İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad olunan ərazilərdə əhalinin işlə təminatı hansı səviyyədədir? - açıqlama

Qurum rəsmisi: “Vətəndaşlara həm kənd təsərrüfatı, həm də istehsal sahələri üzrə aktivlər təqdim edilib və...”

Müharibədən sonra bu ilin sonuna qədər xərclənilməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

Səkkiz mindən çox keçmiş köçkünün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşdiyini, hər il onların sayının artacağını bildirən dövlət başçısı azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışıb. Deyib ki, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, kəndlər salınır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. 

2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb. 

Bunu baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib. 

Gələn il isə Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Sevindirici haldır ki, Vətən müharibəsindən sonra Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir", - o qeyd edib.

İndiyə qədər beş yaşayış məntəqəsinə - Zəngilan rayonunun Ağalı kəndi, Tərtər rayonunun Talış kəndi, Laçın şəhəri və rayonun Zabux kəndi, Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin köçürülməsi yekunlaşıb. Sentyabrın 25-də Cəbrayıl şəhərinə ilk olaraq 36 ailə - 117 nəfər köçürülüb.

Bu ilin sonunadək Kəlbəcər, Xankəndi, Xocalı, Şuşa şəhərlərinə təxminən 20 min nəfərin qayıdacağı planlaşdırılır. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə qayıdış isə 2025-ci ildə nəzərdə tutulur.

Bəs işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması, daimi yaşaması üçün iş yerlərinin açılması istiqamətində nə kimi işlər görülür? Sahibkarlar üçün imkanlar yaradılıbmı? Bu günə qədər nə qədər vətəndaş  işlə təmin olunub? 

Qeyd etmək yerinə düşər ki, işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir. Bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə əksini tapıb.

Sənəddə qeyd edilir ki, əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.

Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı iki məqsədə - dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiyaya nail olunmalıdır.

Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaratmışdır. İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.

Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır.

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddin qızı bizimlə söhbətdə deyib ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi prosesi həmin ərazilərdə yeni vakansiyaların yaranması ilə müşayiət olunur: 

“Dövlət Məşğulluq Agentliyi tərəfindən "Məşğulluqdan məskunlaşmaya" devizi ilə həyata keçirilən tədbirlər nəticəsində artıq işğaldan azad olunan ərazilərə köçürülən 2700 nəfərin məşğulluğu təmin olunub. Hazırda isə daha 600 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.

Bizim regional məşğulluq filialları tərəfindən işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən işə götürtənlərlə görüşlər keçirilir. Onların vakansiya tələbləri öyrənilir. Hansı istiqamətdə əməkdaşlara, kadrlara onların ehtiyacları var. Eyni zamanda həm köçürülən, həm də köçürülməsi planlaşdırılan vətəndaşlarla görüşlər keçirilərək onların məşğulluq imkanları qiymətləndirilir. Bunun əsasında onlar müəyyən məşğulluq tədbirlərinə cəlb olunurlar. Artıq 2700 vətəndaşa dəstək göstərilib və onlar müxtəlif istiqamətlər üzrə aktiv məşğulluq tədbirlərinə dəstək göstərilib. Həmin vətəndaşlardan təqribən 2000 nəfəri işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üzrə işlə təmin olunublar. Bizim digər önəmli istiqamətimiz özünüməşğulluq proqramıdır. Bu ərazilərə köçürülən vətəndaşlara həm kənd təsərrüfatı, həm də istehsal istiqamətləri üzrə özünüməşğulluq proqramına cəlb olunaraq seçdikləri istiqamət üzrə aktivlər təqdim edilib. Və onlar artıq öz doğma yurdlarının ilk sahibkarları kimi fəaliyyətə başlayıblar. Peşə hazırlığı da önəmli istiqamətlərimizdəndir. Ötən il Qarabağ Peşə Hazırlığı Mərkəzi istifadəyə verildi. Bu mərkəzin fəaliyyət göstərməsi də əmək bazarının tələblərinə uyğun yeni kadrların yetişdirilməsində önəmli bir rola sahibdir. Bu istiqamətdə də işəgötürənlərlə əməkdaşlıq olunur. Bu əməkdaşlıq çərçivəsində kurslar təşkil edilir. Kursları bitirən şəxslər işlə təmin olunurlar. Artıq 104 nəfər peşə hazırlığına cəlb olunub və onların işlə təmin olunmalarına da dəstək göstərilir”. 


Yazını hazırladı: Afaq Mirayiq

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR