İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının ən bahalı evləri bu rayonlardadır

Paytaxtda evlərin qiyməti kəskin bahalaşacaq - səbəb

Bakının bəzi ərazilərindəki evlərin qiyməti son 3 ildə 2 dəfədən daha çox artıb. “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi Bakının 12 rayonundan 11-də müxtəlif küçə və prospektlərdə mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb.

Qurumun sədri Vüqar Oruc məlumat verib ki, araşdırma zamanı yeni və köhnə tikililər arasında kəskin qiymət fərqləri müəyyən edilib.

Mayın 1-nə olan məlumata əsasən qiymətlər aşağıdakı kimidir:

Səbayel rayonunun ən bahalı ərazisi Neftçilər prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 9 640 manatdır.

Yasamal rayonunun ən bahalı ərazisi Bəsti Bağırova küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 635 manatdır.

Nəsimi rayonunun ən bahalı ərazisi 28 May küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 827 manatdır.

Xətai rayonunun ən bahalı ərazisi Xocalı prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 3 199 manatdır.

Nərimanov rayonunun ən bahalı ərazisi Həsənoğlu küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 574 manatdır.

Nizami rayonunun ən bahalı ərazisi Qara Qarayev prospektidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 818 manatdır.

Suraxanı rayonunun ən bahalı ərazisi Zahid Əliyev küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 113 manatdır.

Sabunçu rayonunun ən bahalı ərazisi Oskar Əfəndiyev küçəsidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 401 manatdır.

Binəqədi rayonunun ən bahalı ərazisi İbrahimpaşa Dadaşov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 813 manatdır.

Xəzər rayonunun ən bahalı ərazisi Mərdəkan şossesidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 005 manatdır.

Bakının Qaradağ rayonunun ən bahalı ərazisi Seymur Orucov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 1 842 manatdır.

V.Orucun bir müddət öncə verdiyi açıqlamaya əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,5%-5,7 % çox olub. İnşaat materiallarının qiymət artımına təsir edən əsas amillər arasında idxal bazarlarında baş verən dəyişikliklər, monetar siyasət və tikinti sektorundakı tələb-təklif balansı xüsusi yer tutur: “Azərbaycanın əsas inşaat materiallarını idxal etdiyi ölkə hazırda Rusiyadır. Əgər Rusiya-Azərbaycan iqtisadi münasibətlərində hər hansı bir problem yaranmasa və ticarət əlaqələri stabil qalsa, bazarda ciddi dalğalanmalar gözlənilmir. Lakin regionda hər hansı bir fors-major vəziyyət, devalvasiya və monetar siyasətdə dəyişiklik qiymət artımına səbəb ola bilər”.

Vüqar Oruc: “Sosial rifahın yüksəlməsi üçün yeni impulslar yaranacaq” -  FED.az

V.Oruc bildirib ki, bu tendensiyanın mart-aprel aylarında da davam edəcəyi ehtimal olunur: “Ümumilikdə proqnozlaşdırılır ki, tikinti mövsümünün sonunda inşaat materiallarının qiymətində 10-12% artım baş verəcək. Bənzər şəkildə, daşınma xərclərində də 15-20% civarında artım gözlənilir. Nəqliyyat xərclərinin artması xüsusilə idxal olunan tikinti materiallarının qiymətinə birbaşa təsir edəcək”.

Ekspertin sözlərinə görə, inşaat sektorunda iri oyunçuların bazara daha çox nəzarət etməsi tendensiyası müşahidə olunur: “Bazarda kiçik tacirlər tədricən sıradan çıxır, iri ticarətçilər isə öz mövqelərini gücləndirir. Bu, qiymətlərin tənzimlənməsinə təsir edə bilər, çünki bazardakı oyunçuların sayı azaldıqca, monopoliya ehtimalı artır. Bu tendensiya xüsusilə Azərbaycanda tikinti bazarının böyüməsi, Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və iri layihələrə tələbatın artması ilə bağlıdır. Xüsusilə taxta, metal məmulatları və digər xaricdən gətirilən materialların qiymətlərində artım gözlənilir. Yerli istehsal bəzi materiallarda isə qiymət dəyişiklikləri o qədər də kəskin olmayacaq. Armatur və digər köməkçi tikinti materiallarında qiymət artımı nisbətən daha aşağı olacaq. Hazırkı qiymət artımı tendensiyasına əsasən, mart ayının ilk həftələrində bahalaşma ciddi hiss olunmasa da, ayın sonuna və aprel ayının əvvəllərinə doğru daha aydın şəkildə görünəcək”. (Report)

Əmlak ekspertlərinin fikrincə, mənzil bazarında baş verən qiymət artımlarının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır. Nəsimi və Xətai rayonlarında, xüsusilə 3 il əvvəl kvadratı 1600-2000 civarında olan mənzillər hazırda 2300-5000 manat aralığındadır. Bu, bilavasitə süni bahalaşmadır. Digər səbəblərə gəlincə, əmlakçılar bunun həm də tikinti materialları, tikinti xidmətlərinin bahalaşması ilə əlaqəli olduğu qənaətindədirlər.

Rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında mənzil bazarında 55% qiymət artımı qeydə alınıb. 2023-cü ilin sonunda Bakı şəhərinin baş planı təsdiq olundu və bu dövrə kimi tikinti şirkətlərinə verilən icazələrin sayı məhdudlaşdırıldı. Artıq məhdudlaşma ilə bağlı hər hansı əsas yoxdur. Buna baxmayaraq, yeni başlayan inşaat layihələrinin sayı azdır. Bu da o deməkdir ki, tikinti şirkətləri arasında rəqabətdən söhbət gedə bilməz.

“S&P Global Ratings” agentliyi 2025-ci ildə Azərbaycanda mənzil qiymətlərinin təxminən 5-10% artacağını proqnozlaşdırır. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, 2025-ci ilin fevral ayında Bakıda mənzillərin qiyməti yanvar ayı ilə müqayisədə orta hesabla 1,5%, 2024-cü ilin fevral ayı ilə müqayisədə isə 11,2% artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə əmlak qiymətləri indeksində 2024-cü ilin dördüncü rübü ilə müqayisədə 4,4% artım olub. 

Mütəxəssislər hesab edirlər ki, 2025-ci ilin fevral ayından etibarən ipoteka kreditlərinin verilməsinə başlanması alıcıların sayının artmasına və nəticədə qiymət artımına səbəb olub. Bəzi ehtimallara görə, yeni metro stansiyalarının tikintisi də yaxın ətraf ərazilərdə əmlak qiymətlərinin artmasına səbəb olur. 

Evlərin qiyməti niyə artır... - Səbəblər

Elnur Azadov

Əmlak eksperti Elnur Azadov “Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, 2021-2025-ci illərdə mənzil bazarında 55% qiymət artımı qeydə alınıb: "Ən yüksək artım Ağ Şəhər ərazisində müşahidə olunub. Həmçinin Nardaran bağlarında torpaq 70% bahalaşıb. Sözügedən ərazi ilə bağlı təhlillər aparılıb və məlumat dəqiqdir. 55% qiymət artımı mənim qeyd etdiyim məlumatdır. Nardaranda torpaq bahalaşmasının əsas səbəbi ərazidə infrastrukturun güclü inkişaf etməsidir. “Sea Breeze” layihəsi inşa olunur. Bununla əlaqədar sözügedən ərazidə dənizə və “Sea Breeze” ərazisinə yaxın torpaqlara tələbat yüksək olduğundan qiymət artır. Yol kənarında olan, ticarət üçün yararlı torpaqlarda da qiymət artımı müşahidə olunur. Burada hətta ildə ən azı 50% qiymət artımı müşahidə edilir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR