İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli kimlik və estetik dəyərlər niyə zəif təbliğ olunur?

Mədəni-maarif proqramları yalnız keçmişin tanıdılması deyil, həm də gələcəyin formalaşdırılmasıdır

Mədəni maarif proqramları tarixi irsin qorunması, bədii-estetik zövqün formalaşdırılması və gənc nəsildə milli-mədəni dəyərlərə hörmətin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Bu proqramlar vasitəsilə musiqi, teatr, ədəbiyyat, folklor, təsviri sənət, milli geyim və mətbəx kimi sahələrdə maarifləndirici fəaliyyətlər aparılır.

Ümumiyyətlə, elmi-kütləvi və mədəni maarif proqramlarının effektivliyi müasir informasiya texnologiyalarından düzgün istifadə ilə sıx bağlıdır. Televiziya və radio ilə yanaşı, “YouTube” kanalları, podkastlar, sosial media layihələri və mobil tətbiqlər bu proqramların daha geniş auditoriyalara çıxmasını təmin edir.

Bəs bu gün yetərincə mədəni maarif proqramları hazırlanıb, təqdim olunurmu? Cavab isə təəssüf ki, həm “bəli”, həm də “xeyr” ilə ifadə oluna bilər. “Bəli” deyə biləcəyimiz məqamlardan biri bundan ibarətdir ki, son illərdə dövlət qurumları, xüsusən Mədəniyyət Nazirliyi, regional mədəniyyət idarələri və Heydər Əliyev Fondu tərəfindən bəzi maarifləndirici layihələr həyata keçirilir. Məsələn, “Azərbaycan Xalq Sənəti”, “Milli Musiqi Günü”, “Mədəni irsimiz” kimi layihələr çərçivəsində sənətkarlar, folklor nümunələri və tarixi abidələr təbliğ olunur.

İctimai Televiziya, Mədəniyyət kanalı və AzTV-də nadir hallarda da olsa, milli musiqi, ədəbiyyat, teatr və irsimizə dair maarif xarakterli verilişlər təqdim olunur. Bunlara misal olaraq,  “Mədəni irs”, “Səhnəarxası”, “Sözün sehri” kimi proqramları göstərə bilərik.

Bundan başqa, fərdi təşəbbüslərlə yaradılmış YouTube kanalları, podkastlar və İnstagram səhifələri var ki, mədəniyyətin müxtəlif sahələrini tanıtdırmaq məqsədi daşıyır. Məsələn, aşıq sənəti, milli musiqilər, xalq rəqsləri və sair.

“Xeyr” deyə biləcəyimiz məqamlar isə ondan ibarətdir ki, mövcud proqramlar çox zaman kampaniya xarakterlidir və davamlılıqdan uzaqdır. Yəni birdəfəlik layihə hazırlanır, təqdim olunur və sonra unudulur. Halbuki mədəni maarifləndirmə davamlı və mərhələli proses olmalıdır.

Həmçinin gənc nəsli cəlb etmək üçün müasir vizual üslub, dinamik mətnlər, interaktiv tətbiqlər lazımdır. Lakin hazırda təqdim olunan mədəni maarif proqramlarının əksəriyyəti köhnəlmiş forma və üslubda təqdim olunur, bu isə onların izləyici qazanmasını çətinləşdirir.

Bundan başqa, mədəni maarif proqramları daha çox paytaxt və böyük şəhərlərdə həyata keçirilir. Regionlarda isə belə təşəbbüslər ya çox azdır, ya da ümumiyyətlə, yoxdur. Halbuki maariflənmə prosesi kənd və rayonlarda daha çox ehtiyac duyulan sahədir.

Milli mətbəx, xalq oyunları, el şənlikləri, etnoqrafik geyimlər kimi sahələr ya ümumiyyətlə işıqlandırılmır, ya da çox səthi şəkildə təqdim olunur. Hazırda mədəni maarif proqramlarının hazırlanması sahəsində müəyyən cəhdlər olsa da, bu istiqamətdə vahid strateji konsepsiyanın və sistemli fəaliyyətin olmaması ciddi boşluq yaradır.

Mədəni maarif proqramları həm də təhsillə kifayət qədər vəhdət təşkil etmir. Məktəblərdə və ali təhsil müəssisələrində mədəniyyətlə bağlı tədbirlər, ekskursiyalar, müzakirələr sistemli şəkildə təşkil edilmir. Halbuki bu, uşaqlarda və gənclərdə milli kimlik və mədəni dəyərlərə bağlılıq formalaşdırmaq üçün vacibdir.

Məzmunda dayazlıq və təkrarlanma da müşahidə olunur. Yəni ənənəvi təqdimat formatları, məsələn, yalnız ensiklopedik məlumatların sadalanması gənc auditoriyanın diqqətini cəlb etmir. Mövzuların dərin təhlili, interaktiv və yaradıcı təqdimat üsulları əksər hallarda çatışmır. Həmçinin bəzi proqramlarda mövzuların təkrar-təkrar eyni prizmadan təqdim olunması da izləyici üçün cəlbediciliyi azaldır.

Bəs nə etməli?

Azərbaycanda televiziyalar üçün yeni tələb - Globalinfo.az

Mütəxəssislər bildirir ki, ilk növbədə milli mədəniyyət strategiyası çərçivəsində uzunmüddətli maarifləndirici proqramlar hazırlanmalıdır. Bu proqramlar regional, yaşa uyğun və tematik əsasda qurulmalı, bütün əhali qruplarını əhatə etməlidir.

Yeni media imkanları geniş şəkildə istifadə edilməlidir. YouTube, TikTok, podkastlar və rəqəmsal interaktiv tətbiqlər gənclərin diqqətini cəlb etmək üçün idealdır.

Mədəniyyətin təhsilə inteqrasiyası gücləndirilməlidir. Məktəblərdə müntəzəm olaraq mədəni tədbirlər, sənətkarlarla görüşlər, yerli muzey və abidələrə ekskursiyalar təşkil olunmalıdır.

Regionlarda maarifləndirici mədəniyyət mərkəzləri yaradılmalı və yerli resurslar aktivləşdirilməlidir. Hər bir rayonun öz folkloruna, musiqisinə və sənətkarlarına əsaslanan layihələr hazırlanmalıdır.

Gənclərin iştirakçılığı təmin olunmalıdır. Yaradıcılıq müsabiqələri, açıq çağırışlar, “rəqəmsal səfirlər”, blogerlərlə əməkdaşlıq və könüllülük proqramları vasitəsilə gənclərin həm istehlakçı, həm də istehsalçı kimi iştirakına şərait yaradılmalıdır.

Məlum məsələdir ki, mədəni maarif proqramları yalnız keçmişin tanıdılması deyil, həm də gələcəyin formalaşdırılmasıdır. Cəmiyyətin öz mədəni kökləri ilə bağını möhkəmləndirmək üçün maarifləndirici fəaliyyətlər genişlənməli, zamana uyğunlaşdırılmalı və cəmiyyətin hər bir təbəqəsinə çatdırılmalıdır. Əks halda, yaddaşını itirən bir cəmiyyət gələcəyini də itirə bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR