəd rejimini qoruyurdular, bu da müəyyən narazılıq yaratmışdı. İndi isə tərəflər uzlaşa bilirlər və belə həssas zamanda gələcəyi hesablayaraq Rusiya ilə münasibətləri kəskinləşdirmək istəmirlər. İsrail və Rusiya ”soyuq müharibə" dövründə qarşı tərəflərdə olub. İki dövlət arasında əlaqələr 2000-ci illərin əvvəllərindən, xüsusilə də Putinin, İsraildə isə Ariel Şaronun hakimiyyətə gəlməsindən sonra yaxşılaşıb. Hazırda rus dili İsraildə ivrit və ərəb dillərindən sonra əhali arasında ən çox istifadə olunan üçüncü dildir. Bunları nəzərə almaq lazımdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR