Onlayn ictimai-siyasi qəzet
Əliyevdən xəbərdarlıq: “Bir güllə atılan kimi...”
“Azərbaycan və Ermənistanın hərbi büdcələrinin nisbətinə baxsanız, ciddi disbalansın olduğunu görərsiniz. Bu balanssızlıq şəraitində belə, bizim silahlı qüvvələrdəki islahatlara, silah və texnikanın alınmasına Bakı çox aqressiv reaksiya verir - baxmayaraq ki, aldığımız silahlar sırf müdafiə xarakteri daşıyır. Döyüşə hazır ordunun olması sülh üçün, qüvvələr balansının düzgün formalaşması üçün vacibdir”.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
Göründüyü kimi, Azərbaycanla sülh anlaşmasından yayınmaq üçün erməni tərəfi faktiki “hərbi balans” bəhanəsi gətirir. “Qüvvələr balansının düzgün formalaşması” zəruriliyi altında da elə bu niyyət ört-basdır edilir, yəni klassik erməni bicliyi.
Halbuki, Azərbaycan əhalisinə və ərazisinə görə Ermənistandan dəfələrlə böyükdür. Müvafiq surətdə beynəlxalq normalara əsasən hərbi kvotalar da fərqli olmalıdır və fərqlidir. O zaman Ermənistanın hərbi xərcləri ilə bizim hərbi xərclər, iki ordudakı hərbçi sayı necə eyni ola bilər? Azərbaycanla Ermənistan arasında hərbi balans necə mümkün ola bilər? Kiçik xalqların və ya ölkələrin böyük ordusu mümkünmü?
Demək, Paşinyanın hədəfi müdafiə ordusu deyil, gələcəkdə “Qarabağ uğrunda döyüşə” biləcək hücum ordusu qurmaqdır. Söz düşmüşkən, bu arada məlum olub ki, həm Fransa, həm də digər ölkələrdən Ermənistana silah-sursat daşınması fasiləsiz davam edir və özü də Gürcüstan üzərindən həyata keçirilir.
“Bizim Ermənistana qarşı yenə də pis niyyətimiz yoxdur. Bizim onların ərazisinə heç bir iddiamız yoxdur, amma onlar başa düşməlidirlər ki, birincisi, bu silahlar onlara kömək etməyəcək. İkincisi, bu, təhlükəlidir və mənim vəzifəm onlara, həmçinin onların arxasında duran və onları manipulyasiya edənlərə xəbərdarlıq etməkdir ki, bu, həqiqətən təhlükəlidir və onlar mənim dediklərimə qulaq asmalıdırlar. Çünki bilirlər ki, sözlərimə qulaq asmalıdırlar. Mənim tövsiyəm budur”.
Bu xəbərdarlığı İrəvana Prezident İlham Əliyev aprelin 24-də “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı edib.
“Bu gün onlara hərtərəfli və davamlı dəstək vəd edənlər, əgər ilk güllə sərhəddə atılsa qaçacaqlar. Mən tam əminəm. Avropalı sülh müşahidəçiləri adlanan, bizə qarşı binokl diplomatiyasından istifadə edib nə isə nümayiş etdirməyə çalışan, - bilmirəm nə nümayiş etdirmək istəyirlər, - ehtiyatda olan hərbçilər və polislər bizim cavab vermədiyimizə görə bizə minnətdar olmalıdırlar. Əminəm ki, ciddi bir şey olsa, onlar qaçacaqlar. Biz vəziyyəti belə görürük və yenə də regionda təhlükəsizliyə, sabitliyə gedən yol Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından keçir”, - Prezident vurğulayıb.
Bəs altdan-altdan hücum ordusu qurmağa çalışan Ermənistanla sülh mümkünmü? Paşinyan hərbi balans deyərkən nəyi nəzərdə tutur?
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, regionda Bakı və İrəvan arasında unikal sülh imkanlarının yarandığı bir zamanda Nikol Paşinyanın hərbi balans barədə bəyanatları yersiz və təhlükəli ritorikadır və məhz Ermənistanın özünün mövcudiyyəti üçün təhdiddir: “Qalib tərəf olan Azərbaycanın sülh ritorikası qarşılığında Ermənistanın silahlanmasına, daha dəqiq desək, sürətlə silahlandırılmasına haqq qazandırmağa çalışması və Paşinyanın bu mövqeyini Azərbaycanla hərbi imkanlarını bərabərləşdirmək cəhdi ilə izah etməsi, eyni zamanda ironiya doğurur. 30 illik hərbi potensialının 80 faizi məhv edilmiş, əhalisinin isə döyüş ruhu tam qırılmış, döyüş qabiliyyətli vətəndaşlarının mütləq əksəriyyəti fərari olan Ermənistanın hərbi-siyasi imkanları hər ötən gün artan Azərbaycanla hərbi bərabərsizliyə nail ola biləcəyinə inanması, yaxud inandırılması göstərir ki, İrəvan hələ də ayılmayıb. Bu, həqiqətən Ermənistan adına təhlükəli situasiyadır və hətta Azərbaycan özü Ermənistana belə bir ssenari arzulamır. Cənab İlham Əliyev aprelin 23-də ADA Universitetində ”COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda cəmi 4 il əvvələ qədər Bakı və İrəvanın heç baza prinsipləri üzərində belə razılığa gələ bilmədiyi halda, bu gün sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxın olduğumuzu, təfərrüatları işləmək üçün hər iki tərəfə vaxt lazım olduğunu bildirmişdi. Lakin görünən odur ki, Ermənistan həmin vaxtı yenə təcavüzkar məqsədlər naminə dəyərləndirmək istəyir. Baxmayaraq ki, biz artıq tərəfləri real sülhə aparan ciddi addımlara şahidlik etmişik. İstər 7 dekabr bəyanatı, istər Azərbaycan liderinin yaratdığı hərbi-siyasi reallıqla “Dağlıq Qarabağ” amilinin gündəlikdən birdəfəlik çıxarılması və bu saxta məfhumun sülh sazişində olmaması, istərsə də aprelin 19-da sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının iclasında 4 kəndin qaytarılmasında ehtiva olunan ilkin razılıq və artıq qısa müddətə 20-dən artıq sərhəd dirəyinin razılaşdırılmış qaydada qoyulması mühüm tarixi gedişat və regionda təhlükəsizlik üçün ciddi şansdır. İndi Ermənistan mümkünsüz bir məqsəd naminə bu şansı qurban verərsə, bu, hayların tarixi və bağışlanılmaz səhvi olar.
Bəli, Bakı, xüsusən 19 aprel görüşündən sonra hadisələrin müsbət məcrada getməsindən məmnundur. Lakin burada da təəssüf və hiddət doğuran məqamlar meydana çıxır ki, kollektiv Qərb Cənubi Qafqazda sülh və dayanıqlı sabitlik qarşısında ciddi əngəl kimi çıxış edir. Məsələn, ərazi bütövlüyü tezisində Ukrayna, Gürcüstan və Moldovaya tam fərqli prizmadan yanaşıldığı halda Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın Baş nazirinin Brüssel sövdələşməsi göstərir ki, kollektiv Qərb Cənubi Qafqazda ayırıcı xətləri çəkməkdə israrlıdır. Digər tərəfdən Fransa, Hindistan və Yunanıstan Ermənistanı açıq formada Azərbaycana qarşı silahlandırır ki, bu da tərəfimizdən sükutla qarşılana bilməz. Xüsusən də indi Paşinyanın balansdan dəm vurması şəraitində.
Bildiyiniz kimi, ADA-da təşkil olunmuş beynəlxalq forumda cənab İlham Əliyev həm “Ermənistanın qayğısına qalan” həmin güclərə, həm də Ermənistanın özünə xəbərdarlıq etdi ki, “Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.
Ötən dövrün təcrübəsi göstərir ki, kənar müdaxilələr əksər hallarda Ermənistanda, xüsusən revanşist kəsimlərdə yanlış eyforiyalara və təhlükəli gözləntilərə səbəb olur ki, bunun da acısını elə haylar özü çəkir. Möhtərəm Prezidentin bu proseslə də bağlı mövqeyi aydındır ki, “əgər onlar o qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda biz aydın şəkildə görəcəyik ki, bu vaxtdan istifadə edərək daha çox silahlanmaq və bizə yenidən hücum etmək istəyirlər. Lakin biz onlara belə bir şansı verməyəcəyik”.
Düzdür, biz indiki məqamda arzuolunmaz notlara köklənmək niyyətində deyilik. Xüsusən nikbinlik üçün ciddi əsasların olduğu situasiyada. Lakin eyni zamanda proseslərin istənilən məcrada inkişafına və istənilən ssenariyə də hazırıq və Ermənistan bunu nə qədər tez başa düşərək balans yaratmaq, yaxud oxşar digər gülünc niyyətlərindən əl çəkərək sülhə fokuslansa, daha faydalı olar".
Rövşən Məhərrəmov
Hərbi ekspert Rövşən Məhərrəmov sülh müqaviləsinin əldə edilməsini indiki mərhələdə həm də çətin görür: “Ermənistanı xüsusilə Fransa, Hindistan və Yunanıstan silahlandırır. Hindistan Azərbaycanla Pakistan arasındakı münasibətlərə görə erməni tərəfinə dəstək çıxır, Yunanıstan üçün Türkiyə faktoru əsasdır, Fransanın isə təbii ki, öz maraqları var. Azərbaycanla Ermənistan arasında hərbi baxımdan balansın yaradılması üçün ABŞ, Avropa İttifaqı addımlar atır. Onlar çalışırlar ki, ən az Ermənistan 44 günlük müharibədən əvvəlki səviyyəyə gəlib çatsın. Beləcə Ermənistanın həm müdafiə qabiliyyəti artmış olacaq, həm də ehtimal olunan bir müharibədə Ermənistan tərəfi ən azı özünü bir müddət qoruya biləcək. Düzdür, Qərb sözdə Azərbaycana görə bu balansı istəyir, ancaq reallıqda Rusiya faktorunu düşünür. Dəfələrlə bildirilib ki, əgər Rusiya Ermənistanda siyasi baxımdan istəyinə nail ola bilməsə, hərbi müdaxilə də edə bilər.
Qazaxın 4 kəndinin qaytarılması sülh müqaviləsini yenidən gündəmə gətirib. Düşünürəm ki, sülh müqaviləsi Qazaxın 4 kəndinin veriləcəyi qədər asan olmayacaq. Çünki bu müqavilənin imzalanması regiona sabitlik gətirəcək, kommunikasiyalar açılacaq. Bunu isə istəməyən ölkələr daha çoxdur. Qərb Rusiyaya qarşı daha çox Gürcüstan və Ermənistan üzərindən oyunlarını qurub. Adıçəkilən ölkələr əgər davranışlarında dəyişiklik etməsələr, Rusiya-Ukrayna müharibəsi bitər-bitməz Cənubi Qafqazda gərginlik artacaq, hətta siyasi gərginliyi hərbi gərginlik də əvəz edə bilər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ