Onlayn ictimai-siyasi qəzet
Hikmət Babaoğlu: “Bu fikirləri səsləndirən Azərbaycan Prezidentinə, onun qətiyyətinə borcluyuq”
“Azərbaycan xalqı müharibədə bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”. Prezidenti İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında belə deyib. Qələbə Cənubi Qafqazda yeni bir siyasi reallıq yaratdı. Azərbaycan sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir.
Bu da Azərbaycanın bölgədəki siyasi nüfuzunu və liderlik rolunu artırdı. Bu gün Azərbaycan, faktiki olaraq bölgənin yeni geosiyasi tarixini yazır. Azərbaycan regional, hətta beynəlxalq proseslərə təsir edə bilən mühüm aktor rolunu oynayır, regionda əsas qalib təbii ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycandır. İlham Əliyev Prezident olduğu illər ərzində Azərbaycanın statusunun möhkəmləndirilməsində, Qarabağ həqiqətlərinin yayılmasında irəliləyişlər əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyev Qafqazda yeni geosiyasi reallıq formalaşdırır. İlham Əliyevin uzaqgörən strategiyası Azərbaycanı bütün regional məsələlərdə həlledici səslə müstəqil dövlətə çevirdi. Avropa, Amerika, Rusiya və Ukraynada baş verən proseslər fonunda İlham Əliyevin başçılıq etdiyi Azərbaycan müxtəlif sahələrdə öz potensialını inkişaf etdirir və möhkəmləndirir.
Prezidentin “Sabah peşman olanlar...” mesajının şifrələri nədir?
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tarixi zəfərimizi yenidən qiymətləndirdi: “Cənab Prezident qeyd etdi ki, Azərbaycan xalqına dünyada hörmətlə yanaşırlar, Azərbaycan xalqının iradəsi ilə hesablaşırlar. Bu, əslində tarixi zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemi içərisində əldə etdiyimiz yeni milli statusumuzdur. Çünki iki şey həmişə qibtə yaradır - güc və ağıl. Dünyanın hazırkı inkişaf mərhələsində isə güc ağılı, ağıl isə gücü təyin edir. Yəni Azərbaycan xalqı hər iki mühüm komponentə sahib olduğunu, qüdrətini yenidən göstərmiş oldu və bir daha dünya xalqlarının tarixində, bəşər sivilizasiyası tarixində oynadığı rolun təsadüfi olmadığını dünyaya sübut etdi. Heç şübhəsiz ki, buna görə biz öz liderimizə borcluyuq. Bu fikirləri səsləndirən Azərbaycan Prezidentinə, onun qətiyyətinə, onun strateq keyfiyyətlərinə borcluyuq. Çünki hər bir xalqın lideri onu təşkilatlandırır, onun potensial enerjisini real gücə çevirir. Doğrudan da bu qiymətləndirmə olduqca mühüm və tarixi qiymətləndirmədir Azərbaycan Prezidenti tərəfindən”.
Hikmət Babaoğlu
Hikmət Babaoğlu düşünür ki, “Bizimlə bu gün hesablaşmayanlar sabah peşman olur” ifadəsində də çox konkret və çox dəqiq mesaj var: “Bu mesajı anlamaq üçün Azərbaycan Prezidenti coğrafiyanı da çox məhdud olaraq qeyd edir, deyir ki, ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayanlar sabah peşman olur. Heç şübhəsiz ki, birinci bu, Ermənistandır. Ermənistan bizimlə hesablaşmadı, Azərbaycanda yaşayan ermənilərə Azərbaycan Konstitusiyasının təhlükəsizlik təminatını qəbul etmədi və sonra peşman oldu. İkinci regional ölkə isə yenə bizim qonşumuzdur. Bu qonşumuz da yeni yaranmış reallığı qəbul etmək istəmir. Amma yeni mərhələdə artıq qəbul etməyə başlayıb. Mən düşünürəm ki, nəhayət, həmin ölkə də sabah peşman olmamaq üçün bu gün Azərbaycana münasibətdə daha adekvat addımlar atmalıdır. Əgər bunu etməsə, sabah o da peşman olmağa məhkumdur. Sonrakı peşmançılıq isə fayda vermir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ